Əsas Səhifə > banner, Manşet > Prezident təhsil naziri təyin etdi... - Üç ay öncə Rubrika.Az saytının PROQNOZUNUN NƏTİCƏLƏRİ, XALQIN İSTƏYİ, PREZİDENTİN QƏRARI

Prezident təhsil naziri təyin etdi... - Üç ay öncə Rubrika.Az saytının PROQNOZUNUN NƏTİCƏLƏRİ, XALQIN İSTƏYİ, PREZİDENTİN QƏRARI


23-04-2018, 20:52
Prezident təhsil naziri təyin etdi... - Üç ay öncə Rubrika.Az saytının PROQNOZUNUN NƏTİCƏLƏRİ, XALQIN İSTƏYİ, PREZİDENTİN QƏRARI

Son günlər aparılan kadr dəyişiklikləri ölkə gündəminin əsas müzakirə predmetidir. Haqqında çoxdan bəhs edilən kadr islahatları president tərəfindən həyata keçirilməyə başlandı. Uzun müddət müxtəlif adların ətrafında ictimai müzakirələrin aparıldığı postlara təyinatlar olundu. Açığını söyləsək cənab prezident bu dəfə də “siyasi nostradamusların” proqnozlarını alt-üst etməyi bacardı və gözlənilməz, eyni zamanda ən doğru tətinatlar etdi. Yeni təyinatlar arasında çoxdandır ki, boş qalan və ən müxtəlif şəxslərin adları ətrafında dəfələrlə ictimai rəyin test edildiyi Təhsil naziri postu da var. Cənab prezidentin fərmanıyla Ceyhun Bayramov Təhsil naziri vəzifəsinə təyin olunub.

Xatırladaq ki, hələ 3 ay öncə-21 yanvar tarixində saytımızda “Rubrika.az saytı “Kimi Təhsil naziri görmək istərsiniz?” sualı ilə paytaxtda sorğu keçirdi “(http://rublika.az/index.php?newsid=30486) başlığı ilə yazı dərc edilmişdi. Həmin sorğuda paytaxtın müxtəlif təhsil ocaqlarında respondentlər arasında kimin təhsil naziri postuna layiq olması ilə bağlı sorğu keçirilmişdi. Həmin yazıda qeyd etmişdik ki :
“Son illər təhsil sistemində aparılan inqilabi islahatların həyata keçirilməsində yuxarıda qeyd etdiyimiz keyfiyyətləri özündə birləşdirən yeni düşüncəli, islahatçı kadrların böyük rolu olub. Təhsil nazirinin müavini Ceyhun Bayramovun bu sahədə fəaliyyəti Azərbaycan təhsil tarixində silinməz izlər kimi qalacaqdır.İstər nazirliyin aparat rəhbəri, istərsə də nazir müavini olduğu dövrdə bütün qüvvəsiylə qarşıya qoyulan məqsədlərin reallaşdırılması istiqamətində çalışan Ceyhun müəllim öz fəaliyyəti ilə bir nümunə oldu. Təhsilin millətin, dövlətin inkişafındakı müstəsna rolunu yüksək qiymətləndirən C. Bayramovun iş prinsipində məsuliyyət, şəffaflıq, tələbkarlıq əsas cizgilərdir. Bu isə böyük uğura aparan yolda əsas şərtlərdir.”
Rəyi soruşulan təhsil işçiləri, eləcə də ictimayət nümayəndələri C. Bayramovu təhsil sahəsində aparılan islahatların mərkəzində dayanan şəxs kimi yüksək dəyərləndirmiş, onun islahatçılıq qabiliyyətini yüksək qiymətləndirmişdilər.
“Gənclərə böyük etimad göstərilməsi, müəllimlərin statusunun və nüfuzunun cəmiyyətdə qaldırılması üzrə işlərin görülməsi, yeni tikilən məktəblərə, yeni ab-hava, yeni düşüncə gətirilməsi, təhsilin səviyyəsinin artırılması C. Bayramov üçün hər zaman prioritet fəaliyyət istiqamətləri olub. Müəllimlərin işə qəbulu ilə bağlı yaradılmış şəffaf mühit bütövlükdə təhsilə olan münasibəti dəyişib. Universitetlərimizin beynəlxalq əlaqələrinin genişləndirilməsi, “Sabah” qrupları, ali təhsil müəssisələrinin beynəlxalq reytinq cədvəllərində irəliləməsi, təhsilin keyfiyyətinin nəzərəçarpacaq dərəcədə dəyişməsi qışa müddətdə əldə olunmuş böyük uğurlardır. Bu uğurların davamlı olması üçün başlanan prosesləri sona çatdırmağa qadir olan, islahat paketini dərindən bilən kadr kimi C. Bayramov respondentlər tərəfindən yüksək qiymətləndirilib.”
Yazının sonunda isə bildirmişdik ki, “Təbii ki, bu məsələdə həmişəki kimi son və ən doğru qərarı cənab prezident verəcək. Bu isə ən düzgün qərar olacaq!”
Sevindirici haldır ki, bu dəfə də Rubrika.az saytının proqnozu özünü doğrultdu. Bu həm də geniş ictimaiyyətin sifarişi, zamanın tələbi idi. Cənab Prezident isə bu dəfə də ən düzgün qərarı qəbul etdi. Çünki, C. Bayramov həm də hər bir məmura örnək olan bir əxlaq kodeksi, idarəetmə üslubu formalaşdırıb. Onun diqqətcilliyi, verilən tapşırıqları sona qədər yerinə yetirmə bacarığı, sadəliyi hər kəsə yaxşı məlumdur. Ceyhun müəllim üçün iş qrafiki yoxdur. Qəbula gələn hər bir vətəndaşın problemini özünün problemi olaraq qəbul edən, həllinə çalışan C. Bayramov Təhsil Nazirliyində sanki bir “açıq qapı” iş prinsipi formalaşdırıb. Onun fəaliyyəti müəllim nüfuzunu hər gün bir qədər də artırır.
Rubrika.az saytının kollektivi Ceyhun Bayramovu Azərbaycan Respublikasının Təhsil Naziri təyin olunması münasibətilə ürəkdən təbrik edir, gələcək fəaliyyətində uğurlar arzulayır. İnanırıq ki, Ceyhun müəllim bu dəfə də ona göstərilən böyük etimadı uğurla doğruldacaq, təhsil sahəsində cəmiyyətin gözlədiyi əsaslı dəyişiklikləri tamamlayacaqdır. Bu çətin və şərəfli yolda hər zaman yanınızdayıq, cənab nazir!

Nicat Mahmudov
Rubrika.Az saytının Baş redaktoru

Geri qayıt