Əsas Səhifə > Cəmiyyət > "Şuşanın dağları"na oynayıb fəxr etmək yaramazlığı....
"Şuşanın dağları"na oynayıb fəxr etmək yaramazlığı....29-08-2017, 12:37 |
|
Rubrika.az Olke.az-a istinadən xəbər verir ki Bəzən o qədər xırda şeylərə sevinirik ki, təəccüb etməyə bilmirəm. Məsələn, hansısa idmançımız yarışda erməniyə qalib gəlib. Nə gözəl. Məgər ora uduzmağa çıxmışdı? Yoxsa monqol, tatar, polyak olsa çıxıb əl-qolunu sallayıb uduzacaqdı? Bu idmandır və hər bir idmançının da məqsədi qələbə qazanmaqdır. Təxminən 12-13 il öncə "Birlik kuboku" adlı mənasız turnirdə (deyəsən sonralar həmin turnir ləğv olundu-İ.V.) "Neftçi", ardınca da "Xəzər Lənkəran" və "İnter" qalib olmuşdu. Haradadır indi o turnir, o komandalar. "Neftçi" də o turnirdə Ermənistanın "Pünik" adlı komandasını 2:0 məğlub etmişdi. Hə, sonra? Sağlığınız, gözəlliyiniz... Başa düşürəm, qələbəyə acıq. Amma "aclığı" da hər nə gəldiylə yola vermək olmaz axı. İndi saytlara baxıram. Üç xanım teleaparıcı - Afaq Gəncəli, Zemfira Adıgözəlova və Nərgiz Məmmədova gediblər Gürcüstana. Oturduqları məkanda mahnı sifariş ediblər. Mahnılardan biri də "Şuşanın dağları" olub. O ki var sındıra-sındıra oynayıblar. Sonra da saytlar bu videonu "Azərbaycanlı məşhurlar ermənilərin olduğu kafedə "Şuşanın dağları" oynadılar" kimi başlıqlarla tirajlayıblar. Guya böyük qəhrəmanlıq imiş. Yəni erməni olan kafedə "Şuşanın dağları" səsləndirilə bilməz. Hə, yaxşı yadıma düşdü. Axı kim o restorandakı adamların pasportuna baxıb ki, bu ermənidir, yoxsa gürcü, yaxud qazax? Lap tutaq ki, ermənidir e. Elə Sarkisyanın özüdür. Bu, qəhrəmanlıqdırmı? Axı niyə hər cırt elədiyimizi böyük vətənpərvərlik kimi camaata soxuşdurmaq istəyirik? Axı niyə insanların qələbəyə olan aclığından belə yaramazcasına istifadə etməyə çalışırıq? Şəxsən mən tələbə vaxtı yaxın qohumumu bir erməniylə mənim mübahisəmdə (2004-cü ildə Rusiyada) erməniyə qahmar durduğuna görə eşşək sudan gələnə qədər döymüşəm. İndi bu qəhrəmanlıqdırmı? İndi mən qəhrəman sayılmalıyammı? Təbii ki, yox. Hələ utanmalıyam. Qohumumun erməniyə qahmar durmaq istədiyinə görə. Elə biz də yüngülvari utanmalıyıq. Hamılıqla. Şuşanın dağlarında erməninin kef çəkdiyi bir vaxtda "Şuşanın dağları"na oynaya və bunu qəhrəmanlıq kimi təqdim edə bildiyimizə görə... Rubrika.az Geri qayıt |