Əsas Səhifə > Dünya > “Rusiyanın xarici siyasəti böhran vəziyyətindədir” - sabiq nazir

“Rusiyanın xarici siyasəti böhran vəziyyətindədir” - sabiq nazir


5-03-2018, 21:07
“Rusiyanın xarici siyasəti böhran vəziyyətindədir” - sabiq nazir

Tofiq Zülfüqarov: “Putin Qərbə müraciət etsə də, əsas məqsədi daxili auditoriyaya xitab etmək idi”
Rusiya prezidenti Vladimir Putinin Federal Məclisə müraciətində ölkəsinə və ya müttəfiqlərinə nüvə hücumu zamanı dərhal cavab veriləcəyini bəyan etməsi, üstəlik, ölkəsinin nüvə başlığı daşıya bilən sualtı pilotsuz üzən aparata malik olduğunu deməsi dünya gündəmini silkələyib. Rusiya lideri deyib ki, təyyarədaşıyan gəmiləri və sahil mühafizə obyektlərini məhv etməyə qadir olan yüksək sürətli aparat qitələrarası məsafəni qət edə və radarlardan yayına bilir.

V.Putinin nüvə açıqlamasına müxtəlif reaksiyalar verilib. Eyni zamanda bəzi Qərb ekspertləri iddia ediblər ki, Putinin Qərbə meydan oxuması, Rusiyanın zəifliyini nümayiş etdirir. “The Independent” yazıb ki, Putinin Federal Məclisdə ötən cümə axşamı etdiyi nitq son on ildə hər hansı dünya liderinin etdiyi ən qarşıdurmalı çıxış idi. “O iddia edirdi ki, nüvə silahlarının yeni, “gözəgörünməz” və “proqnozlaşdırılmaz” modifikasiyalarına malikdir. Putin ölkəsinin ABŞ-la strateji rəğbətini gizlətməyə çalışmırdı. Bir çoxlarının gəldiyi nəticə budur ki, Putin faktiki olaraq yeni “soyuq müharibə” elan edib”-xarici nəşr yazıb. (“BBC Azərbaycanca”) Bir çox Qərb ekspertləri Putinin haqqında danışdığı silah proqramının ağlabatan olduğuna şübhə edirlər. “The Independent” yazır ki, elə buna görə də Kreml prezidentin verdiyi bir çox bəyanatlardan dərhal da geri çəkilib. Məqalədə deyilir ki, Putinin çıxışı zamanı nümayiş etdirdiyi animasiyalar adamlarda təsəvvür üçün çox az məkan buraxırdı. Bu animasiyalardan birində Rusiyadan qalxan yeni ballistik raket Qərbə doğru qanadlanırdı. Məqalədə deyilir ki, federal millət vəkilləri və başqa aparıcı rəsmilər mətləbi anlamışdlar və hətta bu multiplikasiya raketi hədəfə dəyməzdən əvvəl qımışmağa başlamışdılar.

Amma ötən cümə günü mətbuat üçün ənənəvi brifinqində Putinin sözçüsü Dmitri Peskov deyib ki, bu animasiyanın mənası səhv başa düşülüb. O bildirib ki, bu xəritələrin “real ölkələrlə heç bir əlaqəsi olmayıb”.
Putinin çıxışına beynəlxalq reaksiyalar dərhal verilib. Almaniya kansleri Merkel və Amerika prezidenti Donald Trump bu çıxışla bağlı narahatlıq ifadə ediblər. Amma Peskov deyib ki, beynəlxalq icma çıxışı düzgün başa düşməyib. Onun sözlərinə görə, Putinin nitqi “konfrontasiyalı” olmayıb. Çıxışda sadəcə olaraq Rusiyanın potensial (hələ mövcud olmayan) texnoloji irəliləyişi nümayiş etdirilib. Peskov deyib ki, yeni silahların təqdimatı bu çıxışı “militarist” ritorika dərəcəsinə qaldırmır. Onun sözlərinə görə, əksinə, Rusiyanın yeni silahları dünyanın iki fövqəldövləti arasında “paritetə” nail olmaq məqsədilə verilən “məntiqi reaksiyadır”. Peskov daha sonra deyib: “Biz düşmənin arsenalını darmadağın edəcək silahlar yaratmırıq, elə biz özümüz də onların bəzi silahlarının qarşısında müdafiəsizik”.
Londondakı Kral Müdafiə və Strateji Tədqiqatlar İnstitundan hərbi ekspert İqor Sutyagin “The Independent” qəzetinə deyib ki, Rusiyanın arqumentləri aldadıcıdır. ABŞ antiballistik raket sistemləri Sovetin qitələrarası raketlərindən müdafiə üçün layihələndirilməyib. Ekspert bununla yanaşı bildirib ki, Putinin təqdimatını etdiyi bəzi silahlar hələlik yalnız “onun ürəyindən keçənlərdir”. Praqadakı Beynəlxaql Əlaqələr İnstitutundan ekspert Mark Galeortti deyib ki, “bütün proqramların təkmilləşdirlməyə ehtiyacı var, amma bu çıxışdakılar tamamilə ağdır”. “Nə baş verəcəksə, çox yavaş baş verəcək və bu silahların çoxu güman ki, Putin hakimiyyətdə olan müddətdə gerçəkləşməyəcək” - deyib Galeotti. Kremlin keçmiş müşaviri və təhlükəsizlik eksperti Vladimir Frolov Putinin təqdimatını “blef” adlandırıb. Onun fikrincə, bu cür “ekzotik” silahların nə vaxtsa işıq üzü görəcəyi şübhə doğurur.

Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov “Yeni Müsavat”a bildirdi ki, Putinin nüvə təhdidi ilk növbədə daxili auditoriya üçün mesaj idi: “Qərbə müraciət etsə də, əsas məqsədi daxili auditoriyaya xitab etmək idi. Amma onun bu təhdidinə xarici reaksiya elə də ciddi olmadı. Amerika deyib ki, biz bu silahları izləyirik, hələlik heç bir nəticə yoxdur. Makron və Merkelin, Avropa İttifaqının bəyanatı olub. Amma bunlar çox emosiyasız, sadə bir reaksiyadır. Çinin reaksiyası isə çox xarakterik oldu. Hamı başa düşür ki, bu çıxış seçkiqabağı daxili auditoriyaya yönəlib. Bəllidir ki, Rusiyanın xarici siyasəti böhran vəziyyətindədir, burada nə isə irəliləyiş gözləmək çətindir. Ona görə əsas məqsəd daxili siyasətdə müxalif fikirlərin yayılmasın qarşısını almağa hesablanıb”.
Eks-nazir mütəxəssis olmadığından Rusiyanın belə bir dağıdıcı silaha malik olub-olmadığı barədə konkret fikir bildirməyin asan olmadığını bildirdi: “Dəqiq nə isə demək çətindir. Texniki mütəxəssislər deyir ki, belə bir silahlar var, amma sınaq səviyyəsindədir”.
Putinin zəifliyi, yaxud qorxaqlığı barədə Qərbdəki yanaşmalara gəldikdə, eks-nazir dedi ki, Ukrayna ilə bağlı vəziyyət Rusiyanın izolyasiyasına gətirib çıxarıb: “Putinin addımını dünya qəbul etmədi, böhran da burdan başladı. Rusiyanın özünü hamıya bərabər oyunçu kimi göstərməsi də onun əleyhinə işlədi. Suriyada da Rusiya digər ölkələrdən, oyunçulardan birinə çevrilib. Yəni Rusiya digər oyunçulardan biridir, bu proseslər ona əlavə dividentlər qazandırmayıb. Suriya və Ukrayna hadisələrindən sonra Putinin dəstəyi zəifləyib, ona görə də belə addımlar atır”. Sabiq nazir ölkəsini dünya ilə üz-üzə qoyması şəraitində seçkiyə gedən Putinlə bağlı proqnozlarını da bölüşdü: “Seçkidə böyük dəyişiklik gözləmirəm. Amma daxili siyasət üçün komandanın bəzi üzvlərinin dəyişməsi labüddür”. Maraqlıdır, bu dəyişiklik başında erməni nazirin dayandığı XİN-i də əhatə edəcəkmi? T.Zülfüqarov dedi ki, bir sıra problemlər, həmçinin kokain səs-küy ilə bağlı böyük problemlər fonunda bu addımın atılması məntiqli görünərdi: “Həm də Lavrovun təqaüd yaşı çatıb”.
Bu arada Rusiya prezidenti Vladimir Putin xüsusi xidmət orqanlarının aktivləşməsindən danışıb. Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, o bu barədə

Federal Təhlükəsizlik Xidmətinin iclasında deyib. “Hamınızın bildiyi kimi son illərdə xarici kəşfiyyat aktivləşməkdə davam edir. Onlar müasir casus şəbəkəsindən istifadə etməklə, Rusiyada aktiv işləyirlər. Təkcə ötən il 72 kadr əməkdaşının və 397 xarici agentin fəaliyyəti zərərsizləşdirilib”. Belə görünür Rusiyanın ABŞ-dakı seçkilərə müdaxiləsi barədə hələ də dartışılan müzakirələrin fonunda Putin ölkəsindəki seçkilərə qarşı tərəfin müdaxiləsinin olacağından ehtiyatlanır...(Musavat.com)

Rubrika.az






Geri qayıt