Əsas Səhifə > Hadisə > "Buta Airways"də yemək ödənişli olacaq

"Buta Airways"də yemək ödənişli olacaq


23-01-2017, 17:10
"Buta Airways"də yemək ödənişli olacaq

Bu gün dünyanın hər bir yerində olduğu kimi, Azərbaycanda da sərnişinlərin tələbləri artıb. AZAL bu istiqamətdə həm komfortlu uçuşlar, həm də ucuz hava yollarının təşkili ilə bağlı mühüm addımlar atılmasına üstünlük verir".

Rubrika.az APA TV-yə istinadən bildirir ki, bunu müsahibəsində Dövlət Mülki Aviasiya Administrasiyasının direktoru Arif Məmmədov deyib.

Onun sözlərinə görə, tezliklə Azərbaycanda milli büdcə aviadaşıyıcısı "Buta Airways" yaradılacaq: "Bu, artıq 2017-ci ilin qış mövsümündən işə başlayacaq. Hər iki çeşiddə qiymətlərlə sərnişinlərə uçuşlar təklif olunacaq".

Yeni büdcə aviaşirkəti "Azərbaycan Hava Yolları" QSC-nin tərkibinə daxil olacaq və AZAL-ın 100 faizlik törəmə şirkəti olacaq. "Buta Airways" Heydər Əliyev Beynəlxalq Hava Limanında yerləşəcək.

Bir müddət əvvəl “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin uçuşlarında yemək üçün əlavə pul ödənilməsi ilə bağlı yaranan narazılıq da artıq aradan qaldırılıb: "AZAL yeməyin çıxarılmasını ləğv edib, yenidən hamısını bərpa etdi. Amma "Buta Airways"də yemək ödənişli olacaq. Yəni sərnişin ancaq uçmaq istəyirsə, qısa məsafəyə uçursa, baqajı yoxdursa, tələbədirsə, ancaq biletin qiymətini ödəyəcək. Amma sərnişinin özü ilə baqajı da varsa, yemək də istəyirsə və uzaq məsafəyə uçursa, onların hamısını ödənişlə ala bilər".

"AZAL qış mövsümü üçün ənənəvi aksiyalara başlayıb" deyən Arif Məmmədov bildirb ki, bu əsasən Avropa ölkələrinə uçuşlarda tətbiq olunur: "Yanvar-mart aylarına ucuz qiymətlər təklif edilir. Rəqabət olması bu məsələyə daha çox kömək edir".

Xocalı hava limanı ilə bağlı Beynəlxalq Mülki Aviasiya Təşkilatına müraciət edilməsinə yenidən diqqət çəkən Arif Məmmədov əlavə edib ki, Azərbaycanın öz hava məkanını beynəlxalq hüquq çərçivəsində, xüsusən Çikaqo Konvensiyasının müvafiq müddəalarına uyğun olaraq qorumaq hüququna malik olduğunu diqqətə çatdırıb: "Bəyanatlardan sonra Azərbaycanın hava məkanından istifadə qaydaları da qəbul olundu. Düşünürəm ki, bununla da bu məsələyə xitam verildi".

Rubrika.az
Geri qayıt