Əsas Səhifə > Hadisə > Ədliyyə Nazirliyi: Bələdiyyələr torpaqları “su qiyməti”nə satırlar
Ədliyyə Nazirliyi: Bələdiyyələr torpaqları “su qiyməti”nə satırlar2-02-2017, 16:35 |
|
Milli Məclisin Regional məsələlər komitəsinin iclasında bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik hesabatı dinlənilib. ƏN Bələdiyyələrlə İş Mərkəzinin rəis müavini Fazil Məmmədov bildirib ki, ötən il Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzində 27 müraciətlə bağlı inzibati araşdırmalar aparılıb. Onlardan 9-u nöqsan xarakterli, 3-ü isə maliyyə əməliyyatlarının pozulması ilə bağlı olub. Vurulmuş maddi ziyanın ödənilməsi təmin edilib: "Bundan başqa, 18 müraciət əsasında aparılan araşdırmalar zamanı çox ciddi qanun pozuntuları aşkarlanıb və onlara hüquqi qiymət verilməsi üçün prokurorluq orqanlarına göndərilib. Ötən il Bələdiyyələrlə İş Mərkəzinə ümumilikdə 538 müraciət daxil olub və onlardan 126-sı təmin edilib". Fazil Məmmədov bələdiyyələrin yol verdiyi digər nöqsanlara diqqət çəkib. O qeyd edib ki, bir sıra yerli özünüidarəetmə orqanlarında kənd təsərrüfatı təyinatlı torpaqların xüsusi mülkiyyətə satılması hallarına da rast gəlinir. Halbuki bu cür torpaqların satılması qanunla qadağandır: “Satışı qadağan olunan kənd təsərrüfatı torpaqlarının xüsusi mülkiyyətə verilməsi halı ilə rastlaşmışıq. Torpağı su qiymətinə satırlar. Bir faktı deyim. Qusar rayonunun Samur bələdiyyəsində 70 hektara yaxın torpaq 9 min manata satılıb. Bu özbaşınalıqdır”.(apa) Rəis müavini bələdiyyə torpaqlarının paylanılması məsələsinə də toxunub: “Qusar rayonunun Samur bələdiyyəsində belə halların şahidi olduq. 30 hektar kənd təsərrüfatı təyinatlı torpaq həqiqiliyi şübhə doğuran sənədlər əsasında xüsusi mülkiyyətə keçirilib. Bu şəxslər möhürləri haradan alıblar? Qərarları kimin adından veriblər? Bunlar araşdırılmalı məsələlərdir”. F.Məmmədov qeyd edib ki, ötən il ərzində 8359 hektar torpaq bələdiyyəyə qaytarılıb . Rubrika.az Geri qayıt |