Əsas Səhifə > Səhiyyə > Azərbaycanda rüşvətxorluğa həkimləri nə vadar edir?

Azərbaycanda rüşvətxorluğa həkimləri nə vadar edir?


9-02-2017, 16:56
Azərbaycanda rüşvətxorluğa həkimləri nə vadar edir?

Azərbaycan səhiyyəsində neqativ hallar aradan qalxmaq əvəzinə, artmaqda davam edir.

Sayt qeyd edir ki, səhv diaqnoz qoymaqdan tutmuş, səhv ayaq kəsməyə qədər bütün neqativlər bizim səhiyyə sistemimizdə təzahür edir.

Ən əsası isə “Azərbaycanda dövlət səhiyyə xidmətləri tam pulsuzdur” fikriləri illərdir ki, özünü israrla doğrultmamaqdadır.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova deyib ki, ölkədəki dövlət tibb müəssisələrində səhiyyə xidmətləri tamamilə pulsuzdur:

“Əgər vətəndaş bu kimi neqativ halla qarşılaşıbsa, hüquq-mühafizə orqanlarına, Korrupsiyaya qarşı Mübarizə İdarəsinə müraciət etsin. Yalnız bu halda həmin neqativ hallar aradan qalxa bilər”.(Modern.az)

Həkimə verilən dəyər

Tanınmış həkim, professor Adil Qeybulla bu kimi neqativ halların səbəbini səhiyyə sisteminin qeyri-sağlamlığında görüb:

“Bazar iqtisadiyyatı şəraitində yaşayırıq. Sovet dövrünün öz qanunları, dəyərləri var idi. Bu gün həkimin orta aylıq maaşı təxminən 180-200 manat civarındadır. Bu, dövlətin həkimə verdiyi dəyərdir. Biz, ümumiyyətlə, səhiyyə sistemini dəyişməliyik.

Azərbaycandakı səhiyyə islahatları sona qədər aparılmalıdır. Hər bir vətəndaşın icbari tibbi sığortası olmalıdır. Sığorta şərtləri müəyyən edilməlidir.

Bu gün sığorta ilə bağlı açıqlamalara diqqət edək. Yazırlar ki, hansı həkim daha çox xəstəyə baxsa, onun maaşı daha çox olacaq. Belə anormal qanunauyğunluq harada görülüb, haradan götürülüb?”

“Xəstəxanalarda qəbul şöbəsində alver başlayacaq”

A.Qeybulla bildirib ki, sığortada qeyd olunan qiymətlər qətiyyən onun effektiv həyata keçirilməsinə imkan verməyəcək:

“Bundan başqa, icbari tibbi sığortanın tətbiqi üçün xəstəxanaların böyük əksəriyyəti dövlətin nəzarətində olmalıdır. İngiltərə kimi ölkədə xəstəxanaların 95 faizi dövlətin nəzarətindədir. Dövlətin nəzarətində olan xəstəxanalarda həkimlərin fiksasiya olunmuş maaşı olmalıdır. Yoxsa “kim daha çox xəstəyə baxsa, maaşı da yüksək olacaq” o deməkdir ki, qəbul şöbəsi ilə alver başlayacaq. Şöbə xəstəni əlbir olduğu həkimə yönəldəcək, yaxud xəstəxana rəhbərliyi kimisə himayə edəcək. Belə bir anormallıqlar şəraitində necə səhiyyə qurmaq olar?”

“Həkim öz əməyinin qarşılığını almadığı müddətdə səhiyyədə rüşvət olacaq”

Professorun fikrincə, həkimin xəstədən aldığı pul korrupsiya sayıla bilməz:

“Korrupsiya dövlət səviyyəsində rüşvət deməkdir. Bəli, səhiyyəmizdə rüşvət halları var. Nə qədər ki, həkim öz əməyinin qarşılığını almır, rüşvət halları da aradan qalxmayacaq. Yaxşı olar ki, həkim haqqı olanını dünyanın qəbul elədiyi sivil yolla alsın. Amma bu cür şeylər neqativə yol açır. Bizim də həmişə məqsədimiz ondan ibarətdir ki, Azərbaycan sivil dünyanın yolu ilə getsin. Dünyada icbari tibbi sığortanın şərtləri necədirsə, onlara əməl edilsin. Vətəndaşlar bundan fayda görsün, həkimlər də normal maaş alaraq gəlirləri adekvat olsun. Bu şəraitdə səhiyyənin şəffaflığından danışa bilərik. Qalan bütün azərbaycansayağı modellər effektsiz olacaq”.

Rubrika.az
Geri qayıt