Əsas Səhifə > İstisadiyyat > Dollar niyə kəskin ucuzlaşdı? - EKSPERTLƏR DANIŞIR
Dollar niyə kəskin ucuzlaşdı? - EKSPERTLƏR DANIŞIR7-02-2017, 23:52 |
![]() Bu gün Azərbaycan Mərkəzi Bankında Dövlət Neft Fondunun da iştirakı ilə keçirilən hərracda dollar manata nisbətən 5 qəpik ucuzlaşıb. Hərracda manatın orta çəkili məzənnəsi 2,8 faiz artaraq 1,8769-dən 1,8251 səviyyəsində formalaşıb. İqtisadçılar dolların nisbətən ucuzlaşmasını yanvarın sonundan başlayaraq dollara tələbin azalması ilə əlaqələndirir. Çünki dekabr ayında idxal, borc öhdəliklərinin ödənilməsi və eləcə də səfərlərin sayında artımlar baş verib. Nəticədə ilin son ayında dollara olan artım növbəti ilin ilk ayında azalma ilə müşahidə edilib. Digər təsiredici amil Dövlət Neft Fondu tərəfindən Mərkəzi Banka transfert edilən 7,2 milyard manatın bir hissəsinin valyuta bazarının tənzimlənməsinə yönəlməsidir.(APA) İqtisadçı Ruslan Atakişiyevin fikrincə, son dövrlərdə təklifin tələbə nisbətən artması nəticəsində dollar bolluğu yaranıb ki, bu da cüzi də olsa, dolların ucuzlaşmasına gətirib çıxarıb: "4 faizlik marjanın götürülməsi və həmçinin Mərkəzi Bank tərəfindən cəlb olunmuş vəsaitlər hesabına dolların satışının artırılması təklifin artmasına gətirib çıxarıb. Son dövrlərdə əhalinin öz vəsaitlərini dollara çevirməsində məhdudiyyət yoxdur". İqtisadçı Pərviz Heydərov isə deyir ki, manat bundan sonra bahalaşa və ya ucuzlaşa bilər. Amma 2015-ci ilin fevralın 21-i tarixinədək olduğu kimi, bir nöqtədə qalmayacaq. İqtisadçı bu artıb-azalmanı 1.65-2,05 AZN aralığı səviyyəsində proqnozlaşdırır. İqtisadçı Vüqar Bayramlı manatın cüzi bahalaşmasını həm də neftin dünya bazar qiymətinin stabilləşməsi və Trampın dolları dünya bazarında zəiflətmək istəyinin valyuta bazarına psixoloji təzyiqi müəyyən qədər azaltması ilə əlaqələndirir. Bu isə o deməkdir ki, hərraclara xarici valyutanın çıxarılmasını təmin edən Mərkəzi Bank manatın məzənnəsinə təsir imkanlarını qoruyub saxlamaqdadır. Vüqar Bayramlı deyir ki, əks-dollarlaşma prosesi başlansa, Mərkəzi Bank həmin dollarların bir hissəsinin manata çevrilib sərmayəyə yönəlməsinə nail ola bilər. Rubrika.az Geri qayıt |