Əsas Səhifə > Manşet > “Polat necə bərkidi” və yaxud “Polat İnşaat”ın Azərbaycan sərgüzəştləri
“Polat necə bərkidi” və yaxud “Polat İnşaat”ın Azərbaycan sərgüzəştləri31-01-2017, 19:09 |
![]() Vətəndaşların mülkiyyət hüquqlarını kobud şəkildə pozan şirkətə gözün üstə qaşın var deyən tapılmır “Polat İnşaat”la nurçuları hansı maraqlar birləşdirir? Yəqin ki, ulu babalarımız “ömür bitər, yol bitməz” fikrini deyərkən qətiyyən fikirləşməyiblər ki, bir zamanlar bu zərb-məsəl əsl Azərbaycan reallığına çevriləcək. Çünki, doğurdan da ömür bitsə də bizim ölkəmizdə yol çəkilişi bitib tükənmək bilmir. Bir magistral yolun çəkilişi başa çatanda digəri sıradan çıxır, küçələr öncə asfaltlanır, sonra yenidən qazılaraq kanalizasiya xəttləri çəkilir. Təbii ki, bütün bunlar heç də havayı başa gəlmir. Bunun üçün indiyə qədər milyardlarla pul sərf olunub və proses hələ də davam edir. Son illər Azərbaycanda yol çəkilişi sahəsində əsas pay sahibi olan şirkətlərdən biri də “Polat inşaat” şirkətidir. Yeni çəkilən yollarda üzərində “Polat İnşaat” yazılan çoxsaylı texnikalarla hamımız rastlaşmışıq. Bəs görəsən yollarımızda polad kimi möhkəmlənən bu şirkət nədən bu qədər geniş səlahiyyətlərə sahiblənib? Məlumat üçün bildirək ki, avtomobil yollarının çəkilişində "Azəryolservis" ASC podratçı şirkət kimi "Polat İnşaat"la tərəfdaşlıq etməyə üstünlük verir. Belə ki, heç bir tender keçirilmədən layihələr bu şirkətə tapşırılır. 1955-ci ildə Ərzurumlu İbrahim Polad tərəfindən müttəfiqlik firması kimi fəaliyyətə başlayan sözügedən şirkət əslində Türkiyənin ən zəngin holdinqlərindən biridir. Şirkət turizm, sənaye və inşaat sahələrini əhatə edir. Araşdırmalar göstərir ki, "Azəryolservis"in "Polat İnşaat"la tərəfdaşlığının əsası nəqliyyat naziri Ziya Məmmədov tərəfindən qoyulub. Rubrika.az saytına verilən məlumatlarda bildirilir ki, şirkətdə əmək qanunvericiliyi kobud şəkildə pozulur. Burada işçiləri amansızcasına istismar edirlər. Yay aylarında işçilər istirahətsiz çalışdırılır. Ay ərzində cəmisi 2 gün istirahət verilən işçilərdən kimsə etiraz etməyə qalxarsa dərhal işdən qovulurlar. Odur ki, indiki zamanda işdən atılmağın hansı fəlakətlə nəticələndiyini bilən əlacsız fəhlələr “Polad inşaat”ın amansız istismarına dözməyə məcburdurlar. Həmçinin, işçilərdən alınan məlumata görə eyni işi görən yerli və əcnəbi işçilər arasında ayrıseçkilik aparılır, əmək haqqları ciddi məbləğdə fərqlənir. Rubrika.az saytına verilən məlumatlara görə yüksək səviyyədə himayə olunan “Polat İnşaat” Azərbaycan vətəndaşlarının mülkiyyət hüquqlarının kobud surətdə pozulması sahəsində də tanınıb. Belə faktlar Yevlaxın Nəmətabad kəndində, Aran qəsəbəsində, Goranboyun Borsunlu kəndində, Goran qəsəbəsində, eləcə də Dəliməmmədli şəhərində yüzlərlə vətəndaşın şəxsi mülkiyyətində olan torpaq sahələri, yaşayış evləri, sahibkarlıq obyektinin sökülmək üçün hazırlanması zamanı üzə çıxıb. Detallarla bağlı mülkiyyət sahiblərinə məlumat verilmədiyindən narazılıq yaranıb. Həmçinin şirkətin yol çəkilişi zamanı ətraf əraziləri, əkinə yararlı torpaq sahələrini məhv etməsi adi hal alıb. Bu barədə yüzlərlə vətəndaş tərəfindən şikayətlər edilsə də şirkət öz bildiyini etməkdədir. Rubrika.az saytına verilən məlumata görə şirkətin yol çəkilişləri zamanı yol verdiyi ciddi nöqsanlar, keyfiyyətsiz görülən işlər barəsində dəfələrlə həyacan siqnalı çalınsa da güclü dayaqları olan “Polat İnşaat” Azərbaycanın nəqliyyat sektorunda xüsusi yerini qoruyub saxlayıb. Onu da qeyd edək ki, “Polat İnşaat” şirkətinin nurçuların Azərbaycanda əsas fiqurlarından olduğu da bildirilir. Görəsən ölkədə FETÖ-çülərlə yaxından-uzaqdan əlaqəsi olan şirkətlər bazardan çıxarıldığı halda “Polat İnşaat” nədən öz yerini getdikcə daha da möhkəmləndirə bilir? Bu barədə geniş araşdırma ilə yaxın günlərdə sizləri tanış edəcəyik. Nicat MAHMUDOV Geri qayıt |