Əsas Səhifə > Hadisə > Şimali Koreya Asiya banklarını qarət edir

Şimali Koreya Asiya banklarını qarət edir


9-05-2017, 12:25


Dövlət səviyyəsində təşkil edilən kiberhücumlar məqsədi nüvə proqramını maliyyələşdirməkdir, artıq banklardan 1 milyard dollara yaxın pul oğurlanıb
Şimali Koreya deyilən zaman ağla ölkədə hökm sürən yarıfeodal quruluş, fəlakət səviyyəsindəki iqtisadiyyat, geridə qalmış təhsil, zombiləşdirilmiş cəmiyyət və başqa neqativ hallar gəlir. Pxenyanda bütün dövlət resurslarının yalnız bir ailənin maraqları üçün sərf edildiyi rejim hökm sürür. Həmin rejim isə özünə lazım olan dərəcədə elmi-texniki nailiyyətlərdən lazımınca istifadə etməyi bacarır.

Musavat.com məsələ ilə bağlı ABŞ-ın “Daily Beast” qəzetində Kevin Poulsen tərəfindən yazılan məqaləni təqdim edir. Məqalədə Şimali Koreyanın öz nüvə proqramını həyata keçirməkdən ötrü artıq bütün ağla gələn və gəlməyən vasitələrə əl atdığı qeyd edilir.

“Keçən ay Sinpoda raket sınağının uğursuzluğu Şimali Koreya rəhbərliyinə ağır başa gəlib. Bir sıra məlumatlara görə, Pxenyan yalnız 2012-ci ildə raket sınaqlarına 1,3 milyard dollar pul xərcləyib”.

Məhz bu rəqəm dünyada baş verən uğurlu və uğursuz bank qarətlərinin izlərinin Pxenyana gedib çıxmasını izah edir. Bunlardan ən irisi və demək olar ki, uğurla başa çatdırılanı 2016-cı ildə Banqladeş bankından 1 milyard dollara yaxın pulun oğurlanması hadisəsidir. Dövlət himayəsi altında keçirilən bu cür qarət və oğurluq cinayətləri Şimali Koreya iqtisadiyyatının ən vacib tərkib hissələrindən biridir”, - Poulsen yazır.

Müəllif Pxenyanın bundan başqa, Suriya və İrana silah satışını həyata keçirdiyini, “Viaqra” kimi preparatların saxta variantlarınn satışı, habelə siqaret qaçaqmalçılığı ilə məşğul olduğunu qeyd edir.

“2009-cu ildə ABŞ Şimali Koreyanı bazarı saxta ABŞ banknotları ilə doldurmaqda ittiham edərək, 100 dollarlıq əskinaslarda dəyişiklik etməyə məcbur olmuşdu”.

Kiberhücumlara gəlincə isə Şimali Koreya hakerlərinin fəaliyyət sahəsi bütün dünyanı əhatə edir.

“Bunlardan biri də 2016-cı ilin fevralın 4-də Banqladeş bankının onlayn qarətilə bağlıdır. Hakerlər xüsusi proqramların köməyi ilə və əmanətçilərin oğurlanan məlumat bazasından istifadə edərək SWIFT sistemi vasitəsilə Banqladeş bankının aktivlərinin Nyu-Yorkda yerləşən Federal Rezerv Bankına 35 köçürməsini həyata keçiriblər.

Federal Rezerv Bankı 951 milyon dollarlıq köçürməni qəbul edib. Lakin bank əməkdaşları Şri-Lankaya köçürülən hesabda orfoqrafıq səhvdən şübhələnərək prosesi dərhal durdurublar. Bundan sonra qalan bütün köçürmələr blok edilib. Lakin bu zamana qədər 81 milyon dollarlıq qarət olunan pul vəsaiti Filippinlərdəki “Rizal” bankında açılan 4 saxta hesaba çata bilib”, - məqalədə göstərilir.

Adətən bu tip ambisiyalı qarət işlərində şərqi avropalılardan şübhə duyulur. Lakin Banqladeş bankına qarşı edilən hücumun araşdırılması zamanı haker kodunu incələyən eskpertlər gözlənilməz halla rastlaşıblar. Məlum olub ki, eyni kod 2013-cü ildə Cənubi Koreya banklarına qarşı soyğunçuluq zamanı istifadə olunub və Şimali Koreyanın xüsusi xidmət orqanlarına bağlı “Lazarus group” adlı haker qrupuna məxsusdur”, -müəllif yazır.

Poulsen “Lazarus group”un dünyanın digər kiber mütəşəkkil cinayətkar qruplarından üstünlüklərə malik olduğunu hesab edir:

“SWIFT sistemi ilə rus hakerləri də soyğunçuluq ediblər. Lakin onlar heç vaxt bir gündə milyard dollar oğurlamayıblar. Bunun əsas səbəblərindən biri də onların bu pulları yenidən “emal” edəcək resurs və əlaqələrə malik olmamalarındadır. Lakin bütün dövlət aparatının çirkli pulların yuyulmasına cəlb olunduğu və öz cinayətkar pullarını idarə etmək üçün böyük bir beynəlxalq şəbəkəyə nəzarət edən Şimali Koreyadan ötrü bu tip problemlər mövcud deyil. Müxtəlif yollarla əldə edilən pullar dünyanın hər yerinə səpələnmiş banklardakı “qara kassaya” daxil olduqdan sonra Şimali Koreyaya göndərilir”.

“Bu templə davam edərsə Kim Çen In 3 ilə ABŞ sahillərini vura biləcək ballistik nüvə raketlərinə malik ola biləcək”, - məqalənin yekununda qeyd edilir.

Rubrika.Az
Geri qayıt