Əsas Səhifə > Bugünkü sayımız > “Aslan İsmayılovun soyad müəmması” – iş adamının sensasional iddiaları

“Aslan İsmayılovun soyad müəmması” – iş adamının sensasional iddiaları


17-04-2018, 19:58
“Aslan İsmayılovun soyad müəmması” – iş adamının sensasional iddiaları

"Vəkilim Aslan İsmayılovdur. Bütün təfərrüatları o bilir. Nizami Cəfərov məndən üzr istəsin, bununla da bitirək. Şərtim odur. İddiamda o var ki, öz adından məndən üzr istəsin. Heç bir maddi təzminat tələb etməmişəm", - bu sözlərin müəllifi məşhur Rüstəm İbrahimbəyovdur. 2008-ci ilin dekabrında Rüstəm İbrahimbəyov millət vəkili Nizami Cəfərovu məhkəmə vermiş, öz müdafiəsini Aslan İsmayılova həvalə etmişdi. Amma nədənsə Nizami Cəfərovu məhkəməyə verən Rüstəm İbrahimbəyovun nə özü, nə də vəkili prosesə qatılmamışdı. Birinci iclasa onlardan heç biri gəlməmiş, ikinci iclasa isə yalnız vəkilin köməkçisi göndərilmişdi.

Bunun qarşılığında Nizami Cəfərov prosesdə birbaşa özü iştirak etmiş və heç bir vəkilə ehtiyac duymadan açıqlamasının üzərində dayanmışdı. Son nəticədə “məşhur vəkil”in hazırladığı iddia ərizəsi məhkəmə tərəfindən rədd edilmişdi. O zamanlar da Nizami Cəfərovun məhkəməyə verilməsinin bir haqq-ədalət arayışı, şərəf və ləyaqət davası olmadığını, siyasi məqsədlərə xidmət edən gediş səciyyəsi daşıdığını başa düşməyən kimsə yox idi. Çünki Azərbaycanın ən dəyərli elm adamlarından olan Nizami Cəfərov o zaman millət vəkili idi və bir deputatın səsləndirdiyi mülahizələrə görə məhkəməyə verilməsi hər baxımdan absurd idi.

Bu absurd addımın arxasında Rüstəm İbrahimbəyovu siyasi mübarizə çevirmək, onun vasitəsi ilə hakimiyyətə rəqib formalaşdırmaq niyyəti dayanırdı. Bir neçə seçkidə iştirak etməsinə baxmayaraq “mənim siyasi iddiam yoxdur” deyə cəmiyyətin gözünə həyasızcasına kül üfürməyə çalışan Aslan İsmayılov bu prosesə əvvəlcə vəkil statusunda, Milli Şuranın qurulması ərəfəsində isə koordinator olaraq dəstək verirdi. Bütün bunları xatırlamaqda məqsədim bir zamanlar Rüstəm İbrahimbəyov üzərindən qurulan və iflasa uğrayan, hazırda isə Aslan İsmayılov kimi maşalar vasitəsi ilə yenidən işə salınması üçün məqam gözlənilən layihələri şərh etmək deyil. Yadınıza başqa bir faktı salmaq istəyirəm.

Həmin dövrdə Aslan İsmayılov- vəkil olaraq əsas işi məhkəmə prosesinə qatılaraq müdafiə etdiyi şəxsin iddialarını hakim qarşısında doğrulamaq olan “hüquqşünas” öz peşə borcunu yerinə yetirmək əvəzinə Nizami Cəfərova mətbuatda hücum çəkir, onun ünvanına müxtəlif siyasi ittihamlar səsləndirirdi. Deputat isə nəhayət müsahibələrinin birində ona cavab verməli olmuşdu və Rüstəm İbrahimbəyovun vəkilinin atası ilə eyni soyadı daşımadığını açıqlamışdı. Qısacası, oxuculara Aslanın “İsmayılov” olduğu halda, onun atası Ziyəddinin “Çıraqov” soyadını daşıması məlum olmuşdu. İndi isə aşkara çıxıb ki Rüstəm İbrahimbəyovun siyasi maşasının əsl adı Allahverdidir. Amma ona qoyulmuş “Allahverdi” adını bəyənməyərək sonralar özünə “Aslan” adı qoymuş uşaqla atası nədən eyni soyadı daşımasın ki?

Nizami Cəfərov tərəfindən bu məsələyə eyham vurulanda Rüstəm İbrahimbəyovun məddahı belə bir açıqlama vermişdi ki, onun atasının adı Ziyəddin, babasının adı Mehralıdır. Həmin açıqlamasında adı sonradan dəyişdirilmiş Allahverdi İsmayılov yeddi babasının adını sadalayır, amma şəcərədə “Çıraq” adında biri gözə dəymir. Sən demə, onların tayfasına “Çıraqlı” deyirmişlər və o tayfanın “Mehralı” adlı üzvü də oğlu Ziyəddinə məhz buna görə “Çıraqov” soyadını rəva bildiyi halda, nəvəsi Allahverdi üçün başqa bir ulu babanın isminin yaşaması naminə “İsmayılov” soyadını məqbul hesab edibmiş. Allahverdinin necə “Aslan” olması barədə verdiyi açıqlamadan o da məlum olur ki, iki yaşlı uşağın “igidliklərini görərək” adını dəyişdirən də elə həmin Çıraqlı əşirətinin Mehralı adlı nümayəndəsiymiş. Sizdə “əcaba, bu ad, soyad dəyişdirmək şakəri nədən güclüymüş bu rəhmətlikdə?”, - deyə bir sual yarana bilər, ancaq tələsməyin! Altını batıran iki yaşlı uşaq haqqında “igidlik” mücəssiməsi kimi danışmaq da açıq-aşkar psixi xəstəlik əlamətidir, amma bunu da keçək. Çünki əlimdə dəqiq faktlar var.

1996-cı ildə Aslan İsmayılov tərəfindən yazılmış və imzalanmış bir tərcümeyi-hal var. Həmin ərizədə Aslan İsmaylov atasının adını, soyadını və ata adını “Çıraqov Ziyəddin Mehralı oğlu” kimi göstərir. 2003-cü ildə yazdığı başqa bir tərcümeyi-halda isə atasını “İsmayılov Ziyəddin Mehralı” oğlu kimi qələmə verir. Bildiyimiz qədər, Aslan İsmayılovun atası həmin illərdə həyatda yox idi, soyad dəyişmək isə fərdi hüquqdur. Yəni vəfat etmiş bir şəxsin adının, atasının və soyadının dəyişdirilməsi mümkün deyil. Elə buna görə də Aslan İsmayılov aydınlıq gətirməlidir: onun atasının əsl soyadı nədir və nədən şəxsən imzalayaraq dövlət qurumlarına təqdim etdiyi iki tərcümeyi-halda atasının soyadı eyni deyil?

Aslan İsmayılovdan onu da soruşmaq istəyirəm ki, 27 avqust 2008-ci ildə “Yeni Müsavat” qəzetinə verdiyin açıqlamada yeddi babasının adını sayıb, ancaq onların arasında “Mustafa” adlı kimsə yoxdur. Nədən qardaşların “Mustafayev” soyadını daşıyır? Nədən yazdığın tərcümeyi- hallarda ananın atasının adını bir dəfə “Məhəmmədəli”, bir dəfə də “Məmməd” yazmısan? Bu sənin savadsızlığından irəli gəlir, yoxsa başqa bir səbəb var?

Mənim fikrimi bilmək istəyirsinizsə, Allahverdi İsmayılovun öz adını dəyişməsi, atasından fərqli soyad daşıması, atasının soyadını öz tərcümeyi-halında bir dəfə elə, bir dəfə belə göstərməsi, qardaşları ilə fərqli familiyaya malik olması, nəhayət ana babasının adını belə hərdən fərqli yazması bu məxluqun qaranlıq keçmişindən və üstünü ötmək, əsla gün işığına çıxmasını istəmədiyi işlərdən xəbər verir...(Musavat.com)


Rubrika.az
Geri qayıt