Əsas Səhifə > Hadisə > Erməni politoloqlar Türkiyə ilə əlaqələrin düzələcəyinə inanmır – rəylər

Erməni politoloqlar Türkiyə ilə əlaqələrin düzələcəyinə inanmır – rəylər


5-03-2018, 10:38
Erməni politoloqlar Türkiyə ilə əlaqələrin düzələcəyinə inanmır – rəylər

Xəbər verildiyi kimi, Ermənistan prezidenti Serj Sərkisyan martın 1-də Türkiyə ilə iki ölkə arasında 2009-cu ildə münasibətlərin düzəldilməsi ilə bağlı Sürixdə imzalanmış protokolları ləğv edib. Musavat.com Ermənistan mətbuatına istinadən məsələ ilə bağlı düşmən ölkənin fikir adamlarnın mövqelərini oxuculara çatdırır.

Ermənistan Milli Elmlər Akademiyasının Şərqşünaslıq institutunun əməkdaşı, türkoloq Levon Ovsepyan Türkiyənin xarici və daxili siyasətlə bağlı millətçi ritorikasının münasibətlərin normallaşmasına maneçilik törətdiyini bildirib. Onun fikrincə, belə bir fonda Ermənistanla bağlı hər hansı məsələnin müzakirəsinin heç bir perspektivi yoxdur. “Üzümüzə gələn 2019-cu ildəki prezident seçklərini də nəzərə alaraq ,Türkiyənin bu ritorikanı davam etdirəcəyi və “hər tərəfdən düşmənlə əhatə olunan ölkə” görüntüsünü verəcəyi kəskindir” - Ovsepyan bildirib.

Siyasi və beynəlxalq araşdırmalar mərkəzinin eksperti Ruben Mehrabyan isə Ermənistanın əslində Türkiyə ilə münasibətləri düzəltməyə ehtiyacı olduğunu, lakin bunu öz maraqlarının zərəri hesabına etmək istəmədiyini bildirib. Mehrabyana görə, Ankaranın elə protokol imzalanan gündən tutduğu mövqe protokolların perspektivini heçə endirib.

Ruben Mehrabyan Türkiyə-Ermənistan münasibətlərinin normallaşması mövzusunun gələcəkdə də gündəmə gələcəyini istisna etmədiyini söyləyib. Onun fikrincə, yeni sənəddə sadəcə, iki maddə olmalıdır. “Birincisi, sərhədlərin açılması, ikincisi İrəvan və Ankarada səfirliklərin qurulması. Bundan başqa heç bir şərt, müddəa lazım deyil”.

“Daşnaksütyun”un rəhbərlərindən Kiro Manoyanın sözlərinə görə, yeni Türkiyə-Ermənistan protokolları yalnız Qarabağ münaqişəsinin nizamlanmasından sonra gündəmə gələ bilər.

Ermənistanın Strateji və milli araşdırmalar mərkəzinin direktoru, politoloq Manvel Sərkisyan isə Türkiyənin heç bir zaman Ermənistanla hansısa sazişi imzalamayacağı qənaətindədir: “Türkiyəyə saziş imzalamağa və ya ermənilərin hansısa hüquqlarını tanımağa hazır deyil. Nə Türkiyə, nə də Azərbaycan osmanizm siyasətinə görə heç vaxt və heç bir müqaviləni imzalamaz” .

Manvel Sərkisyan hesab edir ki, Türkiyə ilə sərhədlərin açılmasında tək Ermənistan maraqlıdır. “Türkiyə üçün isə bunun hansısa əhəmiyyəti belə yoxdur. Ermənistan blokadadan qurtulmaq istəyir. Lakin nə Türkiyənin, nə də Azərbaycanın heç də bunun üçün ürəyi getmir və hansısa stimulları da yoxdur. Məsələn, müharibə Azərbaycana inkişaf etməkdə maneçilik törətmədi. Ermənistanın siyasi elitası isə bunu dərk etmək istəmir” - Sərksyan əlavə edib.

Rubrika.Az
Geri qayıt