Əsas Səhifə > Cəmiyyət > “Sovetski”dəki yanğınla bağlı - RƏSMI MƏLUMAT
“Sovetski”dəki yanğınla bağlı - RƏSMI MƏLUMAT28-01-2017, 09:42 |
![]() Fövqəladə Hallar Nazirliyi (FHN) Bakının Yasamal rayonunda "Sovetski" adlanan ərazisində binada baş vermiş yanğınla bağlı məlumat yayıb. FHN-in mətbuat xidməti xəbər verir ki, Bakının Yasamal rayonunda vətəndaşlara məxsus üçmərtəbəli taxta konstruksiyalardan ibarət yaşayış binasının 4 mənzili 118 m² sahədə yanıb. Yanğın zamanı 1969-cu il təvəllüdlü Liliya Mixaylovna Xazibovanın yanmış meyiti aşkar olunub və 3-cü mərtəbənin eyvanından 2 nəfər yanğınsöndürənlər tərəfindən xilas edilərək təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillər yanğından mühafizə olunub. Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasedicilər hadisə yerinə cəlb olunaraq L.M.Xazibovanın meyitini çıxararaq aidiyyəti üzrə təhvil verib. * * *21:21 (27.01.2017) "Yanğın haqda məlumat bu gün saat 17.01 radələrində Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinə (DYMX) daxil olub. Dərhal ərazi üzrə hadisə yerinə Yasamal Dövlət Yanğından Mühafizə hissəsinin yanğın bölmələri cəlb olunub". Bunu FHN DYMX-nin Yanğınsöndürmə qərargahının rəisi Əkbər Novruzov deyib. O bildirib ki, yanğınsöndürənlər hadisə yerinə 17.10-da çatıb: "Yanğının mürəkkəbliyi nəzərə alınaraq 2 saylı çağırış elan olunub. Dərhal Bakı qarnizonunun qüvvə və vasitələri hadisə yerinə cəlb edilib. Yanğının söndürülməsinə 13 yanğın avtomobili, 90 nəfərə yaxın şəxsi heyət cəlb olunub. Yanğın ümumi həyət tipli bir tərəfi 2 mərtəbəli, digər tərəfi 3 mərtəbəli taxta konstruksiyalardan ibarət olan mənzillərdə baş verib. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 4 nəfər sakin xilas olunub, uçqun altında qalan 1 nəfər qadın meyiti aşkarlanıb". Ə.Novruzov qeyd edib ki, xilas olunanlardan 2-si qadın, 2-si isə kişidir: "Xilas olunanlardan 2 nəfəri ağır yataq xəstələridir. Bir nəfər qadın əl nahiyəsindən aldığı yanıq xəsarətlərindən Respublika Yanıq Mərkəzinə aparılıb, ona ilkin yardım göstərilib. Yanğının baş verməsi ilə bağlı aidiyyəti qurumlar tərəfindən təhqiqat aparılır. Təhqiqat işlərinin nəticəsindən asılı olaraq yanğının başvermə səbəbləri müəyyən olunacaq. Pilləkən qəfəsləri taxta konstruksiyadan olduğundan yanğının ilk olaraq qısa müddətdə mənzillərə yayılma təhlükəsi sürətli olub, nəticədə insanlar alovun mühasirəsində qalıblar. Yanğınsöndürənlərin səyi nəticəsində insanlar xilas olunub. Yanğının söndürülməsi 35-40 dəqiqə çəkib. Hazırda konstruksiyaların sökülmə işləri davam edir". (APA) ◀▶ * * *19:43 Bakının "Sovetski" kimi tanınan ərazisində üçmərtəbəli yaşayış binasında baş vermiş yanğın nəticəsində üç mənzil tamamilə yanıb. Yanğınsöndürənlər alovun digər mənzillərə keçməsinin qarşısı alınıb. Hadisə nəticəsində 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb. (“Report”) * * *19:02 Bakının "Sovetski" adlanan ərazisində baş vermiş yanğın söndürülüb. “Trend”in məlumatına görə, ətraf yollar bağlanıb. Yanğın Yasamal rayonu, Həzi Aslanov küçəsi 1/17 ünvanında yerləşən 5 ailənin yaşadığı üçmərtəbəli yaşayış binasında baş verib. Nəticədə, 1969-cu il təvəllüdlü Liya Mixailovna Xazitova mənzilində yanaraq dünyasını dəyişib. 1935-ci il təvəllüdlü Raisa Abıtalıbova Vahidovna isə yanıq xəsarətləri ilə xəstəxanaya aparılıb. * * *18:33 Bakının "Sovetski" adlanan ərazisindəki yaşayış binasında güclü yanğın baş verib. Hadisə nəticəsində bir nəfər ölüb, bir nəfər tüstüdən zəhərlənib. Yanğının söndürülməsi işləri davam etdirilir. (“Trend”) * * *17:46 Bakının “Sovetski” kimi tanınan ərazisində yanğın başlayıb. APA-nın məlumatına görə, hadisə Akademik Milli Dram Teatrı yaxınlığında qeydə alınıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri və texnikası cəlb edilib. Hazırda yanğının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir. RUBRİKA.AZ Geri qayıt |