Əsas Səhifə > Dünya > Rusiya, ABŞ, Türkiyə və İran Suriyada anlaşdılar-münaqişənin həllində yeni mərhələ

Rusiya, ABŞ, Türkiyə və İran Suriyada anlaşdılar-münaqişənin həllində yeni mərhələ


24-06-2017, 10:58
Rusiya, ABŞ, Türkiyə və İran Suriyada anlaşdılar-münaqişənin həllində yeni mərhələ


Rusiya, ABŞ, Türkiyə və İran Suriyada anlaşdılar, islamçı qruplar meydandan çıxarılır, danışıqlar hökumət və dünyəvi müxalifət arasında aparılacaq

Suriya münaqişəsinin həlli ilə bağlı gələn ay Astanada növbəti toplantı keçiriləcək. Ancaq bu toplantı öncəsi savaş cəbhəsində bir sıra ciddi anlaşmalar əldə olunub. Bu anlaşmalar Suriyada savaşın və ümumilikdə vəziyyətin ciddi dəyişməsinə gətirə bilər.

Birinci anlaşma son zamanlar ciddi toqquşmaların davam etdiyi cənubdakı Dəra bölgəsi ilə bağlı olub. “Şarq əl-Ovsat” qəzetinin yazdığına görə, ABŞ, Rusiya və İordaniya arasında Suriya-İordaniya sərhədlərinin mühafizəsi ilə bağlı anlaşma əldə olunub. Anlaşmaya əsasən Suriya-İordaniya sərhədində 30 km dərinliyinə qədər Suriya ordusundan qüvvə olmayacaq və Suriya ordusu ilə Azad Suriya Ordusu arasında atəşkəs olacaq. Eyni zamanda anlaşmaya əsasən atəşkəs bölgəsində yerli şuralar təşkil olunacaq və bu bölgələrə humanitar yardımların gəlməsi təmin olunacaq. Bölgədə bütün ictimai və dövlət binalarında Suriya bayraqları asılacaq, İordaniya ilə sərhəd-keçid məntəqəsi Suriya dövlət orqanlarının nəzarətində olacaq, İordaniya və Suriya arasında nəqliyyat və ticarət əlaqələri bərpa olunacaq. Eyni zamanda tərəflər İŞİD-ə bağlı “Xalid ordusu” və ən-Nusra cəbhəsinə qarşı birgə mübarizə aparacaqlar.

Suriyada ikinci anlaşma nöqtəsi isə islamçı müxalifətin əsas mərkəzi hesab olunan İdlib şəhəri və ətraf bölgələrdir. Bu barədə isə Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın ötən gün yerli mediaya açıqlama verib. Kalın deyib ki, hazırda Suriyada əldə olunmuş razılığa əsasən yaradılmış 4 təhlükəsiz bölgənin hansı şəkildə və kimlər tərəfindən qorunması ilə bağlı Rusiya, Türkiyə və İran təmsilçiləri arasında danışıqlar gedir.

Onun sözlərinə görə, böyük ehtimalla İdlib bölgəsinə Türkiyə və Rusiya, Dəməşq ətrafına Rusiya və İran, cənubda Dəra bölgəsinə isə İordaniya və Amerikanın da daxil olduğu qrup nəzarət edəcək. Sözçü deyib ki, bu mexanizmin əsas məqsədi atəşkəsi daha da möhkəm tutmaq məqsədi güdür. Onun sözlərinə görə, artıq İdlibdə nə qədər hərbçinin yerləşdirilməsi ilə bağlı müzakirələr aparılır və gələn ay Astana toplantısına qədər bir milyon əhalisi olan İdlibi nə qədər hərbçinin kim tərəfindən şəhəri mühafizə edəcəyi qərarlaşdırılacaq.


Qeyd edək ki, hazırda bilindiyi kimi, həm kürd qüvvələri amerikalıların dəstəyi ilə, həm də Suriya ordusu rusların dəstəyi ilə İŞİD-in Suriyadakı “paytaxtı” Raqqanı ələ keçirmək üçün irəliləyir. Ancaq ölkənin digər bölgələrində də döyüşlər davam edir. Bilindiyi kimi, ümumi bölgüyə əsasən 4 hərbi-siyasi qrup var. Bunlar Suriya hökuməti, şimal-şərq hissədə kürdlər - Suriya Demokratik Qüvvələri və PYD, şimalda İdlib və cənubda Dəra ətrafında müxaliflər adlanan Azad Suriya Ordusu, islamçı qruplaşmalar, o cümlədən “Əhrar əş-Şam”, “Şamın Fəthi Cəbhəsi” və sair onlarla silahlı qruplaşmanın yer aldığı cəbhə və nəhayət, ölkənin əsasən mərkəz, Şərqi İraq sərhədinə doğru və qismən cənubda möhkəmlənmiş İŞİD.

Hazırda İŞİD və kürdlər arasında Raqqa uğrunda ciddi savaş gedir. Eyni zamanda Suriya ordusu da cənub hissədən Raqqaya yaxınlaşmağa çalışır. Çünki Raqqanın alınması strateji əhəmiyyətli şəhərin ələ keçirilməsi ilə yanaşı Suriyada böyük bir quru ərazini nəzarətə götürmək mənasına gəlir.

İŞİD-in sıradan çıxarılması ilə Suriyada hazırda əsas güc mərkəzi İdlib şəhəri olur. Çünki İdlibdə çoxlu sayda müxalif qüvvələr , o cümlədən islamçılar möhkəmlənib. Türkiyə və Rusiyanın İdlib mövzusunda anlaşması Suriyada münaqişə tarixində çox ciddi bir irəliləyiş hesab oluna bilər. İ.Kalının da açıqlamasından belə anlaşılır ki, İdlib və digər bölgələrlə bağlı anlaşmalar, o cümlədən yuxarıda qeyd etdiyimiz Dəra ilə bağlı razılaşma Suriyada radikal silahlı dinçi qrupların sıradan çıxarılması anlamına gəlir. Böyük ehtimalla silahlı qruplar ya Türkiyə üzərindən, ya da cənuba - İordaniyaya doğru çəkilib çıxmalıdır. Çünki Astana anlaşmasına əsasən Suriyada müxalif tərəf olaraq Azad Suriya Ordusu və onu təmsil edən dünyəvi müxalifət qalacaq. ən-Nusra və digər radikal dinçi qruplar sıradan çıxarılacaq və onlar anlaşmalara daxil edilməyəcək və onlara qarşı birgə mübarizə aparılacaq. Beləliklə, Suriyada meydanda faktiki olaraq Bəşər Əsədin rəhbərlik etdiyi hökumət, Türkiyə və Qərb ölkələrinin, Qətərin müdafiə etdiyi ASO və dünyəvi müxalifət, bir də ABŞ-ın dəstəklədiyi regional qüvvə olan kürdlər. Danışıqlar iki tərəf arasında aparılacaq, kürdlər üçünsə regional status müəyyən olunması üçün danışıqlar aparılacaq. Belə görünür ki, bu plan bir öncəki Astana görüşlərində razılaşdırılıb. Rusların hazırladığı plan məhz Suriyada 4 təhlükəsiz bölgənin yaradılması, kürdlərə status verilməsini nəzərdə tutur.

Bu plan eyni zamanda silahlı radikal qruplara xarici dəstəyin qarşısının alınması, onların məhv edilməsi və ya ölkədən çıxarılmasını nəzərdə tutur. Beləliklə, məlum olur ki, Astana planına əslində ölkələr ciddi planlarla gedir. Ancaq hazırkı bölgədəki siyasi vəziyyəti nəzərə alanda bu anlaşmaya maneələrin olması da ehtimal olunur. Çünki məlum olduğu kimi, Suriyada vuruşan islamçı qrupların bir qismi Qətər, bir qismi isə digər körfəz ölkələri tərəfindən dəstəklənib. Aydın məsələdir ki, Qətər və Türkiyə Suriyada ortaq hərəkət edir. Ancaq Səudiyyə Ərəbistanı və digər körfəz ölkələrinin Türkiyənin və Qətərin daxil olduğu həll planına razı olacağı inandırıcı deyil. Bu mənada mümkündür ki, qarşıdakı dövrdə planın icrasına bəzi islamçı qruplar ciddi müqavimət göstərsin. Yeri gəlmişkən, Qətər böhranından sonra bir sıra qruplaşmalar arasında silahlı insidentlər yaşanıb. Bu isə bu qruplaşmaların Qətər və Səudiyyə Ərəbistanına bağlı olması ilə izah olunur.

Lakin istənilən halda son gəlişmələr Suriya münaqişəsinin həlli ilə bağlı ciddi siyasi hadisə sayıla bilər. Bunun rəsmiləşməsi və yeni detalların üzə çıxması isə gələn ay Astanada baş verəcək.

Rubrika.az
Geri qayıt