Əsas Səhifə > Səhiyyə > Cəlilabaddan Oqtay Şirəliyevə dəhşətli dosye: Hamilə qadının başına oyun açdılar - Təfsilat

Cəlilabaddan Oqtay Şirəliyevə dəhşətli dosye: Hamilə qadının başına oyun açdılar - Təfsilat


23-08-2017, 13:56
Cəlilabaddan Oqtay Şirəliyevə dəhşətli dosye: Hamilə qadının başına oyun açdılar - Təfsilat

Cəlilabadın Göytəpə şəhər sakini Cəfərov Adəm Cəfər oğlu tərəfindən redaksiyamıza şikayət məktubu ünvanlanıb

A.Cəfərov yolladığı müraciətdə qeyd edir ki, 26 yanvar 2017 ci il, saat 11 radələrində qızı Cəfərova Rüfanəni doğuş sancıları tutduğundan Cəlilabad rayon Mərkəzi Xəstəxanasına aparıb.

Onun sözlərinə görə, orada qan analizlərinin alınması zamanı qan qrupunu müəyyən edərək ehtiyat qan tapmaq lazım olduğunu bildiriblər:

“Labaratoriyada qan alındıqdan bir saat sonra mənə cavab olaraq bildirildi ki, qızımda “Hepatit C” virusuna qarşı pozitivlik var və məni təkrar olaraq Cəlilabad rayon Diaqnostik Mərkəzinin laboratoriyasında qan analizi verməyə göndərdilər.

Burada dörd saat yarımdan sonra məlumat verildi ki, qanda “Hepatit B və C” virusları var. Halbuki, 4 ay əvvəl burada verilən analizin cavablarında heç bir virus aşkarlanmamışdı”.

Rubrika.az ulus.az-a istinadən bildirir ki, A.Cəfərov yazır ki, bu vaxt ərzində xəstə olan qızı Cəlilabad MRX-nın koridorunda ağır vəziyyətdə uzanmış olaraq qalıb: “Həkimlər isə nə ilkin yardım göstərmək, nə də doğum şöbəsinə qeydiyata almaq istədilər.

Bəhanələri isə qanda bu virusların aşkarlanması idi. Onlar mənə xəstəni öz avtomobilimlə Lənkəran rayon Mərkəzi Xəstəxanasına aparmağımı məsləhət bildilər”.

Məlumata görə, başıbəlalı ata qızının şok vəziyyətində olduğunu görüb. Xəstəxanadan ilkin təcili yardım istəsə də heç bir köməklik olmayıb.

Şikayətçi bildirir ki, heç xəstəxananın həyətinə çıxartmaq üçün xərək belə verməyiblər. “Bundan sonra çox çətinliklə qızımı qucağımda “Jiquli” markalı avtomobilimə apararaq, Lənkəran uzaq olduğundan Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına aparmağa məcbur oldum.

Yolda çox çətinliklərlə, dəfələrlə qəzaya düşəcək vəziyyətlərlə üzləşdim. Biləsuvar Mərkəzi Xəstəxanasında həkimlərin köməyi nəticəsində çətinliklə də olsa ana və uşaq əməliyyatdan sonra həyatda qaldılar”, - deyə rayon sakini yazıb.

Onun dediyinə görə, 20 fevral 2017-ci il tarixdə virusun müalicəsi məqsədi ilə Bakı şəhərində “Baku Təbriz” Tibb Mərkəzində yenidən qanın tərkibindən virusun kəmiyyət analizini verdirib:

“Beş gündən sonra analizin cavablarında heç bir virusun olmadığı aşkarlanmış və bundan öncə götürülən analizin səhv olunduğu bildirildi. Həkimlərin savadsızlığı və səhlənkarlığı nəticəsində həyatımız təhlükəyə girdi.

Tutalım qanında virus tapılmışdı, buna görə insanı ölümə məhkum edərlər? Səhiyyə Nazirliyinə və Baş Prokurorluğa müraciət etməyimə baxmayaraq heç bir nəticə olmayıb.

Sonuncu dəfə mənə verdikləri cavab isə həmin işçilərə töhmət verdikləri deyilir. Xahiş edirəm ki, həyatımızla oynayan bu adamlarla bağlı araşdırma aparılsın.

Rubrika.Az
Geri qayıt