Əsas Səhifə > Cəmiyyət, Manşet > Azərbaycana ümid və boş vədlər, işğalçıya - dəstək...

Azərbaycana ümid və boş vədlər, işğalçıya - dəstək...


15-05-2017, 10:33
Azərbaycana ümid və boş vədlər, işğalçıya - dəstək...

Kremlin Qarabağla bağlı ənənəvi taktikası nə vaxt dəyişəcək? Sülh danışıqlarında dönüş üçün əsas şərt; rusiyalı politoloq: “Moskva Bakıya silah satışını qəfil dayandırsa...”

Dağlıq Qarabağ ixtilafı və bu ixtilafın həllinə dair danışıqlar ətrafında qeyri-müəyyənlik davam edir. Bu arada Rusiyanın onsuz da forposta çevirdiyi işğalçı Ermənistanda hərbi mövcudluğunu daha gücləndirmək niyyəti müşahidə olunmaqdadır. Rusiya xarici işlər naziri Sergey Lavrovun Gümrüdəki 102 saylı bazadan da İŞİD-ə qarşı mübarizədə istifadə edilə biləcəyi haqda bu günlərdə səsləndirdiyi fikir isə birmənalı qarşılanmayıb - maraqlıdır ki, daha çox elə Ermənistanın özündə.

Təcavüzkar ölkənin rəsmiləri açıq bildirməsələr də, ekspertlər və şərhçilər səviyyəsində belə bir narahatlıq var ki, Ermənistan Rusiyanın maraqları naminə terror təşkilatının hədəfinə gələ bilər - hərçənd, Ermənistanın özü elə əsl terrorçu-dövlətdir ki var. Çünki o, Azərbaycana qarşı təkcə işğalçılıq siyasəti aparmır, eyni zamanda işğal altındakı ərazilərdə etnik təmizləmələr, Xocalı soyqırımı, xalqımıza qarşı digər bu kimi terror aktları həyata keçirib.

***
Şübhəsiz, Rusiya Ermənistanda öz hərbi-siyasi mövcudluğunu artırmaqla ilk növbədə Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zonası da daxil, regiona nəzarət və təsir imkanlarını gücləndirmək niyyətindədir. Ermənistanla Rusiyanın daxil olduğu hərbi blok - Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) və ötən il yaradılan birgə hərbi qruplaşma da öncəliklə Kremlin regional maraqlarından qaynaqlanır, nəinki Ermənistanın milli maraqlarından.

Ancaq təbii ki, bu zaman Moskva öz satellitini də unutmur, onun təhlükəsizliyinin və işğalçı kimi varlığının qarantı kimi çıxış etməkdə davam edir. Bu xüsusda Gümrüdəki hərbi baza iki ölkə hərbi əlaqələrində mərkəzi faktor olaraq qalır. Belə görünür ki, Rusiya tək bu baza ilə də kifayətlənmək niyyətində deyil və Ermənistanda hərbi mövcudluğunu daha uzun müddətə saxlamağa hazırlaşır.(musavat)Ancaq rusiyalı tanınmış politoloq, xarici siyasət, müdafiə və təhlükəsizlik sahəsində ekspert Qriqori Trofimçuk hesab edir ki, Rusiyanın Ermənistanda artan hərbi mövcudluğu fikri daha çox informasiya sahəsində və müşahidəçilərin şüurunda keçərlidir. Musavat.com-un rusdilli vesti.az saytına istinadən verdiyi məlumata görə, politoloq bu xüsusda yazdığı məqalədə bildirir: “Ermənistan ölçücə balaca ölkədir. Bu baxımdan onun ərazisində yerləşən hərbi bazanın öz təbii sərhədləri var. Erməni dövlətində Rusiya hərbi obyektinin bütün parametrləri və standartları çoxdan gözlənilir. Hərbi bazanın fəaliyyətini optimallaşdırmağa zərurət isə xəritədə Cənubi Qafqazdan bir az aşağıda baş verənlərlə bağlıdır”.

Politoloqa görə, söhbət məhz Yaxın Şərqdən gedir: “Axı əgər Yaxın Şərqdəki situasiya nəzarətdən çıxsa, - o cümlədən də Türkiyə ordusunun iştirakı ilə, - o zaman İŞİD başda olmaqla terror axını şimala üz tutacaq. Və o zaman isə onun qarşısını almaq üçün hətta 102 saylı baza kimi yüzlərlə hərbi baza lazım olardı”.

Lakin rusiyalı analitikə görə, Rusiya üçün məhz belə bir təhlükənin aparıcı olduğuna Bakını inandırmaq praktik surətdə mümkün deyil. “Ona görə ki, Bakını ən əvvəl Rusiya hərbi bazasının Qarabağdakı proseslər fonunda güclənməsi maraqlandırır. Ancaq yəqin ki, heç kimi heç nəyə inandırmağa da lüzum yoxdur. Nəzəri cəhətcə mühakimə yürütsək, Bakını, məsələn, Moskvanın ona silah satmasını qəfil dayandırması qayğılandıra bilər. Ancaq burda hər şey necə gedirdisə, indi də qaydasında davam edir”, - deyə Trofimçuk əlavə edib.
***
Doğrudur, Rusiya Azərbaycan üçün əsas silah satıcılarındandır. Ancaq onu da etiraf etmək lazımdır ki, Rusiya Azərbaycana verdiyi silahların və döyüş sistemlərinin ərazilərin işğaldan azad edilməsinə heç də isti baxmır. Hətta Rusiya XİN başçısı S.Lavrovun məlum açıqlaması göstərdi ki, Azərbaycan daxilində erməni separatçılarına qarşı antiterror əməliyyatını da Rusiya Azərbaycanın daxili məsələsi hesab eləmir. Yəni belə çıxır ki, işğalçılara qarşı hərbi güc vasitəsilə sərt tədbir görmək istəyən Bakı Moskvadan icazə almalıdır. Necə deyərlər, təcavüzkara cəza da icazəli və “dozalaşmış” olmalıdır.
O zaman sual ortaya çıxır ki, milyardlarla dollar xərclənən bu silah-sursat Azərbaycanın nəyə lazımdır, vitrinə qoymaq üçünmü? Təbii ki, yox. Azərbaycanın belə niyyəti yoxdur. Bakı Rusiyanın münaqişə tərəfləri arşında hərbi balans yaratmaq yolu ilə status-kvonu davamlı etmək kursunu da məqbul saya bilməz.

Belə qənaət hasil olur ki, Kreml Azərbaycana silah və boş vədlər, işğalçıya isə varlıq, mövcudluq zəmanəti verir. Onu işğalı davam etdirmək üçün qarantiya altına alır. Aydındır ki, rəsmi Moskvanın Qarabağla bağlı bu ənənəvi taktikası dəyişməyincə, sülh danışıqları da dalandan çıxmayacaq. Demək, bölgədə böyük müharibə riski də artmaqda davam edəcək.

Müharibə riski isə heç şübhəsiz, Bakı ilə Moskva arasında etimad səviyyəsinin yetərli səviyyədə olmasına imkan verməyəcək. Çünki artıq qeyd edildiyi kimi, belə bir riskin əsas səbəbkarı elə məhz Qarabağ danışıqlarında müsbətə real dönüş yaratmaq istəməyən Rusiyanın özüdür. Rusiya əfsuslar olsun ki, münaqişə zonasındakı situasiyanı idarə etməklə öz işini bitmiş hesab eləmək istəyir.

***

Bəs bundan sonrakı gözləntilər nədən ibarətdir? Yəqin ki, çox şey regionda bundan sonra cərəyan edəcək geosiyasi proseslərdən, o sırada Türkiyə amilindən və Ankara-Moskva münasibətlərindən, habelə ABŞ-ın bölgəyə təsir imkanlarının artıb-artmayacağından və ABŞ-Rusiya münasibətlərin xarakterindən asılı olacaq.

Azərbaycan bu və digər mümkün gəlişmələrin hamısına yaxşı hazır olmalıdır. Söhbət öncəliklə uzaqgörən, çevik diplomatiyadan və hərbi qüdrəti daima yüksək səviyyədə saxlamaqdan gedir. Biz gərək unutmayaq ki, ermənilər son yüz ildə lazım gələndə gah Rusiyanın, gah da Qərbin əlaltısı olmağı, özlərinə sərf etmədikdə siyasi düşərgə dəyişməyi məharətlə bacarlıblar. Bu məsələdə sözsüz ki, xristian amili də özünəməxsus rol oynayıb...

Rubrika.az
Geri qayıt