Əsas Səhifə > Müsahibə > Əflatun Amaşov parlamentdə qəzet kağızına tətbiq edilən ƏDV-in ləğvini istədi

Əflatun Amaşov parlamentdə qəzet kağızına tətbiq edilən ƏDV-in ləğvini istədi


17-03-2018, 10:45
Əflatun Amaşov parlamentdə qəzet kağızına tətbiq edilən ƏDV-in ləğvini istədi

"Əslində bu, dövlət büdcəsinə elə də əhəmiyyətli vəsait gətirmir - təxminən yarım milyon manat"

Rubrika.Az bildirir ki, Milli Məclisin dünənki iclasında çıxış edən deputat, Mətbuat Şurasının sədri Əflatun Amaşov Nazirlər Kabinetinin 2017-ci ildəki fəaliyyətinə dair hesabatını qənaətbəxş sayıb. Bildirib ki, sənəddəə bütün sahələr üzrə görülən işlərə yetərincə nəzər salınıb, qarşıya qoyulan vəzifələr müəyyənləşdirilib.

Daha sonra Şura sədri mətbuatı narahat edən məsələyə hökumətin diqqətini cəlb etməyə yönəlik fikirlərini bölüşdü: “Mən 2016-cı ilin hesabatı müzakirə edilərkən də bu məsələyə diqət yetirmişdim. Bu, maliyyə baxımından çox cüzi rəqəmlə bağlıdır. Amma mənəvi, siyasi, ölkəmizin dünyada imicinin müsbət formalaşması baxımından çox çox önəmlidir. Söhbət ölkəyə gətirilən hazır çap məhsulları və qəzet kağızı üzərinə əlavə dəyər vergisinin tətbiqinə başlanılmasından gedir. Məlum olduğu kimi, bu vergi əvvəllər tətbiq edilmirdi. Amma bir neçə ildir tətbiqinə başlanılıb. Əslində bu, dövlət büdcəsinə elə də əhəmiyyətli vəsait gətirmir. Təxminən yarım milyon manat. Ancaq əlavə dəyər vergisinin tətbiqi medianın iqtisadi durumuna olduqca mənfi təsir göstərməkdədir. Düşünürəm ki, hazırkı durumda medianın istisadi durumu və onun yerinə yetirdiyi ictimai missiya mütləq qaydada nəzərə alınmalıdır”. Ə.Amaşov deyib ki, həm də bu missiya yalnız ictimai deyil, eyni zamanda stratejidir: “Bu gün qeyd etdiyim məsələ səbəbindən hər hansı qəzet nəşrini dayandırırsa, yaxud onun nəşrində durğunluq yaranırsa, demək ki, ölkəmizin informasiya müharibəsindəki mövqeyi zəifləyir. Mən hüquqşünas deyiləm, amma məsələyə hüquqi nöqteyi-nəzərdən də diqqət yetirmək istərdim. Vergi Məcəlləsinin 164.1.7-ci maddəsində göstərilir ki, kütləvi informasiya vasitələri məhsullarının alqı-satqısının bütün növləri üzrə dövriyyələr əlavə dəyər vergisindən azaddır. Yəni sözüm ondadır ki, qeyd etdiyim məsələnin reallaşması üçün hazır hüquqi baza da mövcuddur. Sadəcə bunu işlək hala gətirmək lazımdır. Mən bir daha təklif edirəm ki, ölkəyə gətirilən qəzet kağızı və hazır çap məhsulları üzərindən əlavə dəyər vergisi aradan qaldırılmalıdır. Və bir daha hər kəsi bu təklifimi dəstəkləməyə çağırıram”.

Deputat başqa bir məsələyə də diqqət yetirməyi zəruri sayırıb: “Deputatı olduğum Saatlı rayonunda suvarma, kollektor-drenaj şəbəkələri, hidrotexniki qurğular, nasos stansiyası və digər obyektlər istifadəyə verilib. Həqiqətən də həyata keçirilən tədbirlər nikbinlik üçün əsas verir. Ancaq qeyd etməliyəm ki, suvarma işlərini daha da gücləndirməyə ehtiyac var. Bunun üçün hazırkı imkanlar zəifdir. Bu məqsədlə Kür çayından yeni su kanalı çəkilməlidir. Bir dəfə də bildirmişəm ki, söhbət cəmi 17-18 kilometr uzunluğunda olan kanalın çəkilişindən gedir. Düşünmürəm ki, bu iş ciddi vəsait aparacaq. Ancaq susuzluqdan kəndlilər gəlirlərindən məhrum olurlar. Buna görə də istərdim ki, Azərbaycan hökuməti 2018-ci ildə bu məsələyə də xüsusi həssaslıqla yanaşsın”.

Rubrika.Az
Geri qayıt