Əsas Səhifə > Hadisə > “Referendum” oyunu - Sərkisyan özünüxilas üçün separatçıları qurban verir
“Referendum” oyunu - Sərkisyan özünüxilas üçün separatçıları qurban verir21-02-2017, 11:47 |
|
Dağlıq Qarabağdakı oyuncaq qurumun növbəti şousu uğursuzluğa düçar oldu; beynəlxalq birliyin tanımadığı “nəticələr” işğalçıya fəlakət vəd edir... Fevralın 20-də Dağlıq Qarabağdakı separatçı rejim işğal olunmuş Azərbaycan ərazilərində “konstitusiya dəyişiklikləri” adı altında “referendum” keçirdi. Azərbaycanın ilk gündən saxta adlandırmasına, beynəlxalq birliyə xitabən erməni işğalçılarının bu qanunsuz addımını dayandırmağa yönəlik çağırış etməsinə, üstəlik, Avropa təsisatları, ATƏT-in Minsk Qrupunun həmsədrləri, İran, Türkiyə və digər aparıcı dövlətlərin nəticələrin tanınmayacağı barədə bəyanatına baxmayaraq, işğalçı növbəti qanunsuzluğa getdi. Dağlıq Qarabağdakı oyuncaq qurumun “mərkəzi seçki komissiyası”nın mətbuat katibi Srbui Arzumanyan iddia edib ki, “konstitusiya referendumu”nda 102 min 757 nəfər iştirak hüququ qazanıb ki, bu da 2015-ci il “parlament seçkiləri” ilə müqayisədə 711 nəfər çoxdur. Əslində bu rəqəmlərin özü də saxtadır. Ermənilər özləri də çox yaxşı bilirlər ki, işğal onlara yalnız fəlakətlər gətirib və hazırda işğal altındakı ərazilərdə nəinki bu sayda “seçici”, heç hərbçilər qarışıq əhali də yaşamır. “Ermənistan və Azərbaycan arasında Sülh Platforması”nı imzalamış erməni fəalı Serqey Culakyan da Azərbaycan telekanalı CBC-yə geniş müsahibəsində erməni xalqının başına gələn fəlakətləri etiraf edib, üstəlik, saxta “referendum”a qarşı çıxıb. “Müharibəyə qədər Qarabağ çiçəklənirdi, amma indi orada hətta əhali yoxdur, 50-60 min nəfər ancaq qalıb, hər tərəf xarabalıqdır, camaat yoxsulluq içərisində yaşayır. Müharibə, ”müstəqillik" - bütün bunlar heç kəsə lazım deyil. İnsanlar, sadəcə, normal yaşamaq istəyirlər - əvvəllər olduğu kimi. Amma öz təhlükəsizlikləri üçün qorxduqlarından bunu açıq demirlər. Bu, yalnız Qarabağa yox, həm də Ermənistana aiddir" - S.Culakyan deyib. Bu, erməni əhalinin nə qədər miskin durumla üz-üzə qaldığını göstərir. Təsadüfi deyil ki, Bakıda yaşamaq istəyən ermənilərin sırasına Xankəndindən da qoşulmaq istəyən fəallar var və onların birini artıq Ermənistan təhlükəsizlik xidməti həbs edib. Belə bir şəraitdə Qarabağda normal insan kimi yaşamaq arzusunda olan ermənilər üçün “referendum şousu” şübhəsiz ki, mənasız bir məsələdir və bu şou, sadəcə, Ermənistanın və işğaldakı ərazilərimizin sərvətlərini talayan cani hakimiyyətlərə, onların dəstəkçilərinə lazımdır. Erməni mediası iddia edir ki, separatçı qurumun rəhbəri Bako Saakyan saxta “referendum”u izləmək üçün gələn “xarici müşahidəçiləri” qəbul edib. Hətta bu sırada Azərbaycanın daimi müttəfiqi, Ermənistanı müstəqil dövlət kimi tanımayan Pakistanın da adı çəkilir. Xəbərdə guya B.Saakyanın “Pakistan nümayəndə heyətini” çexiyalı “müşahidəçilər”lə birgə qəbul etdiyi göstərilir (moderator.az). Dərc edilən fotolardan da bəlli olur ki, qondarma rejim başçısının qəbulunda pakistanlı olduğu güman ediləcək şəxslər görünmür. Qanunsuz tədbirə guya 30-dan çox ölkədən 104 nümayəndə və 80-dan çox jurnalist gəldiyini bildirən erməni mediası həmin dövlətlər sırasında ABŞ, Böyük Britaniya, Rumıniya, Cənubi Kipr, Çexiya, Latviya, Sloveniya, Belçika, İspaniya, Lüksemburqun adlarını çəkir. Xəbərlərdə Xankəndinə tez-tez qanunsuz səfər edən Avropa Parlamentinin Lüksemburqdan olan deputatı Frank Engel və Çexiyadan olan deputat Yaromir Ştetinin də fotoları dərc edilib. Hələlik adları çəkilən ölkələrin rəsmi münasibəti yoxdur, ancaq yəqin ki, olacaq. Hər halda, rəsmi Bakı erməni təxribatının ifşası üçün addım atacaq. Ermənilər iddia edir ki, 1991-ci ildəki “referendum”dan fərqli olaraq, budəfəki “referendum”a beynəlxalq diqqət “böyük” olub. Hətta referendumu 80 jurnalistin izlədiyini də iddia ediblər. Qarabağdakı separatçı rejimin “parlament sədri” Aşot Qulyan beynəlxalq birliyin bu “referendum”un nəticələrini tanımadığı barədə Azərbaycanın mövqeyinə də cavab verməyə cəhd göstərib. İddia edib ki, bu məsələ qonşu dövlətlərin işidir. “Tezliklə onlar psixoloji kompleksdən xilas olacaqlar” - Qulyan cəfəng fikirlərinə əlavə edib. Hansı ki, yuxarıda qeyd etdiyimiz kimi, beynəlxalq aləm, o cümlədən Rusiya bu “referendum”u tanımadığını bəyan edib. Hətta İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasimi bir daha Tehranın mövqeyini açıqlayaraq “Dağlıq Qarabağda referendum keçirilməsi yersiz və bəyənilməz bir işdir” deyib. Xatırladaq ki, Dağlıq Qarabağın 25 illik işğal tarixində separatçı respublikada 2 referendum, 5 prezident, 6 parlament və bələdiyyə “seçkiləri” keçirilib, ancaq onların nəticələri sadəcə kağız üzərində qalıb. Bununla belə, ermənilər dünyanın rəyini öz xeyrinə dəyişmək istiqamətində növbəti şouları davam etdirirlər. Politoloq Elxan Şahinoğlu hesab edir ki, əslində həm Azərbaycan Xarici İşlər Nazirliyi, həm də Müdafiə Nazirliyi “referendum” gününə xüsusi hazırlaşmalı idilər: “Hərəsinin öz missiyası olmalı idi bu ”referendumla" bağlı. Separatçıların yaydıqları xəbərə görə, Dağlıq Qarabağdakı “referendumu” Rusiyadan, Bolqarıstandan, Boliviyadan, Almaniyadan, hətta Avropa Parlamentindən 100-ə yaxın müşahidəçi izləyib. Əlbəttə, istisna etmirəm ki, rəqəm şişirdilib. Ancaq əgər bu ölkələrdən həqiqətən kimlərsə bu “referenduma” müşahidəçi qismində iştirak ediblərsə, onların adları və statusları müəyyənləşdirilib, adı keçən hər bir ölkəyə nota göndərilməlidir. Bu Aleksandr Lapşinin Azərbaycana ekstradisiyası qədər prinsipial məsələdir". Beynəlxalq birliyin ikili yanaşması, işğalçı və separatçılara güzəştli münasibəti də etiraz doğurur. Məsələ ilə bağlı Milli Məclisin deputatı Elman Məmmədov modern.az-a deyib ki, bu qanunsuzluqla bağlı Azərbaycan bir neçə beynəlxalq quruma müraciət edib: “Bu qurumlar onların özbaşınalıqlarının qarşısını almalıdır. Amma təəssüflər olsun ki, bu qurumlar müşahidəçi mövqeyindədirlər. Eyni zamanda onlara himayədarlıq edirlər. Həmçinin bir sıra ölkələr də bunlara arxa-dayaq durular. Buna misal olaraq, ABŞ-ı göstərmək olar. Bu həmin ABŞ-dır ki, 1992-ci il fevralın 26-da ermənilər Azərbaycana qarşı soyqırım törətdi, onlar isə Azərbaycana qarşı 907-ci düzəlişi etdi. Yəni sanksiyalar tətbiq etdi. Həmin ABŞ-dır ki, 1992-ci ildən bu yana qondarma rejimə maliyyə yardımı ayırır. Bu da o deməkdir ki, bu gün dünyada işğalçı, soyqırım törədən hərbi canilər, cinayətkarlar qorunur və himayə olunurlar”. “Qondarma Respublikanın da qondarma referendumu olar”. Bunu sherga.az-a separatçıların Azərbaycanın işğal olunmuş ərazilərində bu gün keçirdiyi “referendum”a münasibət bildirərkən Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin sədri Bayram Səfərov bildirib. Onun sözlərinə görə, bütün təşkilatlar - ATƏT, Avropa İttifaqı və digər təşkilatlar həmin “referendumu” tanımayacaqlarını bəyan ediblər: “Əlbəttə, bu qondarma, saxta referendumu pisləyirəm və bu, ermənilərin növbəti təxribatlarından biridir. Bugünkü Ermənistan hakimiyyəti vaxt qazanmaq istəyir. Bu, oradakı bədbəxt, kasıb və ac ermənini aldatmaqdır”. B.Səfərov onu da diqqətə çatdırıb ki, aprel döyüşü ərəfəsində Ermənistan bizə yalvarırdı: “Yalvarırdılar ki, gəlin, danışıqlar masasına keçək. Atəşkəs dayansın. Amma indi növbəti dəfə təxribat törətməkdə davam edirlər. Cənab prezident ən yüksək tribunalardan həmişə bəyan edib ki, Azərbaycanın ərazi bütövlüyü təmin olunmalıdır. Biz bir qarış torpağımızı belə kiməsə güzəşt edəsi deyilik. Və heç bir halda Dağlıq Qarabağ ərazisində ikinci bir Ermənistan Respublikası qurula bilməz. Mən doğma torpaqlarıma qayıtmaq istəyirəm. Əminəm ki, qayıdacam da”. Ermənişünas alim Qafar Çaxmaqlı isə “Yeni Müsavat”a bildirdi ki, yaxın aylarda Ermənistanda gərgin siyasi qarşıdurmaların olacağını erməni politoloqların özləri də söyləməkdədirlər: “Bu, iç savaşa qədər gedib çıxa bilər. Bunu prezident Serj Sərkisyan və onun keçmiş müttəfiqləri arasında gedən ”söz duel"lərindən görmək mümkündür. Parlament seçkilərinin bu ilin aprel ayına salınması da Ermənistandakı bəzi qüvvələri narahat etmiş və hətta onun başqa bir vaxta keçirilməsi uzun müddət müzakirə mövzusu olmuşdu. Hətta onu təxirə salınması təklifləri olmuşdu. Ermənilər istisna etmirlər ki, həmin günlərdə də 2016-cı il aprel döyüşlərinin birilliyində Azərbaycan dinc durmayacaq və hətta bu, Ermənistanla Azərbaycan arasında yeni qanlı savaşa da gətirib çıxaracaq. Bəzən savaş mövcud rejimlərin tək çıxış yolları olur. Ermənistanda bütün rıçaqlarını itirən Sərkisyan üçün müharibə bəlkə də yaxşı fürsət ola bilər. Hər halda, Ermənistanın bu cinayətkar rejimi qorxu içində seçkilərə gedir. Serj Sərkisyanın son vaxtlarda verdiyi bəyanatlarda həmin qorxunun işartıları var. İki gündən bir onun komandası tərəfindən belə bir təbliğat aparılır ki, Azərbaycan hücum etməyə hazırlaşır. Onun özü də yeri düşdü-düşmədi Azərbaycanla bağlı, Qarabağla bağlı ATƏT-in apardığı danışıqlar prosesinə uyğun olmayan bəyanatlar verir". Q.Çaxmaqlı qeyd etdi ki, S.Sərkisyanın Dağlıq Qarabağa son gedişindən sonra birdə-birə burada təxribatçı “referendum” məsələsi ortaya atılıb: “Ermənistanın özündə belə bu oyunun nə demək olduğunu doğru-dürüst izah edən yoxdur. Azərbaycana qarşı həmişə sərt açıqlamaları ilə bilinən Ermənistan Milli Məclisinin sədr müavini Şavarş Koçaryan belə bu referendumun anlamsız bir tədbir olduğunu dilə gətirir. Deyir ki, Dağlıq Qarabağda o zaman, yəni 1992-ci ildə ”referendum" keçirilib, “müstəqillik” elan olunub. İndi bunun nə mənası? Məgər ermənilər bilmirlərmi ki, Azərbaycanda keçiriləcək istənilən referendum yalnız Azərbaycan Respublikasının milli qanunvericiliyi çərçivəsində baş tutmalıdır? Çox gözəl bilirlər. Hələ “referendum” keçirilməmiş beynəlxalq təşkilatlar və bir çox ölkələr onun nəticələrini tanımayacaqlarını bildiriblər. Erməni müxalifətçilərindən biri haqlı olaraq deyir ki, erməni rəhbərliyi açıq şəkildə Azərbaycanı provokasiyaya çəkmək istəyir və aprel döyüşlərinə bənzər bir savaşın olmasını arzulayır. Buna Sərkisyanın düşdüyü ağır vəziyyətdən çıxması üçün bir vasitə kimi baxılır". Ekspertimizin də dediyindən belə aydın olur ki, işğalçı ölkənin başçısı öz hakimiyyətini qorumaq üçün nəinki Qarabağdakı, hətta Ermənistandakı bütün əhalinin məhvinə hazırdır. Hər halda, S.Sərkisyan aprel dərsindən sonra Azərbaycanın bu cür təxribatçı hərəkətlərə silahla cavab verəcəyini də yaxşı anlayır. Azərbaycanın isə dünya miqyasında dəstək aldığı, “referendum” oyununun tanınmadığı şəraitdə işğalçılara və separatçılara qarşı hərbi əməliyyatlara başlaması tamamilə beynəlxalq qanunlara uyğundur. Ancaq bütün bunlara baxmayaraq, S.Sərkisyan Qarabağ separatçılarını irəli verib “müstəqillik” oyunu oynatmaqdadır - hansı ki, Dağlıq Qarabağın “müstəqilliyini” heç S.Sərkisyan özü də tanımağa cürət etmir... Rubrika.az Geri qayıt |