Əsas Səhifə > Cəmiyyət > Qarabağda müharibə zərurəti sülh şansına QARŞI
Qarabağda müharibə zərurəti sülh şansına QARŞI11-05-2017, 10:17 |
![]() Münaqişə zonasında nisbi sakitlik tufanqabağı sakitliyi xatırladır; atəşkəsdən keçən 23 ilin əsas dərsi; amerikalı politoloq: “ABŞ istəsə...” Sabah atəşkəs haqda Azərbaycanla Ermənistan arasında Bişkək protokolunun imzalanmasının 23-cü ildönümü tamam olacaq. Əfsus ki, ötən 23 il nəinki Qarabağ probleminin ədalətli həllinə gətirmədi, heç olmasa, konfliktin nizama salınmasında ciddi dönüşə də səbəb olmadı. Bu, sözsüz ki, ATƏT-in Minsk Qrupunun vasitəçilik missiyasının fiaskosudur. Səbəbi də kənarda yox, elə üç həmsədr dövlətin ixtilafa yanaşmasında axtarmaq daha doğru olar. Bu yanaşma da təəssüflər olsun ki, bir qayda olaraq, işğalçı Ermənistanın maraqlarına cavab verib və verir. Vasitəçilərin təcavüzkarla təcavüzkar kimi davranmaması, Qarabağa dair BMT qətnamələrini, digər nüfuzlu və mötəbər beynəlxalq təşkilatların sənədlərini qulaqardı eləməsi nəyə gətirməli idisə, ona da gətirdi: işğalçı konstruktiv mövqe tutmaqdan xeyli uzaqdır, hazırda Azərbaycanda həmsədr ölkələrə inam azalıb və sarsılıb, müharibə riski isə heç vaxt olmadığı qədər artıb.(musavat) 23 illik uğursuz vasitəçiliyin ən böyük dərsi də zatən budur: nə qədər ki, həmsədr ölkələr beləcə, münaqişə tərəflərini öz adı ilə çağırmayacaq, nə qədər ki, məsələyə yanaşmada “ikili standart” siyasəti, gizli-açıq xristian təəssübkeşliyi özünü göstərəcək, Qarabağ problemi də heç vaxt öz ədalətli həllinə yaxınlaşmayacaq. ***** Problem də ondadır ki, konfliktə cəlb olunmuş ölkələrdən yalnız qardaş Türkiyə beynəlxalq hüquqdan çıxış edərək, Ermənistanla təcavüzkar kimi davranır, onunla hələ də diplomatik əlaqələr qurmayıb, işğalçı ölkəni Azərbaycan kimi blokadada saxlayır. Eyni siyasəti heç olmasa, qonşu və müsəlman İran da sərgiləsəydi, Ermənistan çoxdan daşı ətəyindən töküb, sülhə gəlmişdi. Əksinə, müsəlman cənub qonşumuz İran sanki müsəlman Azərbaycanın acığına daima işğalçıya kömək edib, onun üçün ən ağır dövrlərdə “nəfəslik” rolu oynayıb. Bunu erməni rəsmiləri də daim etiraf edirlər. Bu da daha bir isti fakt. “Tehran həmişə ağır vaxtlarında Ermənistana dayaq olub”. Bunu srağagün Ermənistanın müdafiə naziri Vigen Sərkisyan «İnterfax»a müsahibəsində deyib. “Ermənistanın müstəqillyinin ilk günlərindən İran özünü bölgənin etibarlı və məsuliyyətli oyunçusu kimi göstərib. Bu ölkə Dağlıq Qarabağ münaqişəsənin tənzimlənməsində təmkinli və balanslı mövqe nümayiş etdirib. Tehran həmişə ağır vaxtlarında Ermənistana dayaq olaraq, hətta mühasirə günlərində ərzaqla yardım edib” - nazir vurğulayıb. İranın Qarabağ məsələsində necə “balanslı” siyasət apardığı isə ortadadır. Təəccüblü də deyil. Zatən artıq vurğulandı ki, məhz təcavüzkara bu cür loyal münasibətin nəticəsində Güney Qafqazın ən uzunömürlü konflikti üçüncü on ildir ki, çözülmür. Bu xüsusda həmsədr ölkənin - Rusiyanın mövqeyi də bəlli və qeyri-konstruktivdir. Belə yanaşmanı necə konstruktiv saymaq olar ki, Rusiya Ermənistanı öz vassalına çevirərək, bütünlüklə onun arxasında durub, işğala şəriklik edir, əlində misilsiz imkanlar ola-ola konfliktin həlli üçün heç nə eləmir, İrəvana təzyiq göstərmir, bu azmış kimi, üstəlik, Ermənistanla ortaq hərbi birləşmə yaradır, işğalçı ölkənin özünü Azərbaycan qarşısında arxayın hiss eləməsi üçün əlindən gələni edir. Bu arxayınçılığın bariz təzahürüdür ki, Ermənistan-Rusiya birgə qoşun qruplaşmasının komandanı, erməni general Andranik Makaryanın rəhbərlik etdiyi birləşməni Dağlıq Qarabağa apara biləcəyi və hətta o halda Putinin belə, ona göstəriş verməyə hüququnun olmaması barədə arxayıncasına açıqlama verir. Hərçənd hətta rusiyalı hərbi ekspertlər belə, bir variantı qeyri-mümkün hesab edirlər. Məsələn, tanınmış hərbi ekspert, “Milli müdafiə” jurnalının redaktoru, Dünya Silah Ticarəti Analitik Mərkəzinin direktoru, Rusiya Federasiyası Müdafiə Nazirliyinin İctimai Şurasının üzvü, polkovnik İqor Korotçenkoya görə, Makaryanın bu açıqlaması daxili auditoriyaya hesablanan siyasi bəyanatdır (haqqin.az). “Onun bu bəyanatı ölkə daxilindəki siyasi effektə hesablanan bəyanatdır”, - deyə Korotçenko bildirib. Tanınmış rusiyalı jurnalist və analitik Vadim Dubnov isə “Moskvanın razılığı olmadan rus-erməni hərbi qruplaşmasını general Makaryan Qarabağa apara bilərmi” sualına qısa və tam aydın cavab verib: “Qətiyyən!” ***** İkinci həmsədr ölkə - Ermənistanı özünün “kiçik bacısı” hesab edən Fransanın mövqeyi də kifayət qədır aydındır və illüziyaya qapılmağa dəymir. Bu xüsusda Emmanuel Makronun prezident seçkisində qələbəsindən sonra Fransa nəşri “Le Huffington Post”un məqaləsi diqqət çəkir. “Fransa Ermənistanla Azərbaycan arasında etibarlı diplomatik prosesin işə salınması üçün zəruri diplomatik kapitala malikdir. Əlbəttə ki, Rusiyanın iştirakı olmadan bu məsələdə heç nə alınmayacaq, münaqişənin həlli naminə birgə fəaliyyət isə bizim ölkələrimiz arasında münasibətlrin möhkəmlənməsi üçün mühüm zəmin yaradardı”, - məqalədə deyilir (virtualaz.org). Amerika Xarici Əlaqələr Şurasının analitiki Stefan Blank isə “Amerikanın səsi”inə açıqlamasında ABŞ administrasiyasını Qarabağdakı status-kvoya göz yummaqda günahlandırıb. Analitik bildirib ki, ABŞ administrasiyası münaqişənin nizamlanmasının mühümlüyünə və hərbi əməliyyatların yenidən başlanması təhlükəsinə göz yumur. “Əgər Birləşmiş Ştatlar yeni dinc nizamlama variantı təşəbbüsü ilə çıxış etsə və tərəfləri danışıqlar masası arxasına keçməyə məcbur etsə situasiya dəyişə bilər, lakin bu baş vermir” - ekspert əlavə edib. Amerika isə belə görünür, Donald Trampın Ağ Evə sahiblənməsindən sonra Qarabağ hayında deyil. Bir çox siyasi təhlilçilərə görə də Tramp administyrasiyası hələ ki Cənubi Qafqazla bağlı strategiyasını dəqiqləşdirməyib. Demək, yeni Ağ Ev hökumətinin Dağlıq Qarabağla bağlı mövqeyi də qeyri-müəyyən olaraq qalır. ***** Belə vəziyyətdə təbii ki, konflikt zonasında yeni hərbi qarşıdurma riski dinc həll imkanlarını üstələmiş olur, sülhün alternativi - müharibə variantı ön plana keçir. Əlbəttə ki, Azərbaycanın öz qanuni və əzəli ərazilərini istənilən vasitə ilə azad eləmək hüququnu kimsə onun əlindən almayıb. BMT nizamnaməsi, BMT TŞ-nin Dağlıq Qarabağa dair qətnamələri də ölkəmizə eyni haqq-hüququ tanıyır. Di gəl, dünya siyasətinin yazılmamış qanunları da var. Söhbət Azərbaycanın bu haqq-hüquqdan istifadə üçün ən əlverişli regional və beynəlxalq şəraiti gözləməkdən, ən əlverişli fürsəti bulmaqdan gedir. Ona kimi isə təbii ki, Azərbaycan öz hərbi və iqtisadi qüdrətini durmadan artırmaq, işğalçı üzərində bütün göstəricilər üzrə əzici üstünlüyü təmin eləmək üçün gərəkən hər şeyi etməlidir və edir də. Rubrika.az Geri qayıt |