• “Hər dəfə işgəncə verməyə gələndə deyirdim ki, “məni öldürün"” -27 gün erməni əsirliyində qalan Valeh Hüseynov..

    “Hər dəfə işgəncə verməyə gələndə deyirdim ki, “məni öldürün"” -27 gün erməni əsirliyində qalan Valeh Hüseynov..

    Xocalı sakini o dəhşətli günlərdən danışır
    27 gün əsirlikdə qalan Xocalı şəhər sakini Valeh Hüseynov musiqiçi olduğu üçün ermənilər onun barmaqlarını yandırıb. “Yeni Müsavat”ın Facebook səhifəsi üzərindən həyata keçirilən canlı yayın verilişinə qonaq olan V.Hüseynov öz hekayəsini danışıb.

    Musavat.com xəbər verir ki, V.Hüseynov həyat yoldaşının meyitini atmadığına görə əsir düşüb. Onun danışdığına görə, hər şey Tərtər çayı ilə Qarqar çayının qovuşmasında insanları ordan keçirməyə çalışdıqları zaman baş verib: “O dövrdə də elə qar yağmışdı ki, sanki Allaha qurban olum, faciəyə görə qar yağmışdı. Biz camaatı o çaydan keçirdik. Kətik meşəsinə üz tutduq. Bir xeyli soyuqdan donan, güllə dəyib şəhid olanlar, ürəyi partlayanlar, davam gətirə bilməyən qocalar oldu. Şəhərin özündə çoxlu sayda insan şəhid oldu. Hamıya da gücümüz çatdığı qədər kömək edirdik. Kətik meşəsinə tərəf keçəndə Səlim adlı oğlanla bir tərəfə çıxdıq ki, oranı kəsək, camaat qırılmasın. Meşədən birbaşa insanların komasına güllə atırdılar. Bir güllə iki-üç nəfəri birdən öldürürdü. Qaraqayadan 2-3 kilometr o tərəfə camaatı yola saldıq. Gəldim ki, yoldaşım camaatın içində yoxdur. Soruşdum, dedilər ki, qaldı orda, gələ bilmədi. Həmin vaxt atamla anam da orda olub. Onlara deyiblər ki, Valehgil keçdi, gördük. Onlar da bizi Ağdamda axtarıblar.

    Gəldim orda tapdım. Qaraqayadan o tərəfə yarğan vardı, 12-13 nəfəri orda gördük. Bunları çox çətinliklə gətirdik. Hətta yerlər var idi ki, 200-300 metr sürünməliydik. Qaraqayaya 1 kilometr qalmış bizi təmiz mühasirəyə aldılar. Yoldaşım Səadətin səsini eşitdim. Ona tərəf sürünə-sürünə keçdim. Ona güllə dəyimişdi, gözümün içinə baxa-baxa dünyasını dəyişdi, şəhid oldu. Çox adam təkid etdi ki, dur gedək, insanlar özünü çıxara bilmir. Burda qalsan, səni ya öldürəcəklər, ya da əsir götürəcəklər. Mən dedim getməyəcəm, yoldaşımın meyidini orda qoymayacam. Orda nə qədər qaldım, bilmirəm. Amma birdən erməni səsi eşitdim. Çığıra-çığıra, söyə-söyə erməninin üstünə getdim. Əsir götürüb Ağdərəyə apardılar. Səadətin meyidi orda qaldı. Sonradan bizimkilər onu aparıb dəfn etmişdilər”.

    “Barmaqlarımın üstünə çıxıb tapdaladılar, sonra da yandırdılar ki əlim bir də işləməsin, gitara tuta bilməyim”

    27 gün əsirlikdə qalan V. Hüseynov musiqiçi olduğu üçün ermənilər onun barmaqlarını yandırıb. Səbəb kimi isə onun indiyədək dəfələrlə Qarabağ haqqında mahnılar, xüsusilə də Qarabağ şikəstəsini ifa etməsi olub: “Onlar hamı ilə maraqlanırdılar, hətta şəkillər gətirilirdi onlara. Mənim isə pulemyotçu olduğumu dedilər, mən isə siravi bir gitara ifaçısı olduğumu deyəndə daha da qəzəbləndilər. Barmaqlarımın üstünə çıxıb tapdaladılar, sonra da yandırdılar ki əlim bir də işləməsin, gitara tuta bilməyim”.

    Faciə baş verəndə Valeh Hüseynov 4 ay imiş ki evli imiş və həyat yoldaşı ilə bir qrup sakini dağ yolları ilə Ağdama aparmaq istəyirmiş: ““Əsirlikdə olan zaman bir gecə mənə dedilər ki, sabah sənin ətini, qulağını kəsib, özünə yedirdəcəyik, gözlərini çıxardacağıq. Səhərə qədər necə qorxdumsa saçım ağardı, hətta güzgü gətirib verdilər ki bax gör nə gündəsən. Buna qədər isə kəlbətinlə dişlərimi qırmışdılar”.

    Müsahibimiz daha sonra işgəncə detallarını da danışıb. Davamlı döyülməsi, işgəncələrə məruz qalması dəhşətin bütün detallarını açıqlayır: “Qışın şaxtası, yuxarıda pəncərə açıq. Paltarımızı əlimizdən almışdılar. Bunlar o qədər ac, şərəfsiz insanlardır. Oradakı insanların hansının əynində bahalı ayaqqabı, palto var idisə, əllərindən alırdılar. Mənim içi xəz bir gödəkçəm vardı. İçini özüm geyinmişdim, çölünü bir əsgər dostuma vermişdim. İkimizdən də aldılar, birləşdirib gödəkçə edib getdilər. Əynimdə bir mayka, bir idman şalvarı. Otaq əsirlə dolu. Bizi necə döyürdülərsə, bədənimizdən tər gedirdi. Üşümürdük. Tər quruyandan sonra adamı üşütmə tuturdu. Məni martın 6-da gətirdilər ştaba. Çox pis döydülər. Bunlar postdan qaçanda mənim olduğum yerə girdilər. Avtomat ata bilmirdilər. Deyirdilər ki, güllə atmayın, səs eşidilər. Avtomatın ucu ilə məni vəhşicəsinə döyürdülər. 6 gün orda meyit vəziyyətində qaldım. Sonra ordan gətirdilər. Dağ kimi yer var idi. Altından da su gedirdi. Məni götürüb tulladılar, suya düşdüm. O sudan 5-6 sata ərzində çıxa bildim. İnsan bilirsiz necə titrəyir? Həmin vaxt 4-5 nəfər onun titrətməsini saxlaya bilməz. Əl-ayaq, çənə elə sürətlə titrəyir ki... Gücüm çatmırdı titrətməni kəsməyə. Titrətmə yaraları ağrıdırdı. Səhər gəlib gördülər ki, mən tərpənirəm, ölməmişəm, götürdülər məni”.

    İşgəncələr bundan sonra daha intensiv şəkildə davam edib. Müsahibimiz danışır ki, həmin vaxt hər gün ermənilər ona işgəncə verməyə gələndə “məni güllələyin” deyə xahiş edirmiş: “Barmaqlarımı yandırıb, qırmışdılar. İşgəncəni hər gün yaralar olan yerə edirdilər ki, yara yenidən açılsın. Onun ağrısı ən pis ağrıdır. Amma həmin günlərdə mən bir möcüzə ilə həyatda qaldım. Bir də gördüm ki, tıqqıltı gəlir. Bədənim əsdi, elə bildim yenə işgəncə verməyə gəlirlər. Betonun üstündə uzanmışdım. Gözümü aça bilmədim. Məni qollarımdan və dizlərimdən tutdular. Sıxdılar, amma ağrıtmadı. İki-üç dəqiqə qaldı. Gözümü yumdum, əsməm yox idi. Tıq-tıq səsi eşitdim, gözümə Allahın göndərdiyini gördüm. Sonrakı günü ermənilər məni ordan çıxardılar. Dedilər ki, sən hər gün ölmək istəyirsən, bu gün öldürəcəyik. Dirədilər məni divara, avtomatla vurmaq istədilər. Aralıdan atmaq istəyəndə dilim açıldı. Dedim, “bu gün ayın neçəsidir?” Dedilər, martın 21-dir. Dedim, “ayın 22-də axşam saat 6-da doğum günümdür”. Soruşdular ki, nədi, axşama qədər yaşamaq istəyirsən? Onda səni o vaxta qədər işgəncə ilə öldürəcəyik. Axşama qədər gözlədim ki, gəlib məni öldürəcəklər. Sonra gəldilər və məni erməni əsiri ilə dəyişdirməyə apardılar. Əllərində mənim şəklimə baxdılar. Soruşdular ki, gitaraçalan Valehsən? Maşını açıb apardılar”.

    Valeh Hüseynov indi şəkər xəstəliyindən əziyyət çəkir və bu həmin qorxudan sonra yaranıb. İkinci evlilikdən sonra 3 uşaq atasıdır. Hazırda Goranboyda məcburi köçkün şəhərciyində yaşayır.

    Fraksiya.Az


    Facebook-da paylaş