Əsas Səhifə > Hadisə > “Azəriqaz”dan abonentlərin şikayətləri ilə bağlı açıqlama...
“Azəriqaz”dan abonentlərin şikayətləri ilə bağlı açıqlama...9-01-2018, 20:29 |
![]() Rubrika.az Musavat com-a istinaden verdiyi xebere gore, son günlər sosial şəbəkələrdə insanlar "Azəriqaz” İstehsalat Birliyi tərəfindən aldadılmaları ilə bağlı məlumatlar paylaşırlar. Abonentlər hesab edirlər ki, "Azəriqaz” əməkdaşları sayğacın göstəricilərini düzgün qeyd etməyib, onlara yanlış bildiriş təqdim edirlər. Bu bildirişin rəsmiləşdirilməsi ilə isə abonentlər artıq pul ödəməli olurlar. Xüsusilə də şikayətlər mexaniki sayğaclarla bağlıdır. Şikayətçilərin sözlərinə görə, smart-kartı olan sayğaclara heç bir müdaxilə edilmir və abonent kartını yükləyib, qazını işlədir. Digər sayğaclarda isə abonentin belə bir imkanı yoxdur və onlar bildirişlər almaq məcburiyyətindədirlər. Bu bildirişlərdə isə aldadılırlar. Şikayətlər əsasən dekabr ayı ilə bağlıdır. Şikayətçilər söyləyirlər ki, "Azəriqaz” rəsmiləri ötən ilin dekabr ayının qaz sərfiyyatını bu ilin yanvarında qeydə alıb: “Nəticədə bizə təqdim edilmiş bildirişdə yanvar ayında istehlak olunmuş qazın həcmi dekabr ayında sərfiyyat kimi qeydə alınıb. Bununla da ötən il limiti keçən abonentlər üçün yanvarın ilk günlərində istehlak olunmuş qazın bir kubmetrinin dəyəri 20 qəpikdən hesablanıb”. Şikayətçilər əsasən hüquq müdafiəçisi Mirvari Qəhrəmanlıya müraciət etdikləri üçün məsələni də sosial şəbəkələrdə o ictimailəşdirib. M.Qəhrəmanlı musavat.com-a bildirib ki, ötən il qəbul edilən qərara görə, 1700 kubmetri keçən abonent ödənişi ikiqat ödəməlidir: “Yəni hər kubmetr üçün 10 qəpik yox, 20 qəpik hesablanır. Hələ mən 16 dekabrda elan yazmışdım ki, smart-kart sayğacı olmayanlar dekabrın 31-də son göstəricini qeyd etsinlər. Çünki məlumat almışdım ki, nə isə oyun edə bilərlər. Həmin zaman “Azəriqaz” açıqlama verdi ki, dekabrın 31-nə kimi limitlər sıfırlanacaq və heç bir problem də ola bilməz. Ancaq problemlər oldu. Bu gün də qəbizləri göstərirəm ki, insanlara bildirişləri gətirirlər, üstündə yazılır ki, 29 dekabr… Yəni adamlar yanvarda işlədilən qazı dekabra yazırlar ki, limit artıq olsun, abonent 10 qəpikdən yox, 20 qəpikdən pul ödəsin. Abonent soruşanda ki, niyə belə edirsən, bildiriş verən cavab verir ki, tapşırıq yuxarıdandır. Yanvar ayının fərqini dekabrın üstünə salıb, itkiləri camaatın cibinin hesabına ödəməyə çalışırlar. Məndə olan məlumata görə, dekabr ayında böyük qaz itkisi var. Xəbər aldım ki, yanvarın 12-nə kimi hələ bu oyun davam edəcək. Şirvan, Sabirabad, Saatlı, İmişli kimi rayonlarda olan mexaniki sayğaclarda da bu kimi oyunlar edib, abonentlərə artıq pul yazıblar. Bu barədə məndə məlumatlar var”. Məsələ ilə bağlı “Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayev musavat.com-a bildirib ki, söylənilənlər həqiqəti əks etdirmir: “Dekabrın ayının sonundan etibarən 2017-ci il üçün nəzərdə tutulan limitin başa çatdırılması və cari il üçün limitin hesablanmasına start verilib. Limit də günlük, aylıq deyil. Bu, illik verilir. Ötən il olduğu kimi, bu il də bildirişlərin verilməsi istirahət və bayram günlərinə təsadüf etdiyi üçün yanvar ayının ilk həftəsi bildirişlər verilib və artıq bu proses də yekunlaşdırılıb. Sayğacın göstəricisində yaranmış fərqin isə olub-olmamasına aydınlıq gətirmək üçün buna abonentin özü də nəzarət edə bilər. Əgər nəzarətçi tərəfindən təqdim olunan bildirişlə sayğacın üzərindəki sərfiyyat arasında fərq yaranıbsa, o zaman onlar yaşadıqları rayon üzrə yerli qaz istismar sahəsinin satış şöbəsinə müraciət edə bilərlər. Yaxud da yaşadıqları rayon üzrə Regional Qaz İstismar İdarəsinə yaxınlaşa bilərlər. Abonentin şikayətləri araşdırılar və ona əsaslı məlumat verilər. Şəxsən mənə bu məsələlərlə bağlı müraciət edən olmayıb”. Rubrika.az Geri qayıt |