Əsas Səhifə > Hadisə > “Trampın elan etdiyi milli strategiya öz əməli ilə uyğun gəlmir”

“Trampın elan etdiyi milli strategiya öz əməli ilə uyğun gəlmir”


20-12-2017, 14:33
“Trampın elan etdiyi milli strategiya öz əməli ilə uyğun gəlmir”

Qərb mətbuatı prezidentin yeni doktrinasını sərt şəkildə tənqid etdi

ABŞ prezidenti Donald Tramp milli təhlükəsizlik strategiyasını açıqlayıb. Hər kəsin gözlənidliyinni əksinə olaraq Ağ Evin rəhbəri ölkəsinə təhdid yörədə biləcək iki dövlətin adını açıq şəkildə dilə gətirib-Çin və Rusiya.

Musavat.com Qərb mediasında çıxan analitik rəyləri və fikirləri təqdim edir.

Fransanın “Le Figaro” qəzetindən Filipp Jeli doktrinanın, sələflərindən fərqli olaraq Trampın şəxsən özü tərəfindən açıqlandığına diqqət çəkir.

Qəzetin yazdığna görə, doktrina 4 sütundan ibarətdir: ərazinin müdafiəsi, ABŞ-ın tərəqqisi, sülh və ABŞ-ın nüfuzunun güclənməsi.

İlk sütun immiqrasiya və sərhədlərin təhlükəsizliyi haqdadır.

İkincisində “iqtisadi təhlükəsizlik” “milli təhlükəsizliyə” bərabər tutulur və “ədalətli və qarşılıqlı” ticarət münasibətləri barədə tələblər qoyulur. Həmçinin burada ABŞ-ın unikal texniki nailiyyətlərinin və texiniki innovasiyaların xarici, daha doğrusu, Çin qarətçilərindən qorunmasının vacibliyindən söhbət açılır.

Üçüncü postulat silahlı qüvvələrin, o cümlədən nüvə arsenalının kəmiyyət və keyfiyyət cəhətdən gücləndirilərək “güc yolu ilə sülhün yayılmasını” nəzərdə tutur. Burada “Hər şeydən öncə Amerika” prinsipinin ABŞ-ın tək olması anlamına gəlmədiyi və dövlətin ənənəvi alyanslara, habelə könüllü koalisiyalara üstünlük verəcəyi vurğulanıb.

Strategiyada təhdidlər 3 kateqoriyada sadalanıb. Bunlar “təftişçi dövlətlər”, “qaçaq dövlətlər” və beynəlxalq terrorçu və cinayətkar təşkilatlar”dır.

Birinci kateqoriyaya “ABŞ-ın qüdrətinə, nufuzuna və maraqlarına meydan oxuyan” Çin və Rusiya daxildir.

Bu dövlətlər beynəlxalq hüququn əksinə hərəkət edərək silahlı münaqişələr törətməkdə təqsirləndirilir. Çin ticarətdə tarazlığın pozulması, texnologiyaların oğrulanması kimi məsələlərdə ABŞ tərəfindən sərt münasibətə layiq olan strateji rəqib olaraq təsvir olunur. Lakin doktrinada Şimali Koreya məsələsində Pekinlə əməkdaşlığa gedilməsi məsləhət görülür.
Sənəddə Rusiya haqqında sərf edilən sözlər isə Tramp və Putinin bir-birinə etdikləri iltifatlardan tamamilə uzaqdır.

Qaçaq dövlətlərə isə İran və Şimali Koreya aiddir. Lakin doktrinada adı çəkilən ölkələrə qarşı preventiv hərəkətlər edilməsi nəzərdə tutulmayıb.

“The Washington Post” qəzetinin icmalçısı Coş Roqin Trampın milli təhlükəsizlik məsələsində Çinə qarşı daha aqressiv mövqe sərgilədiyinə diqqət çəkir.

“Trampın strategiyasında Çin bir sıra zərərli fəaliyyətlərə görə tənqid olunur, onun beynəlxalq ekspansiyasına qarşı xəbərdarlıqlar ifadə edilir və ABŞ üzərinə Çinlə ağla gələn bütün sahələrdə rəqabət aparmaq öhdəliyini qoyur”, - məqalədə yazılıb.

“Çin artıq strateji rəqib sayılmalıdır, çünki o, başqa heç bir dövlətin bacarmadığı qədər bizimlə siyasi, iqtisadi, hərbi və informasiya sahələrində effektiv rəqabət apara bilir”, - administrasiya içərisindəki yüksək rütbəli rəsmilərdən biri müəllifə söyləyib.

Yazıda doktrinada Çinin Rusiya ilə birlikdə ABŞ-ın maraqlarına təhdid törədən iki “təftişçi dövlət”dən biri olduğunun vurğulandığı, lakin sənəddə Rusiyanın adının 6 dəfə az çəkildiyi göstərilib.

“The New York Times” qəzetinin yazarları Mark Lendler və Devid Sanqer yeni strategiyanı tənqid ediblər.

“Tramp sənəddə ABŞ-ın üzləşdiyi yeni təhdidlərdən danışır. Lakin o bu təhdidlərin təbiətini izah etməyərək, seçkiqabağı dövrdə olduğu kimi Meksika ilə sərhəddə divar tikilməsindən və özünə məxsus lovğalıqla bazarın genişlənməsindən, işsizliyin səviyyəsinin düşdüyündən, vergilərin də aşağı salınmasından dəm vurur”, - jurnalistlər qeyd edib.

“Prezidentin nitqi və sənəddəki analitika arasındakı qeyri-uyğunluq onun milli təhlükəsizlik üzrə müşavirlərinin daha böyük təhdidlə üz-üzə qalmasından xəbər verir. Belə bir çaşqınlıqla Trampın ziddiyyətli mesajlarını anlamağa çalışan xarici ölkələr də üzləşib”, - məqalədə qeyd olunur.

Müəlliflər sənəddə Rusiyanın təhdid olaraq göstərilməsinə rəğmən problemin üzərindən səthi keçilməsini vurğulayıblar.

“Doktrinada ABŞ-a qarşı kiberhücumlardan istifadə edildiyi xatırlansa da, bunun həlli yollarını göstərmək əvəzinə yalnız problemlərin özü sadalanıb. Sənəd məsələyə məsafəli davranaraq Rusiyanın 2016-cı il prezident seçkilərinə müdaxilə etmək üçün hansı yollarla kiber hücumları həyata keçirdiyinə toxunmur və hətta gələcəkdə bu cür müdaxilələrdən qorunmaq üçün genişmiqyaslı milli strategiyanı ortaya qoymur”, - yazıda bildirilir.

“Yeni Amerika təhlükəsizliyi mərkəzi”nin Yaxın Şərq departamentinin direktoru İlan Qoldenberq də “Newsweek” jurnalında yazdığı məqalədə Trampın söylədikləri ilə əməlinin düz gəlmədiyini qeyd edib və elan olunan strategiyanın real olaraq icra olunacağını şübhə altına alıb.

Qoldenberq prezidentin həmişə öz komandasına plan hazırlamağı tapşırdığını, daha sonra özünün bu planın əksinə hərəkət etdiyini bildirib.

Müəllif buna nümunə olaraq Trampın İran və Fələstin məsələsində öz müşavirləri ilə düşdüyü fikri ayrılıqlarını göstərib.

“Trampın İranın nüvə sazişini pozması məsələsində israrı sayəsində ABŞ faktiki olaraq izolyasiya vəziyyətində qalıb. Bizim müttəfiqlərimiz isə İranın bölgədə törətdiyi əməllər üzərində deyil, məhz nüvə məsələsinə kökləniblər. Bu isə prezidentin istədiyinin tam əksinədir”, -Qoldenberq yazır.

Rusiyaya gəlincə, burada vəziyyət daha pisdir. Tramp sənəddə göstərilənlərin əksinə, özü Rusiyanın prezident seçkilərinə müdaxləsini qəbul etmir. Bu isə hökumətin bu cür təhdidlərə qaşrı əks-tədbirlər görməsinə olduqca maneçilik törədir.

“Məsələ burasındadır ki, siyasi xadim olaraq prezident özünü Tasmaniya şeytanı (Tasmaniyada yaşayan yırtıcı heyvan) kimi aparır. Onun müşavirləri fəaliyyət üçün əsas variantları işləyib hazırlayan vaxt qəfildən Tramp peyda olur və hər şeyi alt-üst edir. Bu cür şərtlərdə administrasiyanın hazırladığı tamhəcmli milli strategiyanın hansısa əhəmiyyət daşıyacağına inanmaq avamlıq olar”, - Qoldenberq yekunda rəyini bildirib.

Rubrika.Az
Geri qayıt