Əsas Səhifə > Müsahibə > Azərbaycanda petisiya başlatmaq niyə mümkün deyil?
Azərbaycanda petisiya başlatmaq niyə mümkün deyil?30-05-2017, 10:27 |
|
Zahid Oruc: “Bəlli əhali qruplarının mövqeyini hüquqi qaydada Milli Məclisə daşınmasına heç bir qadağa yoxdur”; Fazil Mustafa: “Bu məsələni 31 mayda gündəmə gətirməyə çalışacağam” Son vaxtlar müxtəlif problemlərlə bağlı petisiyalar hazırlanmaqla, imzatoplama tədbirləri keçirilməkdədir. Ümumiyyətlə, dünya təcrübəsində petisiyaların elan olunması geniş yayılıb. Vaxtaşırı Azərbaycanın haqq səsinin beynəlxalq təşkilatlarda, dünya ölkələrinin parlamentlərində gündəmə gətirilməsi, Xocalı soyqırımının tanınması ilə bağlı analoji təşəbbüslərin şahidiyik. Sonuncu dəfə rusiyalı alim Oleq Kuznetsov Rusiya Federasiyası Dövlət Dumasına və Federasiya Şurasına ünvanlı petisiya başladıb. Petisiyada faciəni törədənlərin cinayət məsuliyyətinə cəlb edilməsi, faciənin insanlığa qarşı cinayət və soyqırım aktı kimi qiymətləndirilməsi çağırış olunur. Tələb olunan sayda səslər toplanandan sonra quruma müraciət ediləcək. Bəzi müşahidəçilər hesab edir ki, Azərbaycanda petisiya keçirilməsi imkanının olması ümummilli məsələlərdə fayda verərdi. Məsələn, Qarabağ, dilimizin, millətimizin adı və s. bağlı petisiya keçirilməsi təşəbbüslərin ünvanına çatdırılması baxımından faydalı sayılır. Bəs, indiki şəraitdə Azərbaycanda hansısa məsələ ilə bağlı petisiya hazırlayıb onun parlamentdə baxılmasına, yaxud qərar qəbul olunmasına nail olmaq mümkündürmü? Ölkə qanunvericiliyi buna imkan verirmi? Milli Məclisin Təhlükəsizlik, müdafiə və korrupsiyaya qarşı mübarizə komitəsinin üzvü Zahid Oruc “Yeni Müsavat”a bildirdi ki, Azərbaycan Konstitusiyası parlament üzvlərinə geniş hüquqlar verir: “Petisiya ictimai xarakter daşıyan məsələyə geniş dəstək qazanıldıqdan sonra onun hakimiyyət orqanlarında baxılması məqsədilə keçirilir. Əgər biz referendumun keçirilməsi üçün 40 min imza prinsipini də bura əlavə etsək, aydın olur ki, hər hansı təşəbbüsə cəmiyyətin qoşulması və ya əksinə, bəlli əhali qruplarının mövqeyini hüquqi qaydada Milli Məclisə daşınmasına heç bir qadağa yoxdur. Yeganə məhdudiyyət konstitusion əsasların dəyişdirilməsi və ərazi bütövlüyümüz əleyhinə çağırışlarla bağlı ola bilər. Bu istiqamətdə təkliflər müdafiə oluna və hüquqi qaydada təqdim edilə bilməz. Daha dəqiq desək, Azərbaycanın suveren nəzarəti altına qayıtdıqdan sonra Dağlıq Qarabağın erməni əhalisinin hər hansı petisiya və ya lokal ərazilərdə keçirilməsi nəzərdə tutulan digər ictimai aksiyalar vasitəsilə ölkəmizin hüquqi məkanından kənara çıxa, müstəqilliyi elan edə, ayrıla, yaxud başqa idarəçilik üsulu seçə bilməzlər”. Z.Oruc bu mövzu ilə bağlı konkret misal da çəkdi: “Doğrudur, xalq demokratiyasının müasir formalarından biri olan İsveçrə kantonlarında son 150 ildə 500 yaxın müxtəlif formalı səsvermələr və ictimai təşəbbüslər keçirilib. Onlar məsələn, adi sosial problemləri də bəzən inzibati qaydada yalnız idarəetmə orqanlarının sərəncamına buraxmırlar. Məsələn, suyun tarifləri və digər xidmət haqları milli qərardan keçmədən qüvvəyə minmir. Lakin ölkəmizdə hüquq sistemi təkmilləşəndən və təmsilçilik forması daha da real məzmun alandan sonra qeyd etdiyiniz petisiyalı idarəçilik praktikası meydana çıxacaqdır. Demokratiya sonu olmayan yol deməkdir”. BQB başqamı, deputat Fazil Mustafa bu barədə qanunun olmadığını vurğuladı: “Konstitusiyada 40 min seçiciyə bu imkan tanınsa da, konkret qanun qəbul olunmayıb. Hər halda vətəndaş təşəbbüskarlığı üçün petisiya formatı çox vacibdir”. Fazil bəy məsələni qanunverici orqanının gündəminə gətirəcəyini vurğuladı: “Bu məsələni 31 mayda gündəmə gətirməyə çalışacağam”. Rubrika.Az Geri qayıt |