Əsas Səhifə > Qanun > Sadə və sadəcə Mədət Quliyev haqqında
Sadə və sadəcə Mədət Quliyev haqqında31-08-2017, 14:20 |
![]() Uzun qara plaşlı, gözlərində qara eynək,qara şlyapalı, qara əlcək və ayaqqabı geyinmiş şəxs. Dərhal yaddaşlara “NKVD” və ya “KQB” əməkdaşı düşür. Uzun illər sovet adamının beynində bu xüsusi xidmət orqanlarında işləyənlər belə canlanıb. Hələ “filankəsi qara maşınla gəlib apardılar” ifadəsini demirik, çox dəbdə olub. Amma günlərin birində-SSRİ boyda nəhəng imperiya dağılanda insanlar ayıldılar ki, sən demə bunların hamısı fon və qorxu yaratmaq üçün hazırlanmış mexanizmdir. Hətta imperiya tərəfdarlarının keçmiş SSRİ-nin DTK şefi Y. Andropovu hakimiyyətə gətirmələri də nəticə vermədi, Sovetlər Birliyi çökdü. Doğrudur, qısa zamandan sonra DTK generalları bir “QKÇP”yaradıb imperiyanı bərpa etmək istədilər. Alınmadı, çünki DTK sistemində də imperiyanın geriyə dönüşünün olmayacağını bilənlər az deyildi. Azərbaycana gəldikdə isə, bizdə də xalq uzun müddət eyni xof altında yaşayıb. Bu quruma çağırılmaq az qala ölümə bərabər idi. Ölkəmiz dövlət müstəqilliyini əldə etdikdən sonra DTK-da çox ziddiyətli proseslər baş verdi. Sən demə, bu xüsusi xidmət orqanının təcridxanasından da qaçmaq olarmış. Sən demə onun başçısı da vətənə xəyanətdə ittiham olunarmış. Bir müddət sonra MTN yaradıldı, onun da aqibəti hamıya bəllidir. Azərbaycanda bir dəb var. Kimin ağzını açırsan deyir ki, telefonuma qulaq asırlar. Süpürgəçi də eyni sözü deyir, məmur da. Xətaya çıxıb çayxanada və yaxud kafedə bir naziri tənqid edirsən. O saat yanındakılar irad tuturlar ki, danışma, stolu çəkirlər, ya da danışıqlara qulaq asırlar. Sizlər də şahidsiniz ki, bəziləri hansısa mühüm məsələdən danışanda mobil telefonlarının batareyalarını çıxarıb özlərini zülümə salırlar. Elə adam da tanıyıram ki, yanında bir hökümət üzvünün ünvanına söz deyəndə axıracan lal-kar oturur. Hələ məsələnin başqa tərəfini demirəm. Beş-altı nəfərin yanında söz danışmaq lap müşkülə çevrilir. Mütləq birinə işarə vururlar ki, o, “işləyir”... Yəqin ki, yazdıqlarım yenilik deyil, gündəlik həyatınızda belə hallarla çox rastlaşırsınız. Bəziləri razılaşmasa da, düşündüklərimi yazacağam. Adamdan soruşarlar ki, əgər sən terrorçu, radikal dindar, separatçı, narkotacir və sair bu kimi çirkli və cinayətkar adlardan uzaqsansa nədən qorxursan? Qoy telefonunu da dinləsinlər, stoluna da səsyazan cihaz qoysunlar. Lap əslində xüsusi xidmət orqanının işi-gücü yoxdur ki, bütün əhalini dinləməyə alsın? Yox, əgər söhbət iqtidarı tənqid(təhqir və böhtandan, ara qarışdırmaqdan danışmıram) etməkdən gedirsə, burada qəbahət nə var ki? Əslində hər bir şəxsin borcudur ki, gördüyü qanunsuzluqlarla barışmasın, müəyyən yüksək vəzifəli şəxslərin korrupsioner və rüşvətxor əməllərini ifşa etsin. Əsas mətləbə indi keçirəm. DTX-nın rəisi Mədət Quliyevin təyinatından iki ilə yaxın vaxt keçir. Əlbəttə, bu zaman kəsiyində onun fəaliyyətinə konkret qiymət vermək mümkün deyil. Lakin elə nüanslar var ki, onları deməmək olmur. Əvvəla qeyd edim ki, xidmət rəisi əvvəlki sələflərindən çox fərqlidir. Keçən müddət ərzində sözügedən xüsusi xidmət orqanında xeyli islahatlar aparılıb. Peşəkarlar saxlanılıb, məsuliyyətə cəlb edilənlər və işinin öhdəsindən gələ bilməyənlər təzələri ilə əvəzlənib. Yeni ab-hava rayonlarda da hiss olunur. İndi DTX əməkdaşlarını ASAN xidmətin maaşla yaşayan işçiləri ilə müqayisə edirlər. Bu qurumun qapıları vətəndaşların üzünə açılıb. Əhalidə qalmış köhnə xof isə get-gedə darmadağın olur. DTX-nın hədəfi bəllidir: Azərbaycanın müstəqilliyinə qənim kəsilmiş qüvvələr, dövlətə qarşı təhdidlərin qarşısını almaq, etnik və dini radikalizmə qarşı mübarizə və s. Bütün bu işlərin həyata keçirilməsinin başında general-leytnant Mədət Quliyev durur. Sadə və sadəcə öz vəzifəsini yerinə yetirən Mədət Quliyev. Doğrudur, ictimaiyyət də xüsusi xidmət orqanındakı yeni ab-havanı tam həzm edə bilmir. Axı Sovetlər Birliyi dönəmində vərdiş etmişdik ki, DTK sədri televiziya ekranlarında və əhali arasında az-az görünər, bir növ “ütülü adam” olmalıdır. İndi də belə düşünənlər var. Amma qəribəsi budur ki, danışanda kimisi deyir ki, Hollandiyanın baş naziri işə velosipedlə və yaxud Kanadanın baş naziri isə metro ilə gəlib-gedir. Bizdə bəzi məmurlar maşınlarının qaraya boyanmış şüşələri arxasında gizlənirlər, camaat arasına çıxmağı belə özlərinə çox görürlər. Mədət Quliyevi isə paytaxt küçələrində və bir çox tədbirlərdə görmək olur. Velosiped sürür, marafona qoşulur, çərpələng uçurdur, avtomobil idarə edir və s. Hərdən də saytlarda müxtəlif idman növləri ilə məşğul olduğunu əks etdirən fotoları “ŞOK fotolar” başlığı altında yayılır. Əslində qeyri-adi heç nə yoxdur. Sadəcə, beynimizdəki köhnə sovet vərdişlərindən əl çəkə bilmirik. Mən dəfələrlə müşahidə etmişəm ki, belə fotolar yayılanda orta nəslin bəzi nümayəndələri dodaq büzürlər, gənc nəsil isə adi qarşılayır. DTX rəisi olanda nə olar? O da hamı kimi bir Azərbaycan insanıdır. Fərqli cəhət odur ki, dövlətimizin və millətimizin təhlükəsizliyinə birbaşa cavabdehdir və vəzifə məsuliyyəti daşıyır. Başlıcası budur ki, öz işini bacarıqla yerinə yetirsin. Yaxşı olar ki, fotoları müzakirə etmək əvəzinə, xidmət rəisinin qısa müddət ərzində ondan çox qatı terrorçunu məhv etdirməsindən danışaq. Və yaxud dövlət məmurlarını boğaza yığmış və bütün jurnalistlərin adına ləkə gətirən reketlərin əl-ayağının hiss ediləcək qədər yığışdırılmasından, transmilli cinayətkarlığa qarşı aparılan mübarizədən bəhs edək. Çox məsələləri sadalamaq olar. Bütün bunların başında islahatçı general durur. Çərpələng uçurtmağı da bacarır, gitara çalıb mahnı oxumağı da. HAŞİYƏ: DTX rəisi Mədət Quliyev haqqında dosyedən: O, 1993-cü il dekabrın 10-da cinayətkar qrupun zərərsizləşdirilməsi zamanı ağır güllə yarası alsa da, mövqeyindən geri çəkilməyərək cinayətkarların məhv edilməsinə nail olub. Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 1995-ci il tarixli fərmanı ilə polis polkovniki Quliyev Mədət Qəzənfər oğluna Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verilib. Dünya dəyişir, idarəetmə formaları da yenilənir. Gərək hər bir insan öz dövrü ilə ayaqlaşsın. Keçmiş “KQB” pəncərələri çoxdan qapanıb. İndi oradan yeni insanlar boylanır. Bizim onlara, onların da bizə ehtiyacı var. Həmin pəncərələrdən o kəslər qorxsunlar ki, müstəqil Azərbaycanın düşmənləridirlər. İstər xaricdə, istərsə də daxildə olsunlar. General Mədət Quliyev isə belələrinin qənimidir. Müqəddəs Mehdiyev “Şimal xəbərləri” qəzetinin baş redaktoru Geri qayıt |