• Avropa Bakısı ilə ruslaşan İrəvan üz-üzə... - GƏLİŞMƏ

    Avropa Bakısı ilə ruslaşan İrəvan üz-üzə... - GƏLİŞMƏ

    Ötən həftə Brüsseldə Azərbaycan-Avropa Birliyi (AB) Əməkdaşlıq Şurasının növbəti, çox mühüm iclası keçirildi. İclasdan sonrakı mətbuat konfransında AB-nin xarici siyasət məsələləri üzrə ali komissarı Federiko Moqerini ənənəvi siyasi ampluadan çıxaraq, müsəlman ölkəsi olan Azərbaycana maraqlı bir jest elədi. O, “inşallah” sözünü işlədərək bəyan etdi ki, tərəflər tezliklə yeni saziş imzalayacaq. “İnşallah”, yəni “Allahın köməkliyi ilə”, “Allah qoysa”.

    Bununla Moqerini əslinə qalsa, həm də tarixi bir sənədin imzalanması yönündə müzakirələrin uğurla davam etdiyi və yekunlaşmaq üzrə olduğuna dair müjdə vermiş oldu. Təkcə Bakıya deyil, həm də elə İrəvana, Moskvaya...

    Gerçəkdən də belədir. Məsələ ondadır ki, Azərbaycan üçün mühüm önəm daşıyan sənəd layihəsi isə 3 blok məsələləri əhatə edir: 1. Siyasət və təhlükəsizlik; 2. Ticarət və sərmayə; 3. İqtisadi, sosial, humanitar sferalar və digər istiqamətlər.

    Fraksiya.az “Yeni Müsavat”a istinadla bildirir ki, birinci blok mövzular özündə Dağlıq Qarabağ konfliktinin həllinə AB-nin yanaşmasını da ehtiva edir. Heç şübhə yox ki, Bakının təkidi ilə AB-Azərbaycan sənədində təşkilatın Qarabağla bağlı prinsipial mövqeyi əksini tapacaq. Yəni münaqişənin ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədləri, ərazi bütövlüyü və suverenliyi çərçivəsində həlli prinsipi sazişdə yer alacaq. Bununla da işğalçı Ermənistana növbəti dəfə aydın bir mesaj veriləcək.

    Başqa bir önəmli cəhət odur ki, sənəd Azərbaycanın Avropa üçün geosiyasi, energetik önəmini artırmaqla ölkəmizin qurumla əməkdaşlığını yeni keyfiyyət mərhələsinə qaldıracaq - nəyə ki, Ermənistan “məxməri inqilab”dan sonra belə, nail ola bilmir. Hərçənd ötən il AB Ermənistanla bənzər anlaşma imzalayıb. Ancaq həmin sənəddə siyasət və təhlükəsizliklə bağlı İrəvanın milli maraqlarına cavab verən bənd yoxdur. Çünki işğalçı ölkə Azərbaycandan fərqli olaraq, Rusiyanın siyasi-hərbi orbitində qalmaqda davam edir.

    *****

    Yeri gəlmişkən, Ermənistanla imzalanan sənədin AB-yə üzv ölkələr tərəfindən ratifikasiyası ləngiyir. Hətta proses artıq dayanıb. Özü də N.Paşinyanın hakimiyyətdə olduğu dönəmdə. İstisna deyil ki, bu, Ermənistandakı məlum hakimiyyət dəyişikliyindən sonra Paşinyana AB-nin, Qərbin ümidlərinin sarsılması ilə bağlıdır.

    Diqqətçəkicidir ki, özünü Qərbin adamı, sevimlisi kimi Avropaya, ABŞ-a sırımağa çalışan Nikol bir neçə dəfə Avropa paytaxtlarına, Brüsselə səfər eləsə də, istədiyi nəticəni əldə eləməyib, Qərbin böyük maddi yardımını ala bilməyib, kəsəsi, “əli ətəyindən uzun” geri qayıdıb. Ona yalnız quru siyasi dəstək vəd edilib - o da tezliklə köklü islahatlar həyata keçirəcəyi, habelə Dağlıq Qarabağ məsələsinin həlli və qonşularla əlaqələrin normallaşması, yekun etibarilə Rusiya asılılığından qopması yönündə ciddi addımlar atacağı təqdirdə.

    Paşinyan hələ ki öz istəyinə nail ola bilmir, çünki o da Serj Sərkisyan kimi “iki stul”da oturmaq siyasəti aparır, yəni eyni zamanda həm Qərbin, NATO-nun, həm də Rusiyanın dostu olmağa can atır. Bu isə qeyri-mümkündür. Xüsusən də Qərb (ABŞ)-Rusiya münasibətlərinin kəskin olduğu dönəmdə.

    Balanslı xarici siyasət kursu aparan Azərbaycan isə təbii ki, Qərblə - ABŞ və AB ilə daha geniş və çevik manevr imkanlarına malikdir. O üzdən şübhə yox ki, Brüssellə imzalanacaq sənəd Ermənistanla imzalanmış sənəddən qat-qat üstün sanbalı ilə fərqlənəcək...

    *****

    Kremlin cızdığı çevrədən çıxa bilməyən erməni baş nazirin xarici siyasətdəki fiaskosu öz yerində. Hər halda, xarici siyasət daxili siyasətin davamı sayılır. Söz düşmüşkən, Nikol Paşinyan daxili siyasətdə də hələ ki önəmli uğura imza ata bilməyib. O sırada baş nazir vəd elədiyi kimi, ölkədə yeni iş yerləri açmaq əvəzinə, olan-qalan iş yerlərini də qapatmaqla özünə qarşı narazılığı artırmaqdadır. Populist addımlar və vədlər zamanı isə artıq keçib.

    Məsələn, dünən Ermənistanda “Spayka” kompaniyasının direktoru David Kazaryan həbsi ilə bağlı şirkətin öz işini itirmək təhlükəsi ilə üzləşən işçiləri etiraza qalxıblar. Musavat.com-un erməni mediasına istinadən verdiyi xəbərə görə, aksiyada kompaniyanın 500 işçisi iştirak edib. Aksiya iştirakçıları bildiriblər ki, baş nazir onların yanına gəlməsə, ərazini tərk etməyəcəklər. Hökumət binası qarşısına toplaşanlar “Paşinyanı tələb edirik!” şüarlarını səsləndirirlər.

    Belə sosial etirazlar qonşu ölkədə artıq adi hal almaqdadır. Ermənistanda günü-gündən güclənən etirazlar isə hətta Paşinyan tərəfdarı olan medianın da narahatlığına və tənqidlərinə səbəb olub.

    *****

    “Baş nazir bu günlərdə Gümrüdə oldu. Küçələrdən keçərək, yerli sakinlərlə görüşdü. Yaxşı haldır. Ancaq belə təmasları yalnız reytinq məsələsi ilə əlaqələndirmək doğru olmazdı. Əslində isə problemlər göründüyündən daha dərindir. İş ondadır ki, məxməri inqilabdan bir ilə yaxın vaxt ötüb. Ancaq bütün sferalarda əvvəlki vəziyyət qalır - pis gündə olan küçələr, ödənilməyən müavinətlər, gübrə çatışmazlığı və s. və i.a.”

    “Yeni Müsavat”ın məlumatlına görə, bu sözlər 1 in.am erməni saytının dünənki baş məqaləsindəndir. Məqalə müəllifinə görə, mövcud problemlər sistemli yanaşma tələb edir ki, bu da hələ ki Paşinyan və komandasında yoxdur: “Çünki bütün həlledici, mühüm dövlət postlarını inqilabçı kadrlar tutub - hansılar ki, ötən 1 ildə özlərinin yararsızlıqlarını sübut etməyə macal tapıblar. Belə vəziyyətdə hökumət struktur dəyişikliklərinə hazırlaşır, hansı dəyişikliklər ki, dövlət idarəetmə sistemin daha böyük kataklizmlərə məruz qoyacaq. Odur ki, Paşinyan seçim qarşısındadır. Əslində bu, böyük hesabla onun getdikcə daha da dərinləşəcək faciəsidir...”

    Bu faciəni durdurmağın tək yolu isə onu yaradan səbəbi aradan qaldırmaqdır. İki əsas qonşu - Azərbaycan və Türkiyə ilə əlaqələri təcil şəkildə normallaşdırmağı nəzərdə tuturuq - nədə ki, çoxdandır ABŞ da, AB də israr edir...

    Fraksiya.az


    Facebook-da paylaş