Əsas Səhifə > Hadisə > Ailədaxili qətllər niyə artır? - REPORTAJ
Ailədaxili qətllər niyə artır? - REPORTAJ2-02-2017, 16:46 |
![]() Son vaxtlar az qala hər gün ailə münaqişəsi zəminində cinayətlərin baş verməsi ilə bağlı xəbərlər oxuyuruq. Ailə münaqişəsi zəminində son illərdə 800-900 cinayət işi və o qədər də inzibati işlər olur. Son illər cinayət hadisələrinin monitorinqi zamanı məlum olur ki, xüsusilə son 2 ildə ailə münaqişəsi zəminində qətllərin sayı daha da artıb. Əgər əvvəllər ərin arvadı öldürməsi halları daha çox idisə, indi arvadın əri öldürməsi, oğul, ana, ata, bacı-qardaş arasında qətllər də artıb. Psixoloq Elnur Rüstəmovun sözlərinə görə, ailə qətllərinin sayının artmasına təkan verən amillər arasında sosial vəziyyət, qloballaşan dünya və insanların ifrat informasiya ilə yüklənməsidir. İnformasiyanın çoxluğu insanı aqressiv edir: "Əgər dünən işdən sonra ata-bala evdə oturub söhbət edirdisə, bu gün ata da kompüterin arxasında, internetdə olur, oğul da, ər də, arvad da. İnsanlar arasında canlı ünsiyyət itib. Müasir dövrdə ata və ananın işləməsi və övladın dayələrin himayəsində olması nəticəsində valideynlə övlad arasında bağlar itməyə başlayıb. Bu bağlar itəndən sonra insan insana fərd kimi baxmağa başlayır". Ailədaxili münaqişələr isə daha çox mülk, əmlak, qısqanclıq və namus üstündə olur. Məişət zəminində baş verən cinayətlərin 60%-i uşaq və yeniyetmələrin gözü qarşısında törədilir. Bu isə sonradan uşaqların fiziki və psixi inkişafına mənfi təsir göstərir. Cinayətlərin analizi göstərir ki, cinayətkarların 69%-i zorakılığın hökm sürdüyü ailələrdə böyümüşlərdir. "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova isə ailə münaqişəsi zəminində baş verən cinayətlərin qarşısını almaq üçün bir sıra tədbirlərin görülməsini vacib sayır: "Bu mexanizmlərin içərisində ailələrə sosial işçilərin təhkim edilməsi, hüquq-mühafizə orqanlarının rolu, sığınacaqların formalaşması, o cümlədən bu problemlərin qarşısını almaq üçün bələdiyyələrin cəlb edilməsi diqqət mərkəzində dayanır. Ailədə hər hansı münaqişə yarandıqda, həmin ailəyə sosial işçilər təhkim edilməli və psixoloqlar cəlb edilməlidir". Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Elgün Səfərov isə bütün ölkə üzrə ailə daxilində yaranan hər bir münaqişə ilə bağlı araşdırma aparıldığını deyir. Risk altında olan ailələrin qeydiyyatı aparılır, onlarla maarifləndirmə işləri görülür: "Monitorinq komissiyaları artıq bir ildən çoxdur ki, fəaliyyət göstərir və vaxtaşırı həmin ailələr ziyarət edilir, onlar nəzarətdə saxlanılır. Amma bu faktların hamısının qarşısını almaq mümkün deyil. Uşaq maraqlarının qorunması istiqamətində də işlər aparılır". Psixoloqlar isə cinayətlərin sayının artmasının qlobal bir problem olduğunu düşünür. Zamanla bu problem həll olunacaq. Çünki inkişaf etmiş ölkələr bu problemləri artıq keçiblər. Rubrika.az Geri qayıt |