Əsas Səhifə > İstisadiyyat > "Ziraat Bank"ın yalan reklamı- özünü dövlət bankı kimi təqdim edir

"Ziraat Bank"ın yalan reklamı- özünü dövlət bankı kimi təqdim edir


10-04-2017, 16:54
"Ziraat Bank"ın yalan reklamı- özünü dövlət bankı kimi təqdim edir

Bu şəkli şəhərdə dünən özüm çəkmişəm. “Ziraat Bank Azərbaycan” özünü potensial əmanətçilərinə dövlət bankı kimi təqdim edir. Halbuki o, dövlət bankı deyil. Həmin bank Türkiyənin “Ziraat Bankası”nın Azərbaycandakı törəmə bankıdır. Düzdür, sözügedən “Ziraat Bankası” özü Türkiyə dövlətinə məxsusdur. Beləliklə, “Ziraat Bank Azərbaycan” dolayısı ilə Türkiyə Cümhuriyyətinə məxsusdur. Lakin formal cəhətdən onun səhmdarı Türkiyə dövləti deyil. Buna görə də özünü Türkiyənin dövlət bankı kimi reklam etməsi yanlışdır.

Bu barədə hüquqşünas və bank məsələləri üzrə ekspert Əkrəm Həsənov bildirib. Onun sözlərinə görə, ən əsası isə Azərbaycanda “dövlət bankı” dedikdə məhz Azərbaycan Respublikasına məxsus olan (səhmlərinin yarıdan çoxu dövlətimizə məxsus olan) iki bank ehtiva olunur:
"Azərbaycan Beynəlxalq Bankı və AzərTürkBank. Bunun da konkret hüquqi nəticəsi var: Mülki Məcəllənin 950.1-ci maddəsinə əsasən səhmlərinin 50%-dən çoxunun Azərbaycan Respublikasına mənsub olduğu bankdakı fiziki şəxslərin əmanətlərinin qaytarılmasına görə dövlət məsuliyyət daşıyır. Yəni dövlət əmanətlərin sığortalanması sistemindən əlavə, faiz dərəcəsi və digər şərtlərindən asılı olmayaraq bu banklardakı vətəndaşların əmanətlərinə görə cavabdehdir. Buna görə də hər hansı digər bankın özünü “dövlət bankı” kimi təqdim etməsi əmanətçilərdə yanlış təsəvvür yarada bilər.
Ümumiyyətlə, “Reklam haqqında” Qanunun 7-ci maddəsinə əsasən əmtəənin (malların, işlərin və xidmətlərin) istehsalçısı və satıcısı barədə məlumatları təhrif edilmiş, həqiqətə uyğun olmayan şəkildə əks edən reklam qeyri-dəqiq hesab olunur və buna yol verilmir.(afn.az)İnzibati Xətalat Məcəlləsinin 428.1-ci maddəsinə görə isə əmtəələr, işlər və xidmətlər haqqında, yaxud onların istehsalçıları (icraçıları, satıcıları) haqqında tamah məqsədi ilə bilə-bilə yalan məlumatlardan reklamda istifadə etməyə görə vəzifəli şəxslər 800 manatdan 1200 manatadək məbləğdə, hüquqi şəxslər 4000 manatdan 6000 manatadək məbləğdə cərimə edilir. Buna görə də “Ziraat Bank Azərbaycan” və onun rəhbəri cərimələnməlidir. Görəsən, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti hara baxır? Niyə tədbir görmür?

P.S. Əlbəttə, Türkiyə bizə ən yaxın qardaş ölkədir. Amma yenə də başqa dövlətdir. Allah Heydər Əliyevə rəhmət eləsin! Onun dediyi kimi, biz “bir millət, iki dövlət”ik! Buna görə də ilk növbədə bir-birimizin qanunlarına hörmət etməliyik. Ümid edirəm ki, qısa müddət ərzində bank sistemimizdə müsbət mənada öz sözünü demiş “Ziraat Bank Azərbaycan” yanlışlığı özü aradan qaldıracaq və bir də belə hallara yol verməyəcək".

Rubrika.Az
Geri qayıt