Əsas Səhifə > Qanun > Azərbaycan və Ermənistan prezidentləri arasında 22-ci görüş Cenevrədə olacaq

Azərbaycan və Ermənistan prezidentləri arasında 22-ci görüş Cenevrədə olacaq


13-10-2017, 11:37
Azərbaycan və Ermənistan prezidentləri arasında 22-ci görüş Cenevrədə olacaq

Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyevlə Serj Sərkisyanın 2017-ci ildə ilk görüşü gələn həftə İsveçrənin Cenevrə şəhərində olacaq. Rubrika.az-ın musavat.com-a istinadən məlumatına görə, bunu hakim Ermənistan Respublika Partiyası sədrinin müavini, parlamentin xarici əlaqələr komissiyasının başçısı Armen Aşotyan bəyan edib.

Armen Aşotyan deyib ki, görüş məsələsi oktyabrın 12-si Respublika Partiyasının icra orqanının toplantısında qurumun sədri, dövlət başçısı Serj Sərkisyanla müzakirə olunub. Onun sözlərinə görə, görüş razılaşması ATƏT-in Minsk qrupunun Fransa, Rusiya, ABŞ-dan olan həmsədrləri və ATƏT sədrinin xüsusi nümayəndəsinin ötən həftə Yerevanda və Bakıda apardığı danışıqlarda əldə edilib.

1988-ci ildə başlayan Qarabağ müharibəsində Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli, Ağdam rayonlarını, eləcə də Qazax rayonunun 7, Naxçıvan Muxtar Respublikasının 1 kəndini işğal edib. 1994-cü ildə elan olunan atəşkəsdən bəri sülh danışıqları heç bir nəticə vermir.

Hazırda sülh danışıqları Madrid prinsipləri əsasında aparılır. Minsk qrupu həmsədrlərinin 2007-ci ildə Madriddə irəli sürdüyü prinsiplər Dağlıq Qarabağ ətrafında olan rayonların mərhələlərlə Azərbaycanın nəzarətinə qaytarılması şərti ilə bölgənin yekun statusunun müəyyənləşməsini nəzərdə tutur.

1998-ci ildən bəri Azərbaycan və Ermənistan prezidentləri 53 görüş keçiriblər. Bunun 23-ü Heydər Əliyevlə Robert Köçəryanın görüşləri, 9-u İlham Əliyevlə Robert Köçəryanın görüşləri, 21-i İlham Əliyevlə Serj Sərkisyanın görüşləridir.

İlham Əliyevlə Serj Sərkisyan ilk dəfə 2008-ci ilin iyun ayında, sonuncu dəfə 2016-cı ilin iyun ayında bir araya gəliblər:

5 iyun 2008-ci il – Sankt-Peterburq, Rusiya

2 noyabr 2008-ci il – Moskva, Rusiya

28 yanvar 2009-cu il – Sürix, İsveçrə

7 may 2009-cu il – Praqa, Çexiya

4 iyun 2009-cu il – Sankt-Peterburq

17-18 iyul 2009-cu il – Moskva

8-9 oktyabr 2009-cu il – Kişinyov, Moldova

22 noyabr 2009-cu il – Münhen, Almaniya

25 yanvar 2010-cu il – Soçi, Rusiya

17 iyun 2010-cu il – Sankt-Peterburq

27 oktyabr 2010-cu il – Həştərxan, Rusiya

5 mart 2011-ci il – Soçi

24 iyun 2011-ci il – Kazan, Rusiya

25 yanvar 2012-cu il – Soçi

19 noyabr 2013-cü il – Vyana, Avstriya

10 avqust 2014-cü il – Soçi

4 sentyabr 2014-cü il – Nyu-Port, Uels

27 oktyabr 2014-cü il – Paris, Fransa

19 dekabr 2015-ci il – Bern, İsveçrə

16 may 2016-cı il – Vyana

20 iyun 2016-cı il, Sankt-Peterburq.

Rubrika.az
Geri qayıt