Əsas Səhifə > Tənqid > İpoteka və sosial mənzil proqramları gənclərin evə olan ehtiyaclarını qarşılaya bilirmi?
İpoteka və sosial mənzil proqramları gənclərin evə olan ehtiyaclarını qarşılaya bilirmi?6-07-2017, 13:52 |
|
Əhməd Mənsurov: “İpoteka və sosial mənzillər heç də gənclərin bütün qruplarını əhatə edəcək dərəcədə deyil” “Əgər bir gənc və ya gənc ailə aşağı məvacib alırsa və onu yaşayış yeri üçün kirayə haqqı kimi ödəyirsə, sözsüz ki, digər problemləri də yaranacaq. Kifayət qədər bu cür problemlər nəticəsində ailələrin dağılmasını müşahidə edə bilirik”. Rubrika.az pia.az-a istinadən bildirir ki, bu sözləri sosioloq Əhməd Mənsurov ipoteka və sosial mənzil xərclərinin artırılması ilə bağlı qərara münasibət bildirərkən açıqlamasında qeyd edib. Bu il Azərbaycanda ipoteka və sosial mənzil xərcləri 50 faiz artırılıb. Bu qərar “2017-ci il dövlət büdcəsi haqqında” qanuna dəyişikliklər layihəsində yer alıb. Dəyişikliklərə əsasən, bu il üçün ipoteka və sosial mənzillər üzrə xərclərə dövlət büdcəsindən əlavə 50 milyon manat ayırmaq planlaşdırılır. Bu artım ipoteka ilə mənzil almaq istəyənlərin sayında artıma necə təsir edir və gənclər tam olaraq ipoteka və sosial mənzil proqramlarından yararlana bilirlərmi? Mövzu ilə bağlı əməkdaşımız sosioloq Əhməd Mənsurovun fikirlərini öyrənib. Əhməd Mənsurov: “Sosial mənzillərin xarakteri tam açıqlanmadığından həssas sosial qrupların burada necə təmsil olunmağı aydın deyil”. İpoteka və sosial mənzillərin verilməsinin gənclərin bütün qrupuna şamil edilməməsinin doğru olmadığını hesab edən sosioloq Əhməd Mənsurova görə, bu məsələdə gənclərə qarşı daha həssas yanaşılmalıdır: “Sosial mənzil və ipoteka xərclərinin artması təbiidir ki, gənclərin mənzil probleminin həllinə yönəlib. Sözsüz ki, bu da ölkədə mənzil təminatına müsbət təsir edəcək. Lakin ipoteka və sosial mənzillər heç də gənclərin bütün qruplarını əhatə edəcək dərəcədə deyil. Sosial mənzillərin xarakteri tam açıqlanmadığından həssas sosial qrupların burada necə təmsil olunmağı aydın deyil. Xüsusilə natamam ailələr, çətin həyat şəraiti yaşayan şəxslərin mənafeləri bu məsələdə qorunmalıdır. Məşğullluq problemi olan və ya gəliri aşağı vətəndaşların üzləşdiyi maddi problemlərin daimi yaşayış yerinin olmaması da öndə gəlir. Daha yaxşı olardı ki, çətin həyat şəraitində olan şəxslərin məhz elə həmin dövründə dəstək göstərilsin. Paralel olaraq gənclərin həyat şəraitinin yaxşılaşdırılması üçün atılan addımlar da gücləndirilməlidir. Gənclərin mənzil təminatı problemi onların cəmiyyətin bərabərhüquqlü üzvü olmasını ləngidir. Eyni zamanda digər sosial, psixoloji və maddi problemlərə səbəb olur. Əgər bir gənc və ya gənc ailə aşağı məvacib alırsa və onu yaşayış yeri üçün kirayə haqqı kimi ödəyirsə, sözsüz ki, digər problemləri də yaranacaq. Kifayət qədər bu cür problemlər nəticəsində ailələrin dağılmasını müşahidə edə bilirik. Gənclərin tam olaraq mənzil probleminin həlli üçün daha humanist yanaşma tələb olunur. Çünki mənzil ilk növbədə, xüsusilə gənc ailələri birləşdirən bir sosial təsərüffatdır. Sosial təminatın əlçatan olması gəncləri daha uğurlu gələcəyə apara bilər”. Rubrika.az Geri qayıt |