Əsas Səhifə > Manşet > Azərbaycan təhsilində “Bərdə faciəsi”

Azərbaycan təhsilində “Bərdə faciəsi”


19-09-2017, 08:20
Azərbaycan təhsilində “Bərdə faciəsi”

Rayon Təhsil şöbəsinin müdiri Rzaqulu Şərifov dövlət siyasətinə necə zərbə vurur

Müdhiş faktlar çox gizlinləri üzə çıxarır


Ulu öndər “Təhsil millətin gələcəyidir” deyəndə Azərbaycan dövlətinin bu strateji sahəyə olan böyük diqqətini nəzərdə tuturdu. Lakin, təəssüflər olsun ki, sözdə özünün dövlətçiliyə, ümummilli liderə sadiq məmur kimi qələmə verən bəziləri əməldə idarə etdikləri sahədə bazar qanunlarını tətbiq edirlər. Bu təhsil sektorunda baş verəndə isə əsl faciəyə çevrilir.

Rubrika.az xəbər verir ki, Bərdə rayon təhsilində baş verən biabırçılıqlar artıq əndazələri aşmaqdadır. Rayon ziyalıları bildirirlər ki, tezliklə tədbirlər görülməzsə təhsildə növbəti “Bərdə faciəsi”nin baş verməsi qaçılmaz olacaq. Rayon təhsil şöbəsinə rəhbərlik edən Rzaqulu Şərifov rəhbərlik etdiyi sahəni elə bir uçuruma yuvarladıb ki, onu xilas etmək çox çətin olacaq.

Rubrika.az-a daxil olan məlumatlarda bildirilir ki, Bərdə məktəblərində müəllimlər dövlətə verdikləri vergilərdən əlavə həm də Təhsil şöbəsinin müdiri Rzaqulu Şərifova vergi ödəyirlər. Rayonda fəaliyyət göstərən 80 orta məktəbdə çalışan 5000-dən çox müəllimin hər biri ayda 10 manat “dinməver vergisi” ödəməyə məcburdur. Əldə olunan məbləğ isə bir əyalət məmuru üçün heç də az deyil.

Ümumiyyətlə təkcə sıravi müəllimlər deyil, məktəb direktorları belə R. Şərifovun idarəetməsindən cana yığılıblar. Nəinki hər ay, hər həftə onlardan müxtəlif adalar altında pul tələb olunduğu bildirilir. Məktəblərə dövlət tərəfindən təmir və digər məqsədlər üçün ayrılan vəsaitlərdən isə söhbət belə gedə bilməz. Çünki, həmin məbləğləri direktorlar ancaq müxtəlif sənədlərə qol çəkəndə kağız üzərində görürlər. Əvəzində isə şagirdlər qış aylarında donmamaq üçün çantalarında məktəbə odun daşıyırlar.

Rayonda təhsilin səviyyəsi ildən ilə aşağı düşməkdədir. Xüsusilə kənd yerlərində dərsə davamiyyət bərbad vəziyyətdədir. X- XI siniflərdə təhsil formal xarakter daşıyır. Müxtəlif hazırlıq kurslarında və repititor müəllimlərdən dərs alan şagirdlərin adı jurnala yazılsa da özlərini görən yoxdur. Hətta Bakıda və digər regionlarda yaşayan şagirdlərin adları müxtəlif məktəblərdə saxlanılır. Bütün bunlar isə valideynlərə bir neçə yüz manata başa gəlir.

Rubrika.az-a verilən məlumatlara görə R. Şərifov hələ məktəb direktoru işləyən vaxtlarda pula olan xüsusi sevgisi ilə seçilib. Məktəb direktoru işləyən zaman hətta birinci partada oturan şagirdlərdən pul alan birisinin Bərdə təhsilini hansı günə qoyduğunu təsəvvür etmək elə də çətin deyil.

R. Şərifov özünü Bərdədə toxunulmaz məmur qismində təqdim edir. Nəinki özü, hətta övladı da bəzi məmur övladları kimi harın, qudurğan həyat tərzi keçirir.

Bir müddət əvvəl Bərdə Rayon Təhsil Şöbəsinin müdirinin oğlu idarə etdiyi məktəbə məxsus 09 AA 089 dövlət nömrə nişanlı avtomobillə bir nəfəri vuraraq öldürməsi haqqında xəbərlər yayıldı. Lakin bu hadisənin üzərindən xeyli vaxt

keçməsinə baxmayaraq, nə onunla bağlı hər hansı bir tədbir görüblər, nə də həbs ediblər. Bu olaydan sonra Bərdə Rayon Təhsil Şöbəsinin müdiri az qala hər yerdə arxasında yüksək çinli məmurun dayandığını və buna görə də heç kimin ona gücünün çata bilməyəcəyini bəyan edir.

Rubrika.az xəbər verir ki, artıq Bərdə ziyalıları baş verənlərlə bağlı həyacan təbili çalır, narahatlıqlarını bildirirlər. Təhsil naziri M. Cabbarova müraciət edən rayon ziyalıları, valideynlər Bərdə təhsilində baş verən biabırçı qanunsuzluqlara tezliklə son qoyulmasını tələb edirlər. Hər halda bir rayonun təhsili, gələcəyi, bir nəfərin maraqlarından üstündür. Bərdə təhsilində baş verənlər prezidentin, birinci vitse-prezidentin bu sahədə apardığı uğurlu siyasətə ləkə vurmqdan başqa bir şey deyil.

Nicat
Geri qayıt