Əsas Səhifə > Gündəm > İnternatda böyüyən Kamran nazirə müraciət etdi: “Hökümətin bizim üçün tikdiyi mənzili ala bilmirəm” ...
İnternatda böyüyən Kamran nazirə müraciət etdi: “Hökümətin bizim üçün tikdiyi mənzili ala bilmirəm” ...6-09-2017, 14:22 |
|
Rubrika.az Musavat.com-a istinadən xəbər verir ki 3 saylı fiziki və əqli qüsurlu uşaqlar üçün internat evində böyüyən 1978-ci il təvəllüdlü Kamran Vahid oğlu Məmmədov kimsəsiz uşaqlar üçün nəzərdə tutulan binadan mənzil ala bilmədiyi üçün şikayətçidir. O, 2016-cı ildə mənzillə təmin olunmaq üçün lazım olan sənəndləri təqdim etsə də, aidiyyatı qurum onu get-gələ salır. Qeyd edək ki, Şağan qəsəbəsində yerləşən 3 saylı fiziki və əqli qüsurlu uşaqlar üçün internat evində böyüyən Kamran, 1997-ci ildə Bilgəhdəki qocalar evinə göndərilib. K.Məmmədov vəziyyəti belə izah etdi: “2016-cı il mart ayının əvvəlində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə mənzil verilməsi ilə bağlı sənədləri təqdim etmişəm. I vitse-prezident Mehriban xanım Əliyeva çox sağ olsun ki, 2015-ci ildə internatda böyüyən uşaqlar üçün Abşeron rayonunda bina tikdirdi. 13 mərtəbədən və 125 mənzildən ibarət bina tikildikdən sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin balansına verildi. Evlə bağlı müraciət etdim. Mənə lazımı sənədlərin siyahısını verdilər. Həmin sənədləri toplayıb, təqdim etdim. Evlərin paylanmasına məsul şəxs Vüqar Behbudovla görüşdüm, sənədlərə baxdıqdan sonra ikinci binanın açılışında ev veriləcəyi vədini verdi. Artıq ikinci binanın açılışı olub və xeyli adam da köçüb. İkinci bina da 125 mənzilli idi. Təqribən 50-yə yaxın hər bir şəraiti olan, birotaqlı mənzillər artıq paylanılıb. Hələ də gözləyirəm. Maraqlısı odur ki, 2017-ci ilin fevral-mart aylarında mənzil üçün sənəd verənlərə də ev paylanılıb. Halbuki mən 2016-cı ildə müraciət etmişdim. Hökümətin bizim üçün inşa etdirdiyi mənzili ala bilmirəm”. K.Məmmədov məsələ ilə bağlı əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovla görüşdüyünü bildirdi: “Cənab nazir Səlim Müslümovla da görüşmüşəm. Mənzil paylanmamışdan 2-3 gün əvvəl cənab nazir bildirib ki, “arxayın olun, mənzil bölgüsündə sənə də veriləcək”. Həmin vaxt Vüqar Behbudov Səlim müəllimin yanında idi və mənzil məsələsinin həll olunması göstərişini də verdi. Bundan əlavə Dövlət Sosial Müdafiə Fondunun direktoru Zakir Babayev də nazirin yanında idi. Ona da mənə köməklik olunmasını tapşırdı. Artıq mənzillər paylanır, ancaq Vüqar Behbudov bizimlə maraqlanmır. 50-60 ev artıq paylanılıb. Yenə də təkrar edirəm, həmin şəxslər 2017-ci ildə sənəd təqdim edənlərdir. Qalan evlər də yavaş-yavaş bölüşdürülür. Bu yaxınlarda nazirliyə zəng edib, nə zaman çağrılacağımı öyrənmək istədim. Evlərin bölgüsündə iştirak edən bir xanım işçi adımın ev siyahısında olmadığını dedi. Ümumi şöbənin müdiri Pərvanə xanım bizim adımızın olduğunu bilirdi. Hər dəfə bir bəhanə edirlər ki, filan sənədləri yığ. Onlara bildirdim ki, bütün sənədləri toplamışam, hətta cənab nazirin də qəbulunda olmuşam. O, mənə mənzil verilməsini tapşırıb. Bu yaxınlarda bir qadını da incidirdilər. Həmin qadın hörmətli Nərgiz Paşayevaya müraciət edəndən sonra onun evi verildi. Haqsızlıq edilən bir neçə nəfər də Leyla xanım Əliyevanın tapşırığı ilə mənzillə təmin edilib. Mən bu haqsızlıqla bağlı cənab nazir Səlim Müslümovdan yardımçı olmağını xahiş edirəm. İnanıram ki, o, mənim müraciətimə diqqət ayıracaq, haqqım olan mənzillə təmin edilməyim ilə bağlı göstərişini verəcək”. Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Babayevlə əlqə saxladıq. O, həmin şəxsin “Məzun evi” Sosial Müəssisəsində mənzil almasının qeyri-mümkün olduğunu bildirdi: “Çox güman ki, o siyahıda həmin şəxsin adı yoxdur. Dövlət uşaq müəssisələrinin valideyn himayəsindən məhrum olmuş, yaşayış yeri olmayan məzunlarının “Məzun evi” Sosial Müəssisəsində yaşayış sahəsi ilə təmin olunması işləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən qanunvericiliyin tələbi əsasında, tam şəffaf və obyektiv şəkildə aparılır. Ona görə də Təhsil Nazirliyi tərəfindən təqdim edilmiş müvafiq siyahıda adı olmayan hər hansı şəxsin “Məzun evi” Sosial Müəssisəsində yaşayış sahəsi ilə təmin edilməsi qeyri-mümkündür”. Rubrika.az Geri qayıt |