Əsas Səhifə > Aktual > Respublika Narkoloji Mərkəzi nə vaxt istifadəyə veriləcək? – RƏSMİ AÇIQLAMA

Respublika Narkoloji Mərkəzi nə vaxt istifadəyə veriləcək? – RƏSMİ AÇIQLAMA


18-05-2018, 21:46
Respublika Narkoloji Mərkəzi nə vaxt istifadəyə veriləcək? – RƏSMİ AÇIQLAMA


“Respublika Narkoloji Mərkəzinin yeni binası mayın sonu, iyunun əvvəllərində istifadəyə veriləcək”

Bu barədə musavat.com-a Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova məlumat verib.

S.Əhmədovanın sözlərinə görə, Sabunçu rayonu ərazisində yerləşən Narkoloji Mərkəzin yeni binasının tikintisi başa çatmaq üzrədir: “Bəzi xırda texniki məsələlər qalıb ki, onlar da yaxın günlərdə tamamlanacaq”.

“Narkoloji Mərkəzin yeni binası dərman və müasir avadanlıqlarla tam təchiz olunub. Binanın son işləri yekunlaşan kimi tibbi heyətlə birgə xəstələr də yeni Mərkəzə köçürüləcək. Yeni bina 4 korpus, 300 çarpayıdan ibarətdir”, - deyə nazirlik rəsmisi əlavə edib.

Qeyd edək ki, bu ilin mart ayında Bakının Xətai rayonu ərazisində yerləşən Respublika Narkoloji Mərkəzinin korpuslarından birində yanğın baş vermişdi. Yanğın zamanı həmin korpusda müalicə alan 55 xəstədən 25 nəfəri dünyasını dəyişmişdi, qalan 30 nəfər isə xilas edilmişdi.

Hadisədən bir qədər sonra, aprelin 17-də işdən çıxarılan Narkoloji Mərkəzin direktoru Telman Məmmədhəsənov, şöbə müdiri Azad Ələkbərov və daha bir vəzifəli şəxs barəsində Cinayət Məcəlləsinin 225. 2-ci (Yanğın təhlükəsizliyi qaydalarını pozma zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə cinayət işi başlanıb. Mayın 4-də Nəsimi Rayon Məhkəməsində hakim Şəlalə Həsənovanın sədrliyi ilə keçirilən prosesdə onların barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Mərkəzdə direktor vəzifəsinin icrası direktorun təşkilatı-metodik işlər üzrə müavini Aytən Rəşid qızı Səmədovaya həvalə edilib.(musavat)


Rubrika.az
Geri qayıt