Əsas Səhifə > Hadisə > Sərkisyan həm qorxur, həm qorxutmağa çalışır

Sərkisyan həm qorxur, həm qorxutmağa çalışır


4-03-2017, 11:33
Sərkisyan həm qorxur, həm qorxutmağa çalışır

Paris Dağlıq Qarabağ münaqişəsi ilə bağlı prosesdə önə çıxmaq istəyir, prezidentlər səviyyəsində görüş olacaq; politoloq: “Belə bir təşəbbüs olsa belə...”

Azərbaycan prezidenti İlham Əliyev martın 14-də Fransaya səfər edəcək. Virtualaz.org xəbər verir ki, bu barədə “Radio France İnternational” (RFİ) bildirir. Səfər Azərbaycanla Fransa arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyinə həsr olunur, lakin gözlənilir ki, Paris danışıqlarının əsas mövzusu Dağlıq Qarabağ münaqişəsi ətrafında yaranmış vəziyyət olacaq.
Fransa radiosu bildirib ki, bundan bir həftə əvvəl Ermənistan prezidenti Serj Sərkisyan da Parisə gedəcək. Həmin səfər də ikitərəfli diplomatik münasibətlərin qurulmasının 25 illiyinə həsr olunub, lakin Yelisey sarayındakı mənbələr Sərkisyanla Fransa prezidenti Fransua Ollandın görüşündə Qarabağ məsələsinin müzakirə olunacağını bildirir.

Xatırladılır ki, martın 14-də Serj Sərkisyan Moskvada səfərdə olacaq, prezident Vladimir Putinlə ikitərəfli münasibətlərlə yanaşı, Dağlıq Qarabağ münaqişəsi ətrafında kəskinləşən situasiyanı müzakirə edəcək.
Qeyd edək ki, hazırda Minsk Qrupunda Fransanın və ABŞ-ın rolu xeyli zəifləyib, təşəbbüs çoxdan Rusiyaya keçib. Ötən il Fransa tərəfi Azərbaycan və Ermənistan prezidentlərinin Parisdə görüşünü təşkil etmək üçün xeyli səylər göstərsə də, İrəvan nümayişkaranə şəkildə danışıqlardan imtina etdi. Hazırda Rusiya tərəfləri danışıqlar masası arxasına qaytarmaq üçün yenidən müəyyən diplomatik fəallıq nümayiş etdirir, Moskva prezidentlərin üçtərəfli görüşünü təşkil etməyə hazır olduğunu bildirib. Lakin hələlik belə görüşə dair razılıq yoxdur.(musavat.com)Bu mənada Parisin təşəbbüsü ələ alacağı barədə ehtimallar ortaya çıxır.

Düzdür, Rusiya prosesi tam nəzarətdə saxlayır. Belə ki, yaxın günlərdə Azərbaycan XİN başçısı Elmar Məmmədyarov Moskvaya səfər edəcək. Bu səfərin S.Sərkisyanın Rusiya səfərindən əvvəl baş tutması da müəyyən təxminlərə yol açır. İndiki situasiyada Qarabağ cəbhəsində gərginlik ən yüksək səviyyədədir. Təkcə ötən sutka ərzində düşmənin atəşkəsi 265 dəfə pozması vəziyyətin nə dərəcədə ciddi olduğunu göstərir. Ancaq Azərbaycan Müdafiə Nazirliyi işğalçı orduya sarsıdıcı zərbə vurulmasının videogörüntülərini də yayıb.

Məhz bunun ardınca Ermənistan prezidenti Serj Sərkisyanın Xarici İşlər Nazirliyində təşkil edilən toplantıda “İrəvan və Dağlıq Qarabağ müharibə istəmir” bəyanatını verməsi diqqət çəkir. Ümumilikdə ötən ay Ermənistan ordusu 1266 dəfə atəşkəsi pozub ki, bu da əvvəlki aylarla müqayisədə daha çoxdur və ermənilərin cəbhədə necə aktivləşdiyini təsdiqləyir.

Ancaq bütün bu təxribat-diversiya qrupları, iriçaplı silahlardan atəşə tutmalar və cəbhədə yaşanan gərginliklər zamanı Sərkisyan açıqlama verərək, “müharibə istəmədiklərini” dilə gətirməyib. Yalnız ordumuzun ötən gündən başlayaraq, sərrast atəşlə Ermənistan silahlı qüvvələrinə məxsus bir zirehli texnika və hərbi nəqliyyat vasitəsini heyətləri ilə birgə, müdafiə istehkamını, qərargahını, martın 1-dən 2-nə keçən gecə hücuma keçən erməni diversiya-təxribat qrupunun bütün üzvlərini və nəhayət, günün sonunda pilotsuz uçan aparatını (bütün bunlar iki gün ərzində baş verib) məhv etdikdən sonra Sərkisyan XİN-in axşam radələrində baş tutan toplantısına qatılaraq, müharibə istəmədiklərini bəyan edəsi oldu. (axar.az)


“Dağlıq Qarabağ ətrafında hərbi eskalasiya zamanı bütün hərbi arsenal tətbiq olunacaq”-deyə, təhdid edən də Sərkisyandır. O deyib ki, əgər Azərbaycan bu qaydada davam edərsə, Dağlıq Qarabağ “xalqı”nın təhlükəsizliyinin təminatı üçün Ermənistan arsenalındakı bütün imkanların tətbiqindən geri çəkilməyəcək.

Politoloq Elçin Mirzəbəyli son durumu şərh edərkən “Yeni Müsavat”a dedi ki, Ermənistan rəhbərliyinin sərt hərbi ritorikanın ardınca yumşaq davranış sərgiləməsi səbəbsiz deyil: “Sərkisyanın sərt hərbi ritorikadan sonra ”müharibə istəmirik" deməsi şübhəsiz ki, Azərbaycan Silahlı Qüvvələrinin ermənilərə endirdiyi son zərbələrlə bağlıdır. Belə bir bəyanatın Xarici İşlər Nazirliyində səslənməsi onun daha çox beynəlxalq təşkilatlara, ATƏT-in Minsk Qrupunun həmsədrlərinə ünvanlandığından xəbər verir. Azərbaycanın cavab zərbələrindən sarsılan hərbi-cinayətkar rejim həmsədr dövlətlərin ölkəmizə təzyiq göstərmələri üçün mesaj verir. Digər tərəfdən, Sərkisyanın “müharibə istəmirik” deməsi təbii qəbul olunmalıdır. Niyə də istəsin ki? Ermənistanın və himayədarlarının məqsədi onsuz da mövcud status-kvonu qoruyub saxlamaqdan ibarətdir". Ekspertin sözlərinə görə, Sərkisyanın “müharibə istəmirik” deməsinin başqa bir səbəbi də var: “Bu yanaşma onun seçki kampaniyasına hesabladığı təxribatların effektiv nəticə verməməsi və cavab tədbirlərinin sərt olması ilə əlaqədardır. Ermənistan prezidenti itkilərin sayının daha da artacağından və bunun da seçkiqabağı gərginlik yaradacağından narahatdır”.


Fransa prezidenti ilə keçiriləcək görüşlərdə Dağlıq Qarabağ məsələsinin müzakirə olunacağına gəlincə, bu, heç də təşəbbüsün Fransaya keçəcəyi anlamına gəlmir: “Fransa prezidentinin ermənilərlə keçirdiyi görüşdə Dağlıq Qarabağda yaşayan ermənilərlə bağlı səsləndirdiyi fikirlər rəsmi Parisin bu məsələdəki mövqeyini tam çılpaqlığı ilə ortaya qoyur. Bu baxımdan, hətta belə bir təşəbbüs olsa belə, nəticə etibarilə danışıqlar prosesinə müsbət təsir göstərməyəcək”.

Rubrika.az
Geri qayıt