• Fermerlər üçün mühüm yenilik: Ölkədə hansı məhsuldan nə qədər əkildiyini bilmək mümkün olacaq..

    Fermerlər üçün mühüm yenilik: Ölkədə hansı məhsuldan nə qədər əkildiyini bilmək mümkün olacaq..

    Xəbər verdiyimiz kimi, Kənd Təsərrüfatı Nazirliyi (KTN) yanında Aqrar Tədqiqatlar Mərkəzində Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin təqdimatı keçirilib. Təqdimatda nazir müavini İlhamə Qədirova çıxış edərək bildirib ki, sistem bütün kənd təsərrüfatı proseslərini özündə ehtiva edir: “Bu, fermerlərə çıxışı, səmərəliliyi və şəffaflığı təmin edəcək”.


    Nazir müavininin sözlərinə görə, Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi aqrar sektorun digər dövlət qurumları ilə əlaqəli şəkildə inkişafına kömək edəcək.

    KTN-in İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov isə bildirib ki, fermerlər yeni sistemdə qeydiyyatdan keçərək şəxsi kabinetlərini yarada biləcəklər: “Fermer torpaq sahəsini, əkəcəyi məhsulu, gözlədiyi məhsuldarlıq göstəricisini qeyd edəcək. Ölkə üzrə 400 min fermer məlumatlarını daxil etdikdən sonra biz biləcəyik ki, Azərbaycanda nə əkilir".
    Fermerlər üçün mühüm yenilik: Ölkədə hansı məhsuldan nə qədər əkildiyini bilmək mümkün olacaq..

    Vüqar Hüseynov

    Bundan başqa, V.Hüseynovun sözlərinə görə, Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi fermerlərə nə əkməkdə qərar verməyə də kömək edəcək: “Sistemin gələcək inkişaf üçün planlama işlərinin əsasını təşkil edəcək analitik hesabatların hazırlanması və modellərin qurulması, müasir dövrün əsas tələbi olan “Big Data”nın yaradılması imkanları var. Bu sistem vasitəsilə vətəndaşlar subsidiya üçün də müraciət edə bilərlər”.

    Məlum olduğu kimi, Azərbaycanda aqrar sektorun əsas problemlərindən biri də istehsalın tənzimlənməməsi və zaman-zaman müəyyən məhsulların həddindən çox əkilməsi, bəzən də daha az əkilərək qıtlığa səbəbə olması idi. Bu sayt isə daxili tələbat və ixrac qabiliyyətinə uyğun şəkildə fermerlərin əkin və istehsalı həyata keçirməsinə şərait yarada bilər.
    Fermerlər üçün mühüm yenilik: Ölkədə hansı məhsuldan nə qədər əkildiyini bilmək mümkün olacaq..
    Məsələyə münasibət bildirən iqtisadçı ekspert Natiq Cəfərli “Yeni Müsavat”a açıqlamasında qeyd etdi ki, yeni platformanın yaradılması özlüyündə pozitiv addımdır: “Çünki bu sahədə kifayət qədər problemlər var idi. Əgər doğrudan da işlək vəziyyətdə olacaqsa, istənilən fermer, ölkənin istənilən yerində prosesləri izləmək və bazara hansı məhsulun gələcəkdə daha çox çıxacağını bilmək imkanına malik olacaqsa, bu çox vacib və perspektivli bir addımdır. Yuxarıdan verilən tapşırıqla əkin-biçin məsələsi artıq geridə qalmalıdır. Məmurların və yerli icra hakimiyyəti orqanlarının müdaxiləsinə yol verilməməlidir. Bazar iqtisadiyyatı qaydaları, tələb və təklif qaydaları və fermerlərin özlərinin qərarvermə mexanizmləri üçün kifayət qədər pozitiv bir dəstəkdir. Burada hansı məhsul növündən nə qədər əkildiyini görməklə yanaşı, gələcəkdə bu platforma çərçivəsində institutsional yardımla bağlı bir bölmə də açılmalıdır. Burada fermerlərə müxtəlif treninqlərin keçirilməsi, müxtəlif bitkilərin ötürülməsi, yaxşı toxumların və məhsuldarlığın artırılması üçün hansı işlərin görülməsi- bütün bunlar üçün Kənd Təsərrüfatı Nazirliyi institutsional dəstək göstərməlidir”.

    İqtisadçı onu da diqqətə çatdırdı ki, bu platformanın bir qolu da institutsional dəstəyə xidmət etsə, daha çox effekt verər, fermerlərin işinə yarayar: “ Bu sistemin tənzimlənməsinə diqqət etmək lazımdır. Məsələn, fermerlər sistemə girib görsələr ki, filan məhsuldan az əkilib, hamısı həmin məhsulu əkməyə başlasa, sonradan birdən-birə əks effekt yaradıb qiymətlərin aşağı düşməsinə də səbəb ola bilər. Burada bazarın tələbləri ilə, ixracatın potensialı ilə əkin sahələrinin potensialı arasında ortaq məxrəc tapılmalıdır. Torpağın xüsusiyyətlərinin öyrənilməsi , hansı torpaqda hansı məhsulun daha çox bəhrə verməsi də elektronlaşdırılsa, insanlara institutsional dəstək göstərilsə daha böyük effektə nail olmaq mümkün olar.

    Bəzən müəyyən məhsuldan o qədər çox əkilir ki, bazarda real qiymətindən dəfələrlə aşağı düşür. Növbəti il fermerlər həmin məhsulu əkməkdən imtina edir və qıtlıq yaranır, məhsul yenidən bahalaşır.

    N.Cəfərli hesab edir ki, bu problem təkcə Azərbaycanla bağlı deyil: “Bəzi ölkələrdə belə problemlər yaşanır. Bu həm ixracatın istiqaməti ilə bağlıdır. Azərbaycandan xaricə ən çox satılan kənd təsərrüfatı məhsulu pomidordur. Fermerlərin bu məhsula daha marağını görürük. Sonradan məlum oldu ki, Rusiya tərəfindən Türkiyə ilə sərhədlərin açılması Rusiya bazarına Türkiyə pomidorlarının daha çox daxil olmasına və qiymətlərin düşməsinə səbəb oldu. Bir müddət sonra Rusiyaya ixracı nəzərdə tutulan pomidorlar daxili bazara yönəldi. Bu bir araşdırma mövzusudur və bizim ən zəif cəhətimiz də odur ki, ixracat istiqamətimiz çoxşaxəli deyil, əsasən Rusiya bazarına köklənib və o bazardakı istənilən müsbət və ya mənfi dəyişikliklər həm qiymətlərə, həm də satılan məhsulun həcminə təsir göstərir. Bu da fermerlərin ziyan etməsinə səbəb olur. Ona görə də, kompleks araşdırmalar lazımdır, daxili tələbatın araşdırılması da çox vacib məsələdir. Daxildə müxtəlif məhsullara tələbatı nə qədərdir, maksimal ixracat potensialımız nə qədərdir, çoxşaxəli modelə keçmək üçün hansı addımlar atılmalıdır. Təkcə Rusiya bazarından asılı olmaq etibarlı və effektiv deyil.


    Fraksiya.Az


    Facebook-da paylaş