Əsas Səhifə > Yaddaş > Moskvada 31 Mart soyqırımı qurbanlarının xatirəsi anılıb
Moskvada 31 Mart soyqırımı qurbanlarının xatirəsi anılıb31-03-2018, 19:22 |
|
Azərbaycanın Rusiyadakı səfirliyində 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar tədbir keçirilib. Tədbirdə Rusiyadakı Azərbaycan diasporunun nümayəndələri, tanınmış alimlər iştirak ediblər. Rubrika.az Azərtac-a istinadən xəbər verir ki, tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin səfirliyin foyesindəki barelyefi önünə, həmçinin 31 Mart soyqırımına həsr olunmuş stendin qarşısına çiçəklər düzüblər. Azərbaycanın Rusiyadakı səfirliyinin, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin və Rusiya Azərbaycanlı Gənclər Birliyinin təşkilatçılığı ilə keçirilən anım tədbirində çıxış edən səfir Polad Bülbüloğlu yüz il əvvəl baş vermiş soyqırımının xalqımızın yaddaşından heç vaxt silinməyəcəyini bildirərək deyib: “1918-ci ilin martında Bakıda və Azərbaycanın digər ərazilərində minlərlə insanın, əsasən də müsəlmanların qırğını ilə nəticələnən hadisələr baş verib. Sovetlər İttifaqı dövründə bu mövzuya yasaq qoyulub, hadisələr təhrif edilərək vətəndaş müharibəsi kimi qələmə verilib. Tarixi həqiqətlər yalnız Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra üzə çıxarılıb. 1998-ci il martın 26-da ulu öndər Heydər Əliyev martın 31-nin Azərbaycanlıların Soyqırımı Günü kimi elan olunması haqqında Fərman imzalayıb. Fərmanda qeyd olunub ki, Azərbaycanın müstəqillik əldə etməsi xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini yenidən yaratmağa imkan verir". Səfir qeyd edib ki, keçmişi qiymətləndirməyə əsaslanan bu Fərman gələcəyə müraciətdir və yeni nəsillər üçün xəbərdarlıqdır: "Bununla əlaqədar Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın "Xocalıya ədalət" beynəlxalq kampaniyasının vacibliyini bir daha xatırlatmaq istəyirəm. Kampaniya çərçivəsində dünya ictimaiyyətinə Xocalı soyqırımı haqqında həqiqətlər çatdırılmaqla, real nəticələrə nail olunub. Hazırkı dövrdə müharibələr təkcə döyüş meydanında deyil, insanların şüurunda və qəlbində aparılır. Ona görə də bizim - diplomatların, alimlərin, jurnalistlərin və ümumilikdə sadə insanların vəzifəsi əsas döyüşü uduzmamaq, dünya ictimaiyyətinə Azərbaycan xalqına qarşı törədilən soyqırımı haqqında həqiqətləri yorulmadan çatdırmaqdır". Milli Məclis Aparatının inzibati və hərbi qanunvericilik şöbəsinin müdiri, hüquq elmləri doktoru Nizami Səfərov 1918-ci ilin mart hadisələrinin Bakıda, Qubada, Şamaxıda və Azərbaycanın digər bölgələrində müsəlman əhalinin məhvinə yönəldilmiş silsilə qırğınların başlanğıcı olduğunu qeyd edib, sənədlər və faktlar əsasında qanlı qırğınları törədənlərin məkrli niyyətindən söz açıb. Rubrika.az Geri qayıt |