Əsas Səhifə > Cəmiyyət > Hər şey bahalaşır... Deputat monopoliyaya üsyan etdi, nazirlik hərəkətləndi - Təcili

Hər şey bahalaşır... Deputat monopoliyaya üsyan etdi, nazirlik hərəkətləndi - Təcili


15-02-2017, 13:30
Hər şey bahalaşır... Deputat monopoliyaya üsyan etdi, nazirlik hərəkətləndi - Təcili

Ölkədə gedən bahalaşma barədə hər gün verdiyi məlumatlar rəsmi qurumları hərəkətə keçirdi; Bazarlarda və supermarketlərdə qida məhsulları kəllə çarxa qalxıb...

Əhali nisyə dəftərlərini doldurur. Hətta dövlət qurumlarında işləyənlər də gedişatdan narazıdır. Onların aldığı əmək haqqı ay ərzində dolanışığa çatmır. İqtisadi vəziyyətin pisləşməsi və dolanışığın çətinləşməsi insanları nisyə mal almağa məcbur edir.

Dükanlarda, apteklərdə nisyə dəftərlərinin sayı artır və yoxsulluq səviyyəsinin yüksəldiyi müşahidə olunur. Artıq İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlak bazarına nəzarət tədbirlərini davam etdirir, daha çox tələb olunan istehlak malları üzrə təhlillər aparılır.

Nazirlikdən verilən məlumata görə, aparılan monitorinqlər göstərir ki, yumurtanın satış qiyməti bu ilin 1 yanvarına nisbətən 25%-dək azalıb.

Hazırda yumurtanın satış qiyməti 12-15 qəpik arasında dəyişir. Bununla yanaşı, son günlər unun da ucuzlaşması müşahidə olunur.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti intensiv nəzarət tədbirlərini davam etdirir.

Xəbərdarlıq edir ki, süni qiymət artımına və sui-istifadə hallarına yol verən təsərrüfat subyektləri barədə qanunvericilikdə nəzərdə tutulmuş ciddi tədbirlər görüləcək.(politika.az)Millət vəkilləri də bahalaşmaya üsyan edirlər. Deputat Əli Məsimli qeyd edib ki, qiymətlər durmadan artır: “Neçə gündür ki, manat bahalaşır, dollar isə ucuzlaşır. Bəs niyə ərzaq məhsullarının qiymətləri gün-gündən qalxır?”.

O, bu məsələdə işbazları və monopolistləri ittiham edib. Onun sözlərinə görə, qiymət bahalaşması Azərbaycan dövlətinin qarşıya qoyduqları hədəfə ziddir:

"Mən dəqiq məlumatlar bildirirəm ki, manat bahalaşsa da, yağın, şəkərin, qəndin, ətin qiyməti ucuzlaşmır, əksinə qalxır. Manat ucuzlaşıb dollar bahalaşanda, işbazlar bəhanə gətirirdilər ki, bu, onlara ciddi zərbə olur, ona görə qiymət artımına gedirlər. Bəs, indi nə baş verir? Bu məsələyə ciddi müdaxilə edilməlidir və təcili tədbirlər görülməlidir”.

Ölkədə ağartı məhsullarının qiyməti durmadan qalxır. Bunun artıq qarşısıalınmaz bir prosesi çevrildiyi müşahidə edilir.

Günbəgün artan qiymətlər əhalinin gəlirlərinə tərs mütənasibdir. Bu nəzarətsizlik bir xaos və anarxiya yaradıb. Nəticədə istehsalçılarla satıcılar qiymətlərdə istəklərini reallaşdırır.

İstehlakçılar isə hər gün yeni tariflərlə qarşılaşır. Əhalinin gündəlik tələbatı olan qatıq, süd, şor, xama, mayonez bahalaşması ondan xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin nəzarətindən kənarda qalıb.

Bu proses davamlı xarakter alarsa, növbəti mərhələdə bəzi idxal mallarının satışı dayana, qıtlıq baş verə bilər. Manat dollar qarşısında növbəti dəfə dəyərdən düşərsə, ərzaq məhsullarının qiyməti qalxacaq. Bahalaşma qaçılmaz olacaq.

Rubrika.az
Geri qayıt