Əsas Səhifə > Gündəm, Manşet > Maliyyə naziri haqqında ŞOK İTTİHAMLAR

Maliyyə naziri haqqında ŞOK İTTİHAMLAR


28-09-2017, 08:10
Maliyyə naziri haqqında ŞOK İTTİHAMLAR

“Samir Şərifovun bu əməllərinin adı nədir: təxribat, savadsızlıq, yoxsa hər ikisi” ?

ABB-ni sabiq rəhbəri Cahangir Hacıyevdən sensasion açıqlamalar


2015-ci ildə maliyyə xəyanətində suçlanaraq həbs olunan, daha sonra isə 2016-cı ildə məhkəmənin qərarı ilə 15 il müddətinə azadlıqdan məhrum edilən Azərbaycan Beynəlxalq Bankının sabiq rəhbəri Cahangir Hacıyev bu günlərdə verdiyi qalmaqallı açıqlamalarla yenidən gündəmə gəlib. Vəzifə səlahiyyətlərindən sui-istifadə edərək dövlət pulunun talan edilməsində, müvafiq sənədlər olmadan yaxın ətrafına milyonlarla dollar məbləğində kreditlər ayırmaqda, mənimsəmə və israfçılıqda, özünə yaxın oliqarxların “çirkli pullar”ının yuyulmasında və digər cinayətlərdə ittiham olunan sabiq bankir ölkənin maliyyə durumunu təhlil edərək sərt ifadələr işlədib :

“Ölkənin bankları onun iqtisadiyyatının qan-damar sistemi və eyni zamanda güzgüsüdür. Hazırda sözügedən sistem pozulub. Bunun isə iki başlıca səbəbi var. Birincisi, qeyri-peşəkar, dayanıqlı bank sistemi hazırlamadan, onun kapitalını artırmadan, tələm-tələsik və MDB ölkələri arasında ən yüksək devalvasiyanın həyata keçirilməsidir. İkincisi, bank sisteminə hüquq mühafizə orqanları tərəfindən heç bir ölkədə misli görünməmiş şəkildə edilən müdaxilələrdir. Bu gün hüquq mühafizə orqanları kollektor funksiyasını aparmaqla kreditləri qaytarmaq adı ilə, demək olar ki, bank sistemini idarə edirlər. Halbuki, bütün sivil ölkələrdə bu funskiyalar, yəni təsərrüfat subyektləri ilə mübahisələr borc tələblərinin girova və şəxsi əmlaka yönəldilməsi və s. kimi tədbirlərlə yalnız məhkəmələrdə həll olunur.”

Sabiq bankirin müsahibəsində Maliyyə naziri Samir Şərifov haqqında sensasion sayıla biləcək məqamlar diqqət çəkir. C. Hacıyev ard-arda baş verən devolivasiyaların bir nömrəli günahkarı kimi Maliyyə nazirini ittiham edir :

“Digər bir məsələ, yəni manatın devalvasiyasından əziyyət çəkmiş, banklarda depozitləri və valyuta kreditləri üzrə borcları olan əmanətçilərə kompensasiya, haqqında millət vəkili V.Əhmədov dəfələrlə məsələ qaldırmışdı. Əfsuslar olsun ki, Maliyyə naziri buna da qarşı çıxmış, qanunun qəbulunun qabağını almışdır. Halbuki, baş verən devalvasiyanın günahkarı banklar yox, Maliyyə naziridir. Yenə də MDB ölkələrinin təcrübəsinə nəzər salsaq, görərik ki, misal üçün, Qazaxıstanda devalvasiya gününə qədər banklarda 1 milyon təngə depoziti olan 1 milyon 700 min əmanətçinin zərərləri kompensasiya edilmişdir. Bu da ölkədəki əmanətçilərin 86%-i deməkdir. Oxşar qərar valyuta kreditləri haqqında da verilmişdir”.

Samir Şərifovu heç bir iqtisadi, maliyyə-bank təhsili olmamaqda günahlandıran sabiq bankir Maliyyə naziri barəsində 3 ölkəyə casusluqda, bank sistemində böhran yaratmaqda, “qara bazar”a valyuta axını təşkil etməklə bağlı ittihamları şərh edib :

“Maliyyə nazirinin hansı ölkənin casusu olub-olmaması müvafiq orqanların araşdırma mövzusudur. SSRİ DTK-nin keçmiş əməkdaşının verdiyi müsahibəsində kankret faktlar, şirkət adları, bank əməliyyatları göstərilir. Yəqin ki, indiyə qədər bu faktları araşdırıb ictimaiyyətə açıqlama vermək olardı. İnternet və informasiya erasında belə araşdırmaları jurnalistlər də aparır. Nazirin peşəkar fəaliyyətinə nəzər salanda isə görürük ki, bəli, onun heç bir iqtisadi, maliyyə-bank təhsili yoxdur, AMB-da (Mərkəzi Bankda) işləyərkən yalnız bir layihənin müəllifi olmuşdur – banklararası ödəniş AZİPS sisteminin. Bu ödəniş sisteminə əsasən, ölkə daxilində manat ödənişləri, nədənsə, Beynəlxalq SWİFT sistemi üzərindən aparılırdı. SWIFT isə bəzi xarici mətbuatda səsləndirildiyi kimi, xarici kəşfiyyatın nəzarətindədir. Təsəvvürünüzə gətirin ki, Azərbaycan bank ödəyicilərinin məbləğindən asılı olmayaraq (hətta 10 manat belə), banka yatırdığı pullar xaricə gedib qayıdırdı. Və yalnız bankların etirazı nəticəsində milli təhlükəsizliyə zidd, banklara və ödəyicilərə daha bahalı, ümumiyyətlə absurd olan SWIFT-ə alternativ kimi xırda ödənişlər üçün XÖNKS adlanan sistem yaradıldı. O vaxtdan bütün ödənişlər məhz ikinci sistem üzərindən həyata keçirilir. Müəllifi Samir Şərifov olan birinci sistem isə istifadəsiz qalıb”.

Samir Şərifovun Neft Fondundakı fəaliyyətinə toxunan C. Hacıyev aşağıdakıları bildirib:

“Maliyyə nazirinin Neft Fondundakı fəaliyyəti zamanı da xarici banklarla şübhəli əməliyyatlar apardığı barədə məlumatlar sızmışdı. Onun şübhəli əməlləri vaxtilə ölkə daxilində də qeyri-rəsmi araşdırma mövzusu olmuşdu. Maraqlıdır ki, yalnız Neft Fondunun yeni rəhbəri gəldikdən sonra Fond bu safədə səffaflıq üzrə beynəlxalq mükafata layiq görüldü”.

C. Hacıyev Samir Şərifovun Maliyyə naziri kimi fəaliyyətini belə qiymətləndirib:

“Samir Şərifovun Maliyyə naziri kimi fəaliyyəti dövründə də Kapital Bankda “məharətlə” həyata keçirdiyi Əmanət Bankdakı əmanətlərin qaytarılması əməliyyatı, ABB-ni iflas vəziyyətinə salınması, ölkə rəhbərliyinə yalan rəqəmlər verməklə dövlətdən milyardlarla dollar vəsaitin sovrulması, “qara bazarın” bərpa olunmasındakı rolu, sığorta sektorunda inhisarçılığın yaranması və s. əməlləri geniş müzakirə edilib.

Hazırda belə, necə ola bilər ki, Azərbaycanın reytinqi (proqnozu neqativ) Ermənistanın reytinqindən pisdir. Axı, Azərbaycan iqtisadiyyatı kəmiyyət və keyfiyyət göstəriciləriylə Ermənistan iqtisadiyyatından qat-qat üstündür. Ölkənin suveren reytinqinə məhz Maliyyə Nazirliyi cavabdehdir. Bu, ən azı, beynəlxalq reytinq agentlikləriylə danışıqların qeyri-peşəkarlığına dəlalət edir”.

Samir Şərifov haqqında fikirlərini yekunlaşdıran sabiq bankir deyib :

“Mən yalnız bu rəqəmlərə və faktlara istinad edərək soruşmaq istəyirəm: sizcə, Samir Şərifovun bu əməllərinin adı nədir: təxribat, savadsızlıq, yoxsa hər ikisi? Bu suallara özünüz cavab tapın”

Rubrika.az

Geri qayıt