Əsas Səhifə > Təhsil > "Testin birdən-birə ləğvi ciddi problemlərə səbəb ola bilər" (ŞƏRH)...

"Testin birdən-birə ləğvi ciddi problemlərə səbəb ola bilər" (ŞƏRH)...


25-08-2017, 16:03
"Testin birdən-birə ləğvi ciddi problemlərə səbəb ola bilər" (ŞƏRH)...


Xəbər verdiyimiz kimi, Dövlət İmtahan Mərkəzinin (DİM) rəhbəri Məleykə Abbaszadə Asan Radioya müsahibəsində iki il sonra buraxılış və qəbul imtahanlarında yeni modelin tətbiq ediləcəyindən söz açmışdı.

Bundan sonra DİM-dən verilən açıqlamada hazırda Təhsil Nazirliyi ilə Dövlət İmtahan Mərkəzinin yeni imtahan modelləri üzərində müzakirələr apardığı, ekspertlərin və mütəxəssislərin bu istiqamətdə çalışdıqları və yeni modelin sentyabrda ictimaiyyətə təqdim olunmasının nəzərdə tutulduğu bildirilib. Bəs ənənəvi test üsulunun ləğv olunması və yeni üsula keçid təhsilimizin gələcəyi üçün nə vəd edir?



Rubrika.az Qaynarinfo- ya istinadən xəbər verir ki təhsil eksperti Kamran Əsədov bunun gözlənilən olduğunu və yeni üsulun əzbərçilik ənənəsinin ləğvinə gətirib çıxaracağını, eyni zamanda tələbələrdə əmək bazarının tələblərinə uyğun olan digər bacarıqların üzə çıxarılmasına səbəb olacağını qeyd edib:

“Bildiyiniz kimi Azərbaycanda ali məktəblərə qəbul 1992-ci ildən etibarən test üsulu ilə həyata keçirilir. Lakin 2010-cu ildən sonrakı nəticələri təhlil edəndən sonra görürük ki, hətta yüksək balla ali məktəblərə qəbul olmuş şəxslərin bilik və bacarıqları, bizə əmək bazarında lazım olan kompetensiyaları heç də standartlara cavab vermir. Vacib bir nüansı da qeyd edim ki, bu gözlənilən idi. 2008-2009-cu tədris ilindən etibarən orta məktəblərdə kurikulum standartları ilə tədris prosesi həyata keçirilməyə başlayıb və kurikulumla oxuyan şagirdlərin bilik-bacarıqları əvvəlki ənənəvi üsuldan istifadə olunaraq öyrənilə bilməz. Əslində burada söhbət testin ləğv olunmasından getmir. Nəzərinizə çatdırmaq istəyirəm ki, prezident İlham Əliyevin 2013-cü oldə imzaladığı "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın 3.1.6 saylı bəndində göstərilib ki, ali və orta ixtisas təhsili müəssisələrinə qəbul və yerdəyişmə mexanizmi təkmilləşdirilməlidir.



Ali məktəblərə qəbul olmaq istəyənlərin bilik və bacarıqları əvvəlcə də müxtəlif formada yoxlanılırdı. Məsələn, ali məktəblərin qabiliyyət tələb edən ixtisaslarına qəbul olmaq istəyən abituriyentlər təkcə topladıqları ballarla deyil, eyni zamanda həmin ixtisasda təhsil almağa yararlı olduqlarını isbat etməlidirlər. Bədən tərbiyəsi, incəsənət, son 3 ildir jurnalistikanı da və s. bura daxil etmək olar. Bundan başqa Azərbaycanda M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialı, Azərbaycan Diplomatik Akademiyası, həmçinin M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialında da abituriyentlər təkcə DİM-in keçirdiyi imtahanlarla deyil, sonradan bu təhsil müəssisələrində oxumaq üçün müsahibə mərhələsində olur, esse və inşa şəklində imtahan da verirlər. Əslində DİM-in də dediyi yenilik bu formada olacaq. Yəni bizim öyrəşdiyimiz ənənəvi qapalı test modellərindən istifadə yoxa çıxacaq, daha çox açıq test modellərindən istifadə olunacaq. Qapalı test modelləri o test formasıdır ki, imtahan iştirakçılarına verilən sualların cavabları əvvəlcədən verilir və iştirakçı həmin variantı bilirsə seçir, bəziləri isə bir az da bəxt amilindən istifadə edir. Bu da gələcəkdə tələbə adını qazananlarda kompetensiyaların yoxa çıxmasına gətirib çıxarır. Bu üsulla imtahan verən tələbələrdə əzbərçilik formalaşır və onların nitq, yazı qabiliyyəti olduqca aşağı səviyyədə olur. Tətbiq olunan yenilik də ondan ibarətdir ki, insanlarda əmək bazarının tələblərinə uyğun olan digər bacarıqlar formalaşdırılsın”.



Ekspert birdən-birə bu üsula keçməyin mənfi nəticələr doğuracağını və təhsildə ciddi problemlərə səbəb ola biləcəyini də vurğulayıb:

“Birdən-birə biz bu üsula keçməklə ciddi problemlər yaşaya bilərik. Yəni 2 il sonra, 2019-cu ildə yeni üsulda imtahan verəcək abituriyentlər bu il - 9-cu sinifdə köhnə qaydalarla buraxılış imtahanları verdilər. Təsəvvür edin ki, imtahanlarda iştirak edənlərin 60 faizindən çoxu qeyri-kafi qiymət aldı. Nəzərə alsaq ki, 9-cu sinifdə buraxılış imtahanı verənlər 2 fəndən cəmi 30 suala cavab verirdilər, lakin ali məktəblərə qəbul imtahanlarında fənnlərin də, sualların da sayı çox olacaq. Deməli bizi ilkin illərdə heç də yaxşı nəticələr gözləmir. Hesab edirəm ki, birdən-birə bu üsula keçmək olmaz. Çünki orta ümumtəhsil müəssisələrində 2008-2009-cu tədris ilindən etibarən kurikulum sisteminə keçsək belə, təəssüflər olsun ki, bizim müəllimlərimizin, məktəblərimizin 80 faizi hələ də bu sistemə uyğunlaşa bilməyib. Hesab edirəm ki, birdən-birə keçid ciddi qüsurların yaranmasına gətirib çıxara bilər. Bunu mərhələli şəkildə həyata keçirmək lazımdır. Çünki insanları təhsildən məhrum edə bilərik və ya xoşagəlməz nəticələrlər onları təhsildən soyuda bilər. Ən böyük dəyişiklik test üsulunun ləğvindən deyil, testin formatının dəyişdirilməsindən və ona ediləcək əlavələrdən gedir. Bu əlavələr də esse və inşa şəklində olacaq”.
Rubrika.az
Geri qayıt