Əsas Səhifə > Dünya, Araşdırma > Azərbaycana gələn turistlər fırıldaqçılardan necə qorunur? (ARAŞDIRMA)...
Azərbaycana gələn turistlər fırıldaqçılardan necə qorunur? (ARAŞDIRMA)...31-08-2017, 14:56 |
|
Rubrika.az Qaynarinfo-ya istinadən xəbər verir ki Rəsmi statistikadan da görünür ki, bu il ölkəmizə turist axını ötən illərlə müqayisədə dəfələrlə çox olub. Artım həm bəzi xoşagəlməz proeblemlərin də artmasına gətirib çıxarıb. Bu gün ölkəmizdə turistlərin qarşılaşdığı ən böyük problem onların hansısa taksi sürücüsü, restoran və ya mağaza sahibi tərəfindən aldadılmaları olur. 1 litr suya 10 manat, 3 kilometrlik məsafəyə görə 500-1000 manat pul ödəyən turistlərlə bağlı mətbuatda tez-tez yazılar görürük. Bəs ölkəmizə gələn qonaqlar onlara birgünlük qazanc mənbəyi kimi baxan taksi sürücüləri, restoran və ya kafe sahibləri, yaxud mağaza sahibləri tərəfindən aldadıldıqları zaman hara müraciət etməlidirlər? Onları xarici dildə dinləyə bilən "qaynar xətt" varmı? Ümumiyyətlə ölkəmizə gələn turistlər bu barədə hansı şəkildə məlumatlandırılır, aldadılmamaları üçün qiymətlərlə bağlı broşüralar təqdim edilirmi? Məsələ ilə bağlı "Qaynarinfo"ya danışan Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vüqar Şıxməmmədov turistlərin aldadılması ilə bağlı yay mövsümü ərzində quruma heç bir şikayətin daxil olmadığını, eyni zamanda onların bu barədə məlumatlandırılması üçün kifayət qədər informasiya daşıyıcılarının olduğunu bildirib: "Qeyd etdiyiniz məsələlərlə bağlı Mədəniyyət və Turizm Nazirliyinin 147 nömrəli "qaynar xətti" mövcuddur. Bundan əlavə Nazirliyin rəsmi "Facebook" səhifəsi və e-mail adresi turistlər üçün daim açıqdır. Qeyd etdiyiniz faktlarla bağlı nazirliyə yay mövsümü ərzində heç bir turistdən rəsmi şikayət daxil olmayıb. Əlbəttə ki, belə hallar olarsa, dərhal nazirlik tərəfindən aidiyyatı qurumlara araşdırılıb, müvafiq tədbirlər görülməsi üçün müraciət oluna bilər. Həmçinin turistlər üçün hava limanında, Bakı şəhərində, eyni zamanda ölkənin 15 regionunda turizm informasiya mərkəzləri fəaliyyət göstərir. Ölkə ərazisinə daxil olan turistlər həmin yerlərə yaxınlaşıb, istər qiymətlər, istərsə də ölkə ilə bağlı müxtəlif buklet, broşüralar, kataloqlar, bələdçi kitabları əldə edə bilərlər. Yəni məlumat daşıyıcılarımız kifayət qədərdir". "Baku Holiday Travel" şirkətinin ofis meneceri və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Xəyal Səlimov da belə hallarla qarşılaşmadıqlarını bildirdi: "Bizdə bu vaxta qədər belə problemlər yaşanmayıb. Müştərilər şirkətimizə daha çox Avropa ölkələrinə səfər etmək üçün müraciət edirlər. Orada da bu kimi problemlər demək olar ki, yaşanmır. Bəzi hallarda pulqabı və ya hər hansısa bir əşya itə, yaxud oğurlana bilər, menecerlərimiz də müştərini əvvəlcədən barədə diqqətli olmaları üçün təlimatlandırırlar. Ölkəyə gətirdiyimiz turistlər isə əsasən Avropa ölkələrindəndir və tur başlayandan axıra qədər onların yanında daim bir bələdçimiz olur ki, aldadılmasınlar". "ATA Travel MMC"nin əməkdaşı Rəvan Əhmədov isə müştərilərini əsasən eyni turist marşrutu üzrə tanıdıqları məkanlara apardıqları üçün bu kimi məsələlərdə aldadılma faktları ilə qarşılaşmadıqlarını qeyd etdi: "Şirkətimizin daim eyni turist marşrutu üzrə işlədiyi xüsusi restoranlar var ki, müştərilərimizə də oradan istifadə etməyi məsləhət görürük. Təbii ki, onlarla uzun illərdir çalışdığımız üçün, bizim turistlərə adi küçədən keçən turist kimi münasibət göstərib, qiymət oxuyaraq pul almırlar. Hələ ki, bununla bağlı problemimiz olmayıb. Biz müştərinin hansı bölgəyə səfər etməsi ilə bağlı plan hazırlayır və qiymətlərimizi təklif edirik. İstəsə bütün xərci birdəfəyə ödəyib, sadəcə istirahətə gedə bilər, ya da bəzi xərcləri tur zamanı yerində özü şəxsən ödəyə bilər. Bu zaman da onlara səfər etdikləri bölgədəki restoranlarla, digər əyləncə məkanları və ya hotellərlə bağlı ətraflı məlumat veririk". Rubrika.az Geri qayıt |