Əsas Səhifə > Manşet > Azərbaycan Dillər Universitetinin müşkülə çevrilən problemləri

Azərbaycan Dillər Universitetinin müşkülə çevrilən problemləri


1-02-2017, 16:38
Azərbaycan Dillər Universitetinin müşkülə çevrilən problemləri

Əfqan Abdullayevin 1 aylıq rəhbərliyi universitetdə nəyi dəyişdi?

İmtahan sesiyasından şikayətlər var


Müstəqillik dönəmində dövlət səviyyəsində xüsusi diqqət göstərilən sahələrdən biri təhsil sistemidir. Bu sahədə çatışmazlıqları aradan qaldırmaq, Azərbaycan təhsil sisteminin müasir dünyanın qabaqcıl təcrübələrinə inteqrasiyasını təmin etmək üçün dövlət proqramları qəbul edilib. Dövlətimiz haqlı olaraq təhsilin bütün pillələrini, o cümlədən ali məktəbləri xüsusi diqqət və qayğı ilə əhatə edir. Bunun bariz nümunəsi kimi qloballaşma dövründə ali təhsil müəssisələrinin Boloniya sazişinə qoşulmasını, Azərbaycan gənclərinin dövlət proqramı çərçivəsində dünyanın aparıcı universitetlərində təhsil almasını qeyd etmək lazımdır. Lakin, təəssüf ki, göstərilən diqqət və qayğıya rəğmən bu sahədə hələ də həll olunmamış problemlər qalmaqdadır. Xüsusilə ali təhsil sistemində rüşvətxorluğun və korrupsiyanın köklərini hələ də təmizləmək mümkün olmayıb.

Yəqin ki, son bir il ərzində Azərbaycan Dillər Universitetində baş verən proseslər çoxlarının diqqətini cəlb edib. Səməd Seyidovun universitet rektorluğundan gedişindən sonra burada sular durulmaq bilmirdi. Dünyamin Yunusovun rektor əvəzi olduğu müddətdə universitetdə problemlər günbəgün çoxalırdı. Ona göstərilən etimadı doğrulda bilməyən D.Yunusov ötən ilin dekabrında vəzifədən azad edildi. Artıq bir aydan da artıqdır ki, rektor vəzifəsini professor Əfqan Abdullayev icra edir. Ə. Abdullayev üçün Dillər Universitetini yad kollektiv hesab etmək olmaz. Çünki, o, ADU-da müxtəlif vəzifələrdə çalışıb, 2003-2014-cü illərdə isə ADU-da İngilis dili fakültəsinin dekanı vəzifəsini icra edib. 2014-cü il sentyabrın 1-dən Təhsil Nazirliyində Akkreditasiya və Nostrifikasiya sektorunda işləyib. 2016-cı ilin sentyabrından isə ADU-nun tədris işləri üzrə prorektoru vəzifəsində işləyib. Göründüyü kimi onu kollektivə heç də yad kadr hesab etmək olmaz. Ə. Abdullayev ADU-nun bütün problemlərinə yaxından bələddir. Yəqin ki, vəzifə təyinatında bu amili də xüsusi nəzərə alıblar.

Düzdür hansısa problemin həlli üçün 1 ay elə də böyük zaman kəsiyi deyil. Ancaq, Rubrika.az-a daxil olan məlumatlara görə Ə.Abdullayev ADU-da ciddi dəyişikliklərə nail ola bilməyib. Verilən xəbərlərə görə son imtahan sesiyasında yenə də rüşvət halları müşahidə olunub. Hətta saytımıza daxil olan məlumatda rüşvət məbləğinin əvvəlki illərə nisbətən çoxaldığı da vurğulanır. Məlumatlarda bildirilir ki, imtahan sesiyası zamanı neqativ hallar nəinki azalıb, hətta bir çox fakultələrdə daha da artıb.

ADU-dan daxil olan şikayətləri, rüşvət hallarının mövcudluğu ilə bağlı vəziyyətlə tanış olmaq üçün geniş araşdırma ilə yaxın günlərdə sizləri tanış edəcəyik.

Nicat Mahmudov
Geri qayıt