• NATO-dan Ermənistana xəbərdarlıq, Bakıya “pas”... - Qarabağ və Azərbaycan Alyansın gündəmində


    Azərbaycan Türkiyə və Pakistanla birgə hərbi təlimlər keçirəcək. Bu barədə müdafiə naziri, general-polkovnik Zakir Həsənov AzTV-yə müsahibəsində bildirib. Nazir Türkiyə ordusu haqda da danışıb. Qardaş ölkənin NATO-da ən güclü ordulardan birinə sahib olduğunu xatırladan Zakir Həsənov silahlı qüvvələrimizin döyüş hazırlığının artırılmasında daim Türkiyənin potensialından istifadə olunduğunu vurğulayıb.

    Müdafiə nazirinin müsahibəsində belə bir cümlə xüsusi diqqət çəkir. Sitat: “Biz indiki vaxtda müharibə şəraitində olan dövlətlərin təcrübəsindən istifadə edirik. Döyüş hazırlığında Türkiyənin təcrübəsindən istifadə edirik. Çünki qardaş ölkənin bu sahədə böyük təcrübəsi var”.

    Bu, doğrudan da belədir. Türkiyə ordusu NATO-da ikinci olmaqla yanaşı, döyüşən ordudur. Bu ordu ən azından PKK, İŞİD terrorçularına qarşı mübarizədə nəhəng təcrübəyə malikdir. Qarşılıqlı anlaşmaya uyğun olaraq, qardaş ölkə hərbi təlimatçılarının silahlı qüvvələrimizin döyüş hazırlığının artırılması üçün öz bacarıqlarını əsirgəmədikləri də sirr deyil. Bir sözlə, Azərbaycan ordusu artıq əvvəlki ordu deyil.

    Bunlar öz yerində. İstər NATO üzvü Türkiyə ilə, istərsə də yeganə müsəlman nüvə dövləti kimi Pakistanla ilbəil dərinləşən ikitərəfli hərbi və hərbi-texniki əlaqələr, o sırada qarşıda gözlənilən birgə hərbi təlimlər heç şübhəsiz, ilk növbədə işğalçı Ermənistana aydın bir ismarışdır ki, müharibə variantında onun heç bir şansı yoxdur. Yəni İrəvan nə qədər tez sərt gerçəyi qəbul edib Dağlıq Qarabağ məsələsində beynəlxalq hüququn ruhuna uyğun, konstruktiv mövqe tutsa, bir o qədər onun özü üçün, blokada vəziyyətində yaşayan və heç bir inkişaf perspektivi olmayan erməni xalqı üçün yaxşı olar...

    *****

    NATO-dan söz düşmüşkən, Alyansın 70 illiyi ilə bağlı Vaşinqtonda keçirilən yubiley törənində (3-4 aprel) çıxışı zamanı Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Qarabağdan da danışıb. O, həll uzanan münaqişəni NATO üçün birbaşa təhlükələrdən biri adlandırıb. “Biz sülh və əmin-amanlıq şəraitində yaşamırıq. Çünki 4 bir tərəfdən müharibələrlə əhatə olunmuşuq və NATO-nun ön cəbhəsində qərar tutmuşuq. Türkiyənin nöqteyi-nəzərincə, biz regionumuzda qanunsuz miqrasiya, terror, Qarabağ problemi, Gürcüstan, Krım, Kiprdən dolayı çoxsaylı təhlükələrlə üz-üzəyik”, - deyə nazir qeyd edib.

    Aydın məsələdir ki, Qarabağ ixtilafının indiyədək yoluna qoyulmamasının, bölgəyə çoxdan gözlənilən böyük sülhün gəlməməsinin tək səbəbi Ermənistanın Azərbaycana qarşı davam edən işğalçılıq siyasətidir. Halbuki NATO-nun özünün də ali sammitlərində (son olaraq, ötən ilin noyabrında Brüsseldə reallaşıb və Azərbaycan prezidenti də həmin sammitə qatılıb) ərazi bütövlüyümüz birmənalı dəstəklənir. Amma indi cənab Çavuşoğlu tərəfindən Qarabağ məsələsi, faktiki, yeni bir platformaya - NATO müstəvisinə çıxarılır və Alyansın tribunasından NATO-ya birbaşa təhlükə elan edilir.

    Demək, bundan İrəvana məxsusi mesaj payı düşür. O anlamda ki, Ermənistan Qarabağ ixtilafının həllinə maneə yaratmaqla, Rusiyanın bölgədə möhkəmlənməsinə böyük töhfə verməklə, Alyansın maraqlarına daban-dabana ziddi siyasət yürüdür. Azərbaycan isə əksinə, NATO-nun baş katibi Yens Stoltenberqin Vaşinqtondakı çıxışından göründüyü kimi, həmin maraqlara cavab verən mövqe sərgiləyir, siyasət aparır.

    Xəbər verildiyi kimi, baş katib yaxınlarda istifadəyə verilən Bakı-Tiflis-Qars dəmiryolunun NATO-nun “Qətiyyətli dəstək” missiyası üçün mühüm önəm daşıdığını deyib və Azərbaycanı alyansın yaxın tərəfdaşı adlandırıb. NATO-nun rəhbərliyi altında beynəlxalq sülh və təhlükəsizliyin bərpa edilməsinə ölkəmizin mühüm töhfə verməkdə davam etdiyini söyləyib.

    *****

    Bir çox siyasi şərhçilərə görə, Stoltenberqin NATO sammitində Azərbaycanla bağlı çıxışına olduqca ciddi yanaşmaq lazımdır. Onların qənaətincə, baş katibinin öz çıxışında Azərbaycan üzərində xüsusilə dayanması, Azərbaycan-NATO münasibətlərindən danışması, Azərbaycanın NATO üçün önəmli tərəfdaş olduğunu bildirməsi Azərbaycanın Avropa və ABŞ üçün önəmini göstərən faktorlardır.

    Ermənistan isə regionda Rusiyanın hərbi qalası və vassalı qalmaqda davam edir. Ermənistanda hətta “məxməri inqilab” baş versə də “qərbyönlü” Nikol Paşinyan bu acı gerçəyi dəyişmək üçün özündə iradə tapa bilmədi. Yenə əksinə, vassal Ermənistan Moskvanın təkidi ilə az öncə Gürcüstandakı NATO təlimlərində iştirakdan imtina elədi, Rusiyanın nəzarətində Suriyaya humanitar-hərbi missiya göndərdi - nəyə görə ki, ABŞ Dövlət Departamentindən sərt etiraz bəyanatı aldı.

    Son gəlişmələr Azərbaycanın Alyans üçün artan önəmini göstərməklə yanaşı, Dağlıq Qarabağ konfliktinin həll baxımından Bakıya unikal bir “pas”lar verir. Danışıqlar masası arxasında onun əlini gücləndirir. Söhbət həm də Bakının uğurlu hərbi əməliyyatları üçün əlverişli beynəlxalq şəraitin yetişməsinə nail olmaqdan, o sırada Qərbin razılığını almaqdan gedir. Odur ki, son gəlişmələr Rusiyanın bölgədəki marioneti rolunu həvəslə davam etdirən Ermənistana NATO-nun incə ismarışı da hesab oluna bilər...

    Rubrika.Az


    Facebook-da paylaş