Əsas Səhifə > Səhiyyə > Böyrək kistası, Hepatit C, acınacaqlı ev şəraiti və 150 manat təqaüd - SOS

Böyrək kistası, Hepatit C, acınacaqlı ev şəraiti və 150 manat təqaüd - SOS


7-02-2017, 11:58
Böyrək kistası, Hepatit C, acınacaqlı ev şəraiti və 150 manat təqaüd - SOS

43 yaşlı Rövşən Budaqov Sabunçu rayon Zabrat qəsəbə sakinidir. Böyrəklərin xroniki xəstəliyi polikistozundan əziyyət çəkir.

Rövşən artıq xəstəliyin beşinci mərhələsindədir: "Ötən ilin yanvar ayında vəziyyətim qəflətən pisləşdi. Diaqnostika Mərkəzinə getdim. Müayinə olundum məlum oldu ki, böyrəklərimdə kistalar var. Neftçilər Xəstəxanasında analiz verdim, bütün yoxlamalardan keçdim, dializə oturmağımı məsləhət gördülər. Böyrəyimdə kreatinin miqdarı 500 idi, analiz verəndə imkansızlıqdan dializə otura bilmədim, yubandım. Hazırda kreatinin miqdarı 1900 təşkil edir".

Rövşən Budaqov daha sonra dializə qoşulmaz üçün Sabunçu Klinik Xəstəxanasına müraciət edir. Burada ilk dializi qəbul etdikdən sonra vəziyyəti az da olsa stabilləşir: "Son bir həftəni vəziyyətim kəskin dəyişib. Böyrəklərim şişib. İki böyrəyimdə də kista var. Sol tərəfim əməlli-başlı şişib. Son bir həftədir sidiyə qan gedirəm. Aydın görünür. Noyabr ayından dializə başlamışam, bu əlamətlər yox idi məndə. Dekabr ayında vəziyyətim normallaşmışdı. İşləmək də istəyirdim".(APA)

Ailənin tək övladı olan Rövşənin atası da böyrəklərin polikistoz xəstəliyinin ağırlaşması əlaməti ilə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. 43 yaşlı həmsöhbətim ailəsindən ayrılıb, anası və 15 yaşlı oğlu ilə birgə yaşayır. Ailə ananın 150 manat təqaüdü hesabına dolanır: "Son bir həftədə dializ həkimi ilə görüşdüm. O da mənə iynə-dərman yazdı. Onları edirəm. Ötən gündə vəziyyətim kəskinləşdi. Təcili yardım çağırdıq. O da həkimimlə danışıb sakitləşdirici vurdu. Amma bunun bir çarəsi olmalıdır axı. Ötən həftənin dördüncü günü həkimim Mətanət xanım dedi ki, böyrəklərindəki iri həcmli kistalar sovrulmalıdır. Buna isə pul lazımdır. Kiçik kistalar yox, yalnız böyüklər iynə ilə çəkilə bilər. İri kistalar böyüdüyündən sidiyə qanla çıxıram".

Rövşən hazırda üç dəfə hemodializ seansı qəbul edir. Bundan başqa, "Hepatit C" virusuna yoluxub. Hazırda ağrıları şiddətlənən Rövşən təcili əməliyyat olunmalıdır. Ailənin maddi durumu isə ürəkaçan deyil. Xəstənin yaşadığı ev bir qaz sobası ilə isidilir. Şəraiti olduqca acınacaqlıdır.

Düçar olduğu ağır xəstəliyə rəğmən, Rövşən Budaqov əlillik dərəcəsi ala bilmir. Deyir ki, xəstəliyin epikrizini ötən ay Zabrat qəsəbəsində yerləşən 21 saylı şəhər klinikasına təqdim edib, amma 88 nömrəli formanın verilməsi ləngidilir. Klinikanın baş həkimi Ulduz Hüseynova deyir ki, sənəd hazır olan kimi veriləcək: "Burada Zabratda yağış-qar yağan kimi internet işləmir. Bir dənə kompüterimiz var. Bütün sənədlər bizə göndərilməlidir. Həkim isə o kartoçkanı əlinə almalıdır. Həkim onun sənədlərini hələ kompüterdə heç yığmayıb, baxın görün mənim stolumun üstündə baş həkim kimi bir dənə kartoçka var? Hazır olan kimi verəcəyik. Bilirəm, o küçədə yaşayanların əksəriyyəti o vəziyyətdədir, tək o bu durumda deyil".

İnanırıq ki, Rövşən Budaqova yardım etmək istəyənlər tapılacaq.

Rubrika.az
Geri qayıt