Əsas Səhifə > Hadisə > Ermənilərin “soyqırım” iddiaları iflasa uğrayır - BAKIDA ELMİ KONFRANS

Ermənilərin “soyqırım” iddiaları iflasa uğrayır - BAKIDA ELMİ KONFRANS


24-04-2017, 14:30
Ermənilərin “soyqırım” iddiaları iflasa uğrayır - BAKIDA ELMİ KONFRANS

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təşkilatçılığı ilə “Erməni soyqırımı”: real tarix, yaxud tarixin yalanı” mövzusunda elmi-praktik konfrans keçirilib.

Tədbirin məqsədi qondarma “erməni soyqırımı” ilə bağlı əsassız iddiaların tarixi və elmi faktlar əsasında təhlili və əsl məqsədinin üzə çıxarılması, əslində soyqırıma ermənilərin deyil, türk-müsəlman əhalisinin məruz qaldığını sübut edən mənbələr əsasında elmi araşdırmaların nəticələrinin diqqətə çatdırılmasından ibarət olub.

Tədbiri giriş sözü ilə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri İsmayıl Axundov açıb. O, tədbirlə bağlı ümumi məlumat verib.

Sonra çıxış edən “Tələt Paşa” Komitəsinin sədri Ali Erdinç deyib ki, Türkiyə və Azərbaycan erməni yalanlarına qarşı birgə mübarizə aparmalıdır: “Ermənilər 1915-ci ildə Vanda 25 min insanı qətlə yetirdilər. Van qətliamı ilə yanaşı, İstanbul, Ərzurum və digər şəhərlərdə 10 minlərlə insan öldürüldü. Onlar 1918-ci ildə Bakıda 10 minlərlə insanı qətlə yetirdi. Biz bütün dünyaya bu qətliamlarla bağlı məlumatları çatdırmalıyıq”.(APA)

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, Dövlət Komissiyasının üzvü İsa Həbibbəyli bildirib ki, Azərbaycan və Türkiyə alimlərinin bu məsələ ilə bağlı faktlarının bir neçə dildə yayımlanması nəticəsini verir: “Biz bəşəriyyəti erməni yalanından xilas etməliyik. Bu istiqamətdə iş aparılır. “Böyük Ermənistan” iddiasından çıxış edərək xəritə tərtib ediblər. Bəs o zaman digər xalqların vətəni hara olub? Onların iddiası uydurmadan başqa bir şey deyil. Onlar tarixi saxtalaşdırırlar”.

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Nazim Mustafa “erməni soyqırımı” iddialarının tarixi barədə məlumat verib.

Azərbaycan prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin əməkdaşı Araz Qurbanov “Qondarma “erməni soyqırımı”nın ifşası yeni fəaliyyət strategiyası tələb edir” adlı məruzəsində Prezident İlham Əliyevin tapşırığı ilə erməni təbliğatına qarşı cavab taktikası deyil, hücum taktikasından istifadə olunması nəticəsində bu istiqamətdə mühüm dönüş yarandığını vurğulayıb.

Tarix elmlər doktoru, professor Solmaz Rüstəmova-Tohidi “1918-ci ilin mart qırğınları erməni xadimlərinin təqdimatında” mövzusunda məruzə ilə çıxış edərək bildirib ki, bu qırğınla bağlı həqiqətlərin araşdırılmasında Azərbaycan Xalq Cümhuriyyətinin yaratdığı Fövqəladə Təhqiqat Komissiyasının rolu çox böyük əhəmiyyət daşıyır.

Digər tədbir iştirakçıları da mövzu ətrafında çıxış edərək, fikirlərini ifadə ediblər.

Rubrika.az
Geri qayıt