Əsas Səhifə > Manşet > Samir Şərifov media ilə “atəşkəs rejimini” dayandırdı

Samir Şərifov media ilə “atəşkəs rejimini” dayandırdı


17-02-2017, 12:53
Samir Şərifov media ilə “atəşkəs rejimini” dayandırdı

“Siyasətdə daimi dostlar və düşmənlər olmur”

Dünyada baş verən iqtisadi böhran, neftin qiymətinin kəskin azalması Azərbaycan iqtisadiyyatına, maliyyə bazarına da ciddi təsir göstərdi. Manatın kəskin devalivasiyası cəmiyyətdə şok effekti yaratdı. Baş verənlər ölkə insanının həyatına, maliyyə durumuna ciddi təsir göstərdi. Təbii ki, bu qədər gərgin, ağrılı proseslərin getdiyi, maliyyə bazarlarında çaxnaşmaların yaşandığı dönəmdə əsas fiqur kimi bütün nəzərlər maliyyə nazirinin üzərinə cəmləşirdi. Cavabsız suallar çox idi, insanlar ümidsizliyə düçar olaraq nə baş verdiyini anlamağa çalışırdılar. Belə zamanda maliyyə nazirinin operativliyi, lazımi açıqlamalarla çıxış etməsi zəruri idi. Lakin, belə olmadı...

Əslində hamı gözləyirdi ki, belə bir zamanda qeyri-sabit açıqlamalarla vəziyyəti daha da qəlizləşdirən nazir medyanın gündəmindən düşməyəcək, tənqid hədəfinə çevriləcək.

Adı üç ölkənin casusu, manat qatili, Cahangir Hacıyev işi, Dubayda 12 min dollarlıq oteldə gecələmək və vitse-prezidentlik iddialarına qədər hallanmış S.Şərifovu isə sanki ölkə medyası unutmuşdu. Bundan başqa, nazirliyin regionlarda fəaliyyətdə olan maliyyə şöbələri maxinasiyalar yuvasına çevrilib. İstənilən rayon maliyyə şöbəsi icra hakimiyyəti strukturu ilə əlbir olaraq dövlət büdcəsinin idarə olunmasında müxtəlif mənimsəmələri həyata keçirir.

Rubrika.az-a verilən məlumatlara görə bütün bunlar, eyni zamanda ölkənin maliyyə bazarlarında yaranan gərginlik Samir Şərifovu çətin duruma salmışdı. Təkcə manatın kursunun qorunmasına görə yox, ölkənin maliyyə sisteminin bərbad gündə olmasına görə S.Şərifov məsuliyyət daşıyır. Ümumiyyətlə isə, manatın devalvasiyasının əsas səbəbkarı kimi bilinən Samir Şərifovun və yaxın ətrafının devalvasiyalar, dolların məzənnəsinin idarə olunmasından külli miqdarda gəlir əldə etdikləri barədə də yetərincə məlumatlar var idi.

Baş verənlərə görə bilavasitə məsuliyyət daşıyan nazir iqtidarın qəzəbinə gələrək öz postunu itirmək təhlükəsi ilə üz-üzə qaldığı bildirilirdi. Belə bir zamanda isə medyada qəfil atəşkəsin yaranması diqqətdən yayına bilməzdi.

Rubrika.az-a verilən məlumata görə nazirə yaxın çevrələr belə çətin anlarda onu medyanın diqqətindən yayındırmaq üçün “anlaşma” yolunu tutublar. Yəni “biz sizi görürük, siz bizi görmürsünüz” prinsipi işə düşüb. Beləliklə, çətin dönəmlərdə diqqətdən kənarda qalan nazir özünü tənqidlərdən yayındıra bilib.

Verilən xəbərlərə görə təhlükə sovuşduğu üçün “atəşkəs sazişi” də qüvvədən düşüb. Artıq medyanın köməyinə ehtiyacı olmayan nazirin dostluğu da başa çatıb. Necə deyərlər “bağda ərik var idi, salam məlik var idi” prinsipi işə düşüb. Beləliklə, nazirin adı yenidən hələ ki, ara-sıra görünməyə başlayıb. Yəqin ki, bu dəfə atəşkəsi saxlamaq daha çətin olacaq!

Nicat Mahmudov
Geri qayıt