Əsas Səhifə > Din > Badamdar qəsəbəsinin yeganə məscidi bağlandı

Badamdar qəsəbəsinin yeganə məscidi bağlandı


2-02-2017, 11:41
 Badamdar qəsəbəsinin yeganə məscidi bağlandı

Badamdar qəsəbəsində yerləşən "Hüseyniyyə" məscidi 2 aydır ki, bağlanıb. Musavat.com-un müxbiri adıçəkilən məscidin hansı səbəblərdən dolayı bağlandığını öyrənməyə çalışıb.

“Neftçilər” küçəsində yerləşən "Hüseyniyyə" məscidi 12 ildir ki, fəaliyyət göstərir. Məscid sadə vətəndaşların vəsaiti hesabına təmir olunub. İkimərtəbəli yaşayış binasının alt mərtəbəsində yerləşir. Yüksək standartlara cavab verməsə də, məscid qəsəbədə yüzlərlə insanın ibadət məkanıdır. "Fatimeyi Zəhra Hüseyniyyəsi" adlanan məscidə əsasən şiə təriqətindən olan insanlar gəlir. Bura həm də Badamdar qəsəbəsi Dini İcması kimi fəaliyyət göstərir. Tanınmış din xadimlər, axundlar dini bayramlarda, Məhərrəmlik günlərində buraya gəlib, dini moizələr veriblər.

Məscidin qapısı bağlı olduğundan ətrafda olan sakinlərdən buranın bağlanma səbəblərini öyrənməyə çalışdıq. Bəzi sakinlərin iddiasına görə, məsciddə baş verən oğurluq hadisəsindən sonra buranın fəaliyyəti dayandırılıb. Onların sözlərinə görə, məscid açıq olan zaman naməlum şəxslər içəriyə daxil olub, xalça oğurlayıblar. Bundan əlavə, məscid yaşayış binasının altında yerləşdiyindən terror təhlükəsi də nəzərə alınıb.
Ərazidə olduğumuz zaman məscidə Hacı Rəşad adlı axundun nəzarət etdiyini öyrəndik.

Adının çəkilməsini istəməyən şəxs məscidin bağlanma səbəbini belə izah etdi: “İki aya yaxındır ki, məscidin fəaliyyəti dayandırılıb. Nə kişilər, nə də qadınlar olan yer açıqdır. Hər iki tərəfi də bağladılar. Bildiyim qədəri məscidin lisenziya problemi var. Guya hökumətdən icazə vərəqi olmalı imiş. Bu neçə ildə problem olmadı, indi yada düşdü bu məsələ...? Mən özüm də ibadət üçün tez-tez buraya gəlirəm. Bu vaxta qədər belə halla rastlaşmamışdım. Badamdar qəsəbəsində yeganə məscidimiz var idi. Onu da bağladılar”.
Məscidin axundunun əlaqə telefonunu əldə edə bilsək də, mobil nömrəsinə zəng çatmadı.
Məscidin bağlanma səbəbini öyrənmək üçün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Yaqut Əliyeva ilə əlaqə saxladıq. Y.Əliyeva bu barədə elektron ünvanına yazılı şəkildə müraciət etməyimizi bildirdi.

Lakin iki gün ərzində suallarımız cavablandırılmadı. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mövqeyini dərc etməyə hazırıq.

RUBRİKA.AZ
Geri qayıt