Əsas Səhifə > Müsahibə > Niyə İlham Əliyev? - Azərbaycan gerçəyi iş adamının gözü ilə

Niyə İlham Əliyev? - Azərbaycan gerçəyi iş adamının gözü ilə


7-04-2018, 10:15
Niyə İlham Əliyev? - Azərbaycan gerçəyi iş adamının gözü ilə

(VI hissə)

Sosial siyasətlər adətən tərəqqi yolunu keçmiş, oturuşmuş sistemlərdə həyata keçirilir. Quruculuğunun ilk mərhələsini yaşayan dövlətlər isə daha çox iqtisadiyyatını formalaşdırmağa, təhlükəsizlik orqanlarını təkmilləşdirməyə, ordusunu möhkəmlətməyə üstünlük verirlər. İstər maliyyə çatışmazlığı, istərsə də dövlətin təməllərini möhkəmləndirməyə qoyulan investisiyaların maddi imkanları sıxışdırması məcburən sosial sahələrə maliyyə ayrılmasını çətinləşdirir və bu vacib məsələ ikinci plana atılır.

Müasir Azərbaycan dövlətinin 25 illik tarixinə nəzər salanda isə həm mərhum Heydər Əliyevin, həm də onun siyasi varisi İlham Əliyevin böyük iqtisadi layihələrlə yanaşı sosial siyasətləri də özünün prioritetinə çevirdiyini görə bilərik. Mərhum prezident Heydər Əliyevin hakimiyyətinin ilk illərində əhalinin maddi rifah halının yaxşılaşdırılmasını başlıca siyasi hədəf kimi mənimsədiyi onun müxtəlif zamanlarda dilə gətirdiyi fikirlərdə də öz əksini tapmışdı.

Dahi rəhbər ikinci dəfə xalqın etimadını qazanarkən Andiçmə mərasimində sosial siyasətlərə nə qədər əhəmiyyət verdiyini bu cür etiraf edirdi: "Biz yaxşı bilirik ki, aparılan iqtisadi siyasət, həyata keçirilən islahatlar iqtisadiyyatı ümumən inkişaf etdirməklə yanaşı, aztəminatlı təbəqənin vəziyyətinə müəyyən qədər mənfi təsir göstərir. Ona görə də biz islahatlarımızın sosial yönümünə xüsusi fikir veririk və bundan sonra da bu, bizim diqqət mərkəzimizdə olacaqdır".

Mərhum prezidentimizin həmin çıxışına diqqətlə nəzər salanda müasir Azərbaycanımızın ilk quruculuq illərində sosial siyasətlərə xüsusi diqqət ayırmasının o qədər də asan olmadığını sezməmək mümkün deyil. Bu da başa düşüləndir. Çünki sovet imperiyasının caynaqlarından yenicə canını qurtaran Azərbaycan bir çox probemlərlə çaprışırdı. Bir tərəfdən darmadağın olmuş iqtisadiyyatımız yenidən qurulmalı, digər tərəfdən isə yaranmış işsizlər ordusunun gündəlik tələbatları yerinə yetirilməli idi. Bu da azmış kimi, sovet hakimiyyətinin dağılmasıyla ortaya çıxan xeyli sosial problemlər də öz həllini gözləyirdi.

Xüsusilə sosial yardıma ehtiyacı olan vətəndaşlarımızın müavinət məsələləri həll edilməliydi. Azərbaycanın isə sosial yardma möhtac vətəndaşları xeyli çox idi. II Dünya müharibəsi, Əfqanıstan, Çernobıl əlilləri, 20 Yanvar şəhidlərinin ailələri, Qarabağ savaşının ortaya çıxardığı bitib-tükənməyən problemlər, xüsusilə 1 milyondan artıq qaçqının ev və minimum yaşayış ehtiyaclarıyla təminatı Azərbaycan dövlətini olduqca ağır vəziyyətlə üz-üzə qoymuşdu. Bu yükü qaldıra biləcək maliyyə gücümüz isə yox səviyyəsində idi. SSRİ-nin dağılmasıyla dərinləşən iqtisadi böhran, ölkə tarixində misli-bərabəri görünməyən devalvasiyalar və s. kimi problemlər bir an öncə yoluna qoyulmasa, Azərbaycanda siyasi stabillik yaratmaq mümkün deyildi. Ölkəmizin gözünü dikdiyi karbohidrogen sərvətlərinin dünya bazarına çıxarılması üçün isə böyük zamana ehtiyac vardı.

Bu qədər sarsıdıcı problemlər arasında çabalayan ölkəmiz yalnız böyük siyasət adamı Heydər Əliyevin dayanmadan çalışması sayəsində öz yoluna qoyula bilərdi. Məhz bu səbəbdən də dahi rəhbər səhər tezdən gecə yarısına qədər işləyir və öz komandasını da buna həvəsləndirirdi. O dövrü xatırlayanlar yaxşı bilirlər ki, Heydər Əliyev komandası günün az qala 24 saatını işə ayırır, yuxularına haram qataraq bugünkü Azərbaycanımızı qururdular.

Başlıca hədəflərdən biri isə mərhum prezidentimizin yuxarıdakı sitatda dilə gətirdiyi kimi sosial müavinətlər və əhalinin maddi rifah halının yaxşılaşdırılmasıydı. Bu siyasət həm də gələcəyə hesablanmışdı: kapitalizm sisteminə keçməkdə olan ölkəmizdə qaçınılması mümkün olmayan sosial təbəqələşmənin yarada biləcəyi böyük uçurumu mümkün olduğu qədər qapatmaq, güclülərin zəifləri əzməsinə, öz köləsinə çevirməsinə imkan verməmək.

O dövrün rəsmi sənədlərini incələyəndə Heydər Əliyevin yardıma möhtac vətəndaşların rifah halının yaxşılaşdırılması istiqamətində çox sayda fərman və sərəncamlar imzaladığının şahidi oluruq. Bu sənədlərin hər birinin adını yazmaq belə, xeyli yer tutacağından buna ehtiyac görmür, sadəcə Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri, iqtisad elmləri doktoru, professor Səlim Müslimovun 2016-cı ildə qələmə aldığı bir yazısındakı təsnifatıyla kifayətlənməyi məqsədəuyğun hesab edirik: “...Ümummilli liderin təşəbbüsü əsasında 1990-cı ilin 20 Yanvar faciəsinə hüquqi qiymət verilməsi, "20 Yanvar şəhidi" fəxri adının təsis edilməsi, bu faciədə şəhid olanların ailə üzvlərinin dövlət qayğısı ilə əhatə olunması, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında”, “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” xüsusi qanunların qəbulu, İkinci Dünya müharibəsində iştirak etmiş veteranların sosial müdafiəsinin gücləndirilməsi, 1994-cü ildə 9 May gününün Azərbaycanda yenidən Qələbə günü kimi rəsmiləşdirilməsi təmin edildi. Ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların ailələrinin maddi vəziyyətinin yaxşılaşdırılması, Azərbaycanın Milli Qəhrəmanlarının və onlardan həlak olanların ailələrinə yardım edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin müxtəlif fərman və sərəncamları imzalandı”.

Heydər Əliyevdən sonra idarəetmə estafetini təhvil alan cənab İlham Əliyevin də iqtisadi quruculuq işləriylə yanaşı sosial siyasətlərin həyata keçirilməsi proqramını da axşatmadığını müşahidə edirik. İlham Əliyevin xüsusilə gənclər siyasətinə üstünlük verməsi Azərbaycan hakimiyyətinin sosial siyasət strategiyasının daha çox şaxələnməsinə, yeni forma və məzmun qazanmasına yol açmışdır. Gənc lider atasından qalma sosial siyasətləri davam etdirməklə yanaşı, Azərbaycan gəncliyinin sağlam həyatının da qayğısına qalır, xüsusilə idmanın inkişafına böyük diqqət ayırırdı.

“Sağlam bədəndə sağlam ruh olar” aforizmini özünün siyasi devizinə çevirən yeni rəhbərimiz Azərbaycanın, demək olar, bütün rayonlarında idman kompleksləri açır, gənclərimizin bu sahəyə yönəlməsini təşviq edirdi. Təsadüfi deyil ki, 70 illik sovet hakimiyyəti dövründə idman sahəsində o qədər də ciddi nailiyyəti olmayan Azərbaycan məhz İlham Əliyevin bu siyasətləri nəticəsində adını dünyanın ən mötəbər yarışlarında səsləndirə, himnini oxutdura, üçrəngli bayrağını dalğalandıra bildi və bu parlaq uğurlar indi də davam edir.

İlham Əliyevin dahi rəhbərdən miras aldığı sosial siyasətlər əsasən iki istiqamətdə özünü büruzə verir. Əvvəla, bu yardımların miqdarı artırılır, ikincisi isə, xeyirxahlıqlar çoxşaxəlilik qazanır. Məsələn, son 15 illin rəsmi statistikalarına nəzər salanda pensiyaçıların təqaüdünün bir neçə dəfə artırıldığını görürük.

Hörmətli nazir Səlim Müslimovun bildirdiyinə görə, təkcə 1996-cı ildə, yəni İlham Əliyev hakimiyyətinin 3-cü ilində respublikada pensiya və müavinətlər ümumən 50 faiz artırılmış və sonrakı illərdə bu proses davamlı xarakter almışdır: “1997-ci ilin avqust ayında əlilliyi olan şəxslərin, tənha ahıl vətəndaşların, sosial pensiyaçıların pensiyalarına əlavə müavinətlərin hesablanması, pensiyaçıların yarıdan çoxunun pensiya məbləğinin 2,2 dəfə, 1998-ci ilin avqust ayında şəhid ailələrinin, müharibə əlillərinin, qaçqın və məcburi köçkünlərin pensiya məbləğlərinin 2 dəfədən çox artırılması, 2000-ci ilin əvvəlindən pensiya və müavinətlərin ümumi məbləğinin minimum həddinin 50 min manata çatdırılması, həmin ilin noyabrından sosial pensiyaçıların pensiyalarına əlavə olaraq 10 min manat aylıq müavinətin müəyyən edilməsi təmin olundu”.

Son zamanlar cənab prezidentin növbəti dəfə pensiyaların artırılması barədə sərəncam imzalaması hətta iqtisadi böhran keçirdiyimiz bu günlərdə belə, hakimiyyətin aztəminatlı ailələrin qayğısına qaldığını göstərir.

İlham Əliyevin 15 illik hakimiyyəti dövründə sosial xərclərin çoxşaxəlilik qazanması da heç kimə sirr deyil. Bu qayğı təkcə hansısa sosial qruplara müavinət ayırmaq və davamlı olaraq bu yardımların həcmini artırmaqla qalmır, onların evlə, maşınla təmin olunmasında da özünü göstərir. Cənab prezidentimizin qələmə, sözə verdiyi dəyər nəticəsində bir çox jurnalistlərin evlə təmin olunması da bu qəbildəndir. Ötən illər ərzində Bakının ən gözəl məkanlarında inşa edilən iki binada 411 jurnalist mənzillə təmin olunub. Prezidentin bildirdiyinə görə, 3-cü bina da tikilməkdədir. Yəqin ki, yaxın illərdə təhvil verilməsi gözlənilən bu binada 255 mənzil jurnalist ailələrinin ixtiyarına veriləcək.

Biz eyni qayğının qaçqınlar və məcburi köçkünlərə də göstərildiyini müşahidə edirik. Hakimiyyətə gəlişinin 10 ilində İlham Əliyev cənablarının göstərişi ilə qaçqınlar üçün 77 qəsəbədə və ya məhəllədə 40 min mənzil istifadəyə verilmişdir.

“120 məktəb, 6 musiqi məktəbi, 33 uşaq bağçası, 37 tibb müəssisəsi tikilmişdir. Bu təbəqədən olan insanların sosial müdafiəsi üçün ümumilikdə indiyədək 4,4 milyard manat vəsait sərf olunmuşdur... Bu illər ərzində məcburi köçkünlərə aylıq yemək xərci üçün verilən müavinətin məbləği 3,6 dəfə, kommunal xidmətlərə görə vəsaitin miqdarı 4,5 dəfə, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin illik büdcəsi isə 4,6 dəfə artmışdır. Ötən il bir nəfər məcburi köçkünə xərclənən vəsaitin həcmi təqribən 1100 manat təşkil etmişdir ki, bu da dünyanın digər münaqişə zonaları ilə müqayisədə ən yüksək göstəricidir. Son on ildə məcburi köçkünlər arasında yoxsulluq həddi 75 faizdən 15 faizədək azalmışdır” – Bu sözləri cənab prezident 2014-cü ilin 21 yanvarında Gəncədə qaçqınlarla keçirdiyi görüşə səsləndirmişdir.

İlham Əliyevin 3-cü prezidentlik dövrü Azərbaycanın da təsirləndiyi qlobal neft böhranı dövrünə təsadüf etsə belə, bu xeyirxah işlər dayandırılmamışdır. Ölkə başçısının 15 illik hakimiyyəti dövründə xüsusi diqqət ayrılan sosial qruplardan biri də Qarabağ müharibəsi əlilləridir. Onlar da evlə, spesifik özəlliklərə malik maşınlarla təmin olunurlar. Rəsmi statistikaya görə, indiyə qədər 6000 minə yaxın əlil və şəhid ailəsinə mənzil verilib.

Təkcə 2014-2015-ci illərdə 1933 nəfərə “Naz-LİFAN” markalı avtomobil verilməklə, 2014-cü ilədək növbəyə duranların hamısı, hətta 2014-cü il ərzində növbəyə dayananlardan bir qrupu avtomobillə təmin olunub: “2016-cı ilin 9 ayı ərzində Dövlət Sosial Müdafiə Fondunun tabeliyindəki sosial xidmət müəssisələrində ümumilikdə 1102 nəfər tam dövlət təminatında olmuşdur. Cari ilin 9 ayı ərzində 222 nəfər sağlamlıq imkanları məhdud gənc müxtəlif peşə kurslarına cəlb edilmişdir. Fondun yerli orqanları tərəfindən əmək qabiliyyətli qohumları və ya qanuni nümayəndələri ilə eyni yaşayış məntəqəsində yaşamayan və sosial xidmətə ehtiyacı olan tənha ahıllara, ahıl ər-arvadlara, əlillər və sağlamlıq imkanları məhdud uşaqlara, xəstəliyin terminal (son) mərhələsində olan şəxslərə evdə (səyyar) sosial xidmət göstərilir. 1237 nəfər sosial işçi tərəfindən 11855 nəfər şəxsə evdə sosial məişət xidməti göstərilir. Respublikada əlillərin həyata inteqrasiyası, tibbi-sosial ekspertiza xidmətinin keyfiyyətinin yüksəldilməsi və əlillərin reabilitasiyası istiqamətində kompleks məqsədyönlü və ardıcıl tədbirlər həyata keçirilməkdədir. Cari ilin 9 ayı ərzində 10 min 989 nəfərə protez-ortopedik xidmət göstərilmiş, əlilliyi olan şəxslərə 1093 ədəd əlil arabası və 525 ədəd eşitmə aparatı verilmişdir. Cari ilin yanvar-sentyabr aylarında əlilliyi olan şəxslərə 25266 reabilitasiya vasitəsi və protez-ortopedik məmulat verilib. Eyni dövrdə respublikada fəaliyyət göstərən əlillərin bərpa mərkəzlərində 6 min 381 nəfər əlil bərpa müalicəsi almışdır”.

Yuxarıda sadaladığımız bu faktlar İlham Əliyev cənablarının yoxsulların sosial rifah halının yaxşılaşdırılmasına ayırdığı diqqətin inkarolunmaz göstəriciləridir. Mərhum dahi rəhbərimiz Heydər Əliyevdən miras qalan bu xeyirxahlığın indiki varis tərəfindən xüsusi etina ilə davam etdirilməsi təsadüfi deyil. İlham Əliyev məhz bu xeyirxah kişinin çörəyi və tərbiyyəsi ilə böyüdüyündən elə belə də olmalıydı.

Onun hakimiyyətə gəldiyi ilk illərdə dilə gətirdiyi bir səmimi etirafı da bir müddət öncə qələmə aldığım Əliyev aristokratizmi haqqında düşüncələrimi təsdiqləyir: “Mənim xoşbəxtliyim bundadır ki, mən Heydər Əliyev adlı dahi şəxsiyyətin yanındayam və məndə öyrənmə imkanları daha çoxdur, nəinki başqa adamlarda”.

Bəli, İlham Əliyev bu xoşbəxtliyini və atadan öyrəndiyi təcrübəsini sosial siyasətlərdə də uğurla davam etdirmiş və etdirməkdədir. Məhz dahi rəhbərdən miras aldığı bu yüksək qabiliyyət onu digər rəqiblərindən fərqləndirir və ona növbəti dəfə bu məsuliyyətli adı daşımağa haqq qazandırır.

Mürvət Həsənli,
İş adamı
Geri qayıt