Əsas Səhifə > Manşet > Açılışını Mehriban Əliyevanın etdiyi 246 saylı uşaq baxçasının müdiri Xalidə Ələkbərovadan şikayət edildi
Açılışını Mehriban Əliyevanın etdiyi 246 saylı uşaq baxçasının müdiri Xalidə Ələkbərovadan şikayət edildi15-02-2017, 21:48 |
![]() Heydər Əliyev Fondunun bəxş etdiyi hədiyyənin yoxa çıxması və yaxud “kökdən düşən pianino” “Övladlarımızın bu rüşvət yuvasında böyüməsini istəmirik” Dövlət səviyyəsində rüşvətxorluğa və korrupsiyaya qarşı nə qədər ciddi mübarizə aparılsa da müxtəlif sahələrdə hələ ki, öz işini günün tələbləri səviyyəsində qura bilməyən, tələb olunan kriteriyalara cavab verməyən kadrlar “at oynadırlar”. Təəssüf ki, belələrinə qarşı tənqidlər, araşdırmalar aparılsa da hansısa gözəgörünməz qüvvələr onları himayə etməyi bacarırlar. Xüsusilə təhsil sahəsində özünə rahat yuva quran belə şəxslər gələcəyimizə balta çalmaqda davam edirlər. Nə yazıqlar ki, məktəbəqədər təhsil müəssisələrində də belə hallara rast gəlinir. Gələcəyimiz olan uşaqların təhsilə hazırlığı məhz uşaq bağçalarından başlayır. Məktəbəqədər təhsil sahəsinə diqqət və qayğı dövlətimizin prioritet sahələrindən biridir. Bu sahəyə göstərilən böyük qayğı nəticəsində ölkəmizdə məktəbəqədər təhsil sistemi dünya standartlarına uyğunlaşdırılması istiqamətində işlər aparılmasına baxmayaraq ciddi nəticələr əldə edilməyib. Bu isə dövlətin uğurlu gələcəyimizə hesablanan siyasətinə zərbə vuran şəxslərin fəaliyyətinin nəticəsidir. Xəzər rayonu Buzovna qəsəbəsində yerləşən 246 saylı körpələr evi-uşaq baxçasında hökm sürən eybəcərlikləri, neqativ halları uşaqlara nağıl deyə danışsan inanmazlar. Amma, böyüklərin nağılları belə kölgədə qoyan əməllərini nədənsə bəzi əlaqədar təşkilatlar görməzdən gəlirlər. Rubrika.az saytına 246 saylı körpələr evi-uşaq baxçasında baş verənlərə etiraz edən bir qrup valideynin müraciəti daxil olub. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya ünvanlanmış müraciətdə bildirilir: “ Hörmətli Mehriban xanım! Sizin Azərbaycanda təhsilin inkişafına göstərdiyiniz böyük dəstək hər kəsə məlumdur. Rəhbərlik etdiyiniz fondun həyata keçirdiyi layihələrlə övladlarımızın uğurlu gələcəyi üçün indidən etibarlı zəmin yaradılır. Məhz sizin böyük qayğınız nəticəsində Buzovna qəsəbəsində yerləşən 246 saylı körpələr evi-uşaq baxçası yenidən qurularaq uşaqların ixtiyarına verildi. 2013-cü il sentyabrın 25-də baxçanın təntənəli açılışında siz və Leyla xanım şəxsən iştirak etdiniz. Lakin, siz bu möhtəşəm binanı körpələrin ixtiyarına versəniz də sonradan burada tamamilə başqa ab-hava hökm sürməyə başlayıb. Bağçanın müdirəsi Xalidə Ələkbərova burada elə bir rejim yaradıb ki, uşaqlı-böyüklü hamımız bezmişik. Dövlət müəssisəsini özünün şəxsi obyektinə çevirən Xalidə Ələkbərova üçün burada hər bir uşaq gəlir mənbəyidir. İlk əvvəl onu qeyd edək ki, X.Ələkbərovanın aldığı təhsili belə onun oturduğu kresloya uyğun gəlmir. Daha çox “diplomsuz müdir” kimi tanınan X.Ələkbərovanın özünün normal təhsili olmadığı halda ondan hansı normal təlim-tərbiyə mühiti tələb etmək olar? Bizləri maraqlandıran odur ki, şəxsən sizin açılışını etdiyiniz bir bağçaya belə təsadüfi, diplomsuz birisi necə rəhbərlik edir və əlaqədar təşkilatlar bu biabırçı fakta hansı “maraqlarına” görə susurlar? X.Ələkbərova bağçada onlarla adı olub özü olmayan işçinin əmək haqqını mənimsəyir. “Ölü canlar”ın məvacibləri mənimsənilən bağçada texniki işçilər tərbiyəçi kimi işləyir. Belə gülünclüyə hamı etiraz etsə də lazımi təşkilatlar susurlar. Bu bağçada rüşvətxorluq müdirin gündəlik iş rejimində birinci yerdə durur. Hər bir uşağına bağçaya qəbul edilməsi 400-500 manat rüşvət müqabilində baş tutur. Bu isə rüşvətin birinci mərhələsidir. Daha sonra X.Ələkbərovanın “aylığı” başlanır. Xanım müdirə hər ay valideynlərdən “fond pulu” adıyla 30-50 manat pul yığır. Ancaq bizlərə məlum deyil ki, bu hansı fonddur və buraya toplanan vəsaitlər haraya sərf edilir. Baxçada uşaqların qidalanması da yarıtmaz səviyyədədir. Dövlətimiz tərəfindən uşaqların normal qidalanması üçün lazımınca ərzaq ayrılsa da X. Ələkbərovanın göstərişiylə satdırılır. Baxçanın aşbazı ərzaq məhsullarını çantalara dolduraraq kənara çıxarır və satır. Körpələr isə bu “alış-verişdən” artıq qalanlarla qidalanmağa məcburdular. Hörmətli Mehriban xanım ! Sizin tərəfinizdən açılışı edilən baxçaya yeni pianino hədiyyə edilmişdi. Hər birimiz üçün böyük mənəvi dəyəri olan bu hədiyyə də X. Ələkbərova tərəfindən ələ keçirilib. O, yeni pianinonu evinə apararaq köhnə, sınıq-salxaq başqasını baxçaya gətirib. Bu, müdirənin sizin hədiyyənizə olan “məhəbbətinin” təzahürüdür. Hörmətli Mehriban xanım ! Üzümüzü sizə tutub deyirik- Xahiş edirik bu özbaşnalıqlara son qoyasınız. Biz övladlarımızın bu rüşvət yuvasında böyüməsini istəmirik. X.Ələkbərova açılışını sizin etdiyiniz uşaq bağçasını rüşvət, korrupsiya “bağçasına” çevirib. Onu himayə edən “görünməz” qüvvələr bu qanunsuzluqlara daha da rəvac verirlər. Sizdən kömək istəyirik, uşaqların taleyi ilə oynayan bu korrupsioner, rüşvətxor şəxslərin əməllərinə son qoyun !” Rubrika.az Geri qayıt |