Əsas Səhifə > Gündəm > Əksər ölkələrin baş sındırdığı məsələni İlham Əliyev həll edib: “Təhsil, üstəgəl iqtisadiyyat və sosial inkişaf...”

Əksər ölkələrin baş sındırdığı məsələni İlham Əliyev həll edib: “Təhsil, üstəgəl iqtisadiyyat və sosial inkişaf...”


6-04-2018, 23:55
Əksər ölkələrin baş sındırdığı məsələni İlham Əliyev həll edib: “Təhsil, üstəgəl iqtisadiyyat və sosial inkişaf...”

Azərbaycanda 11 aprel prezident seçkisinə sayılı günlər qalır. Bu səbəbdən də prezident seçkisində əsas namizəd İlham Əliyevə xüsusilə yaxın qonşumuz olan Rusiya mediasında maraq böyükdür. Əlbəttə bu da təsadüfi deyil. Çünki daha 7 il Azərbaycana rəhbərlik edəcək şəxsin atacağı addımlar, gərginləşən beynəlxalq münasibətlərdə ölkəmizin tutacağı mövqe, xüsusilə yaxın qonşuları ilə münasibətləri, o cümlədən hansı iqtisadi-sosial proqramların gerçəkləşəcəyi xüsusi maraq doğurur.

Prezident İlham Əliyev Rusiyanın TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmana müsahibəsində bu və digər aktual məsələlərə böyük ölçüdə aydınlıq gətirib. Müsahibədə prezidentin Azərbaycanın həm bu günü, həm gələcəyi ilə bağlı inamlı danışması, jurnalisti maraqlandıran bütün suallara birbaşa və açıq cavabları diqqət çəkir.

Prezident öncə Azərbaycanda hakimiyyətdə olduğu son 15 ildə Azərbaycanın iqtisadi inkişafına nəzər salıb.

“Bizim fəaliyyətimizin başlıca istiqamətlərindən biri iqtisadi müstəqilliyin tam təmin edilməsi olub, bu, siyasi müstəqilliyin əsasıdır. Ona görə ki, əgər ölkə iqtisadi cəhətdən asılıdırsa, onda müstəqil siyasət həyata keçirməkdə böyük çətinliklərlə üzləşə bilər və çox vaxt üzləşir. Buna görə də bu, bizim fəaliyyətimizin başlıca istiqaməti olub və bu gün Azərbaycan iqtisadi baxımdan özünü tamamilə təmin edən və heç bir iqtisadi çətinliyi olmayan ölkədir. Bir neçə rəqəm göstərə bilərəm: son 15 ildə Azərbaycan iqtisadiyyatı 3,2 dəfə artıb, zənnimcə, bu, dünya rekordudur. Çox böyük investisiya layihələrinə baxmayaraq, bizdə xarici borcun sabitləşdirilməsi üzrə də iş aparılıb. Bu gün xarici borc ümumi daxili məhsulun təxminən 20 faizinə bərabərdir. Mən qarşıdakı illərdə bu borcun xeyli azaldılması barədə göstərişlər vermişəm. Azərbaycanın valyuta ehtiyatlarının həcmi ümumi daxili məhsulun həcminə bərabərdir. Başqa sözlə desək, biz istəsək bir neçə gün və ya bir neçə ay ərzində bütün borcları ödəyə bilərik. Azərbaycanın maliyyə vəziyyəti kifayət qədər sabitdir və bizim həyata keçirdiyimiz investisiya layihələri, əlbəttə ki, əlavə mənfəət gətirəcək. Onu da qeyd etməliyəm ki, son 15 ildə Azərbaycan iqtisadiyyatına 230 milyard dollardan artıq sərmayə qoyulub”. Prezident iqtisadiyyatdakı uğurların dünyanın maliyyə institutları tərəfindən də izlənildiyini xüsusi qeyd edib: “Bizim nailiyyətlərimiz beynəlxalq strukturlar tərəfindən də qiymətləndirilir. Davos Dünya İqtisadi Forumunun son hesablamalarına əsasən, Azərbaycan qlobal rəqabət qabiliyyətliliyinə görə 35-ci yeri tutur. Elə həmin Davos Forumunun inklüziv inkişaf indeksinə görə isə biz inkişaf etməkdə olan ölkələr arasında 3-cü yeri tuturuq. Bizdən irəlidə yalnız 30 inkişaf etmiş ölkə və iki inkişaf etməkdə olan ölkə var. Yəni, mən düşünürəm ki, Davos Dünya Forumunun verdiyi bu qiymət bizim nəyə nail olduğumuzu hər şeydən yaxşı nümayiş etdirir”.

Dövlət başçısı əlavə edib ki, Azərbaycanda infrastrukturla bağlı praktiki olaraq bütün məsələlər həll edilib. “Son 15 ildə biz 30-dan çox elektrik stansiyası istifadəyə vermişik və elektrik enerjisi ixrac edən ölkəyə çevrilmişik. Bu ilin sonuna qədər Azərbaycanda qazlaşdırmanın səviyyəsi 95 faizə çatacaq. Son illərdə biz hər il 100 min hektardan çox suvarılan torpağı istifadəyə veririk. Bu, kənd təsərrüfatının inkişafına güclü təkan verir. Bu il də daxil olmaqla son 15 ildə Azərbaycanda 15 min kilometr yol çəkilib. Bunlar əhalini narahat edən əsas amillər idi. Bundan əlavə, 1 milyon 400 min iş yeri açılıb. Mahiyyət etibarilə işsizlik göstəricisi azalaraq 5 faizə endirilib. Buna görə də müraciətlərin dinamikası və mövzuları dəyişir” - deyə, dövlət başçısı bildirib.

Dünyada ən aktual olan işsizliklə bağlı statistikaya toxunan dövlət başçısı bunları deyib: “Biz iqtisadiyyatın yüksək dərəcədə şaxələndirilməsinə nail olmuşuq, yüz minlərlə yeni iş yeri yaradılıb, Azərbaycanda işsizlik təxminən beş faiz səviyyəsindədir. Yoxsulluğu da xeyli azalda bilmişik. Bu gün yoxsulluq göstəricisi 5,4 faiz həddindədir. Bütün bunlar bizim son illərdə həyata keçirdiyimiz və sanballı səmərə vermiş sosial-iqtisadi siyasətin nəticəsidir”.

Yoxsulluğun aradan qaldırılmasının dövlət üçün niyə əsas prioritet olduğunu açıqlayan İ.Əliyev çox mühüm məsələyə toxunub. “Biz görürük ki, çoxsaylı sosial-iqtisadi problemlər – yoxsulluq, işsizlik, ümidsizlik olan yerdə radikalizm və ekstremizm ideyaları özünə dəstək tapır, savadsız adamlar düşünürlər ki, xilas yolu elə bundan ibarətdir. Buna görə bu cür təbliğata qarşı mübarizənin mühüm amilləri, zənnimcə, təhsil üstəgəl iqtisadi və sosial inkişafdır. Dediyim kimi, Azərbaycanda işsizliyin və yoxsulluğun səviyyəsi dünyada ən aşağı göstəricilərdən biridir. Əlbəttə, fəal dövlət siyasəti və milli mənlik şüuru ideyalarının, bizim keçmişimizlə bağlı ideyaların, gələcək planlarımızın təbliği – bütün bunlar potensial təhlükələrə qarşı fəal mübarizə aparmağımıza kömək edir. Deməliyəm ki, ölkəmizin daxilində cəmiyyətin radikallaşması ilə bağlı potensial risklər yoxdur. Biz, sadəcə, özümüzü kənardan mənfi və təhlükəli təsirlərdən həm inzibati, həm də sosial-iqtisadi və ideoloji xarakterli tədbirlərlə qorumalıyıq”.Musavat.com


Rubrika.az


Geri qayıt