Əsas Səhifə > Hadisə > Qazaxlar alma yeyiblər, amma cənnətdən qovulmayıblar – Almatıdan I reportaj (FOTOLAR)

Qazaxlar alma yeyiblər, amma cənnətdən qovulmayıblar – Almatıdan I reportaj (FOTOLAR)


21-05-2018, 08:13
Qazaxlar alma yeyiblər, amma cənnətdən qovulmayıblar – Almatıdan I reportaj (FOTOLAR)

Aladağın ətəyindəki yaşıl şəhərin may günləri
İstənilən şəhərə gecə vaxtı quş baxışı mövqeyindən, yəni enməkdə olan təyyarənin illüminatorundan baxanda gözəl görünür. Yaxşı işıqlandırılmış əzəmətli binalar, sırayla düzülmüş gecə fənərlərinin aydınlatdığı küçə və prospektlər, qaranlığın fonunda daha gözəl görünən işıqlı çoxmərtəbəli binalar, bir-birinin ardınca yollara düzülmüş avtomobillərin gur yanan faralarının əmələ gətirdiyi, vulkan lavasını andıran işıq seli… əsrarəngiz təsir bağışlayır.

Ötən il illüminatordan baxanda Almatı da beləydi. Gözəl görünürdü. Ancaq biz keçən il Almatıya gecə çatdıq, gecə də bu şəhrədən ayrıldıq. Ona görə də şəhəri gündüz görmədik və onun gözəlliyini sadəcə işıq effektinin əsəri hesab etmək olardı. Bu il isə Almatının gözəlliyini gündüz gördük. Gün əyilən vaxt.

Eşitmişdim, oxumuşdum, amma Almatının bu qədər yaşıl bir şəhər olduğunu təsəvvür etmirdim. İndiyəcən gördüyüm şəhərlərin ən yaşıllıqlı olanı Vaşinqton idi, xüsusilə də onun ətrafının meşəlikləri, meşədən seçilməyən parkları.

Əksəriyyət insanlar kimi mən də bir yaşayış məntəqəsinə qiymət verərkən ilk növbədə onun təbiətlə nə qədər iç-içə olduğuna diqqət edirəm – dəmir, şüşə, beton konstruksiyardan ibarət göydələnlər yuvası təbii gözəlliyə və rahatlığa malik deyil. Almatının yaşıl gözəlliyi isə hava limanından 50 metr aralanan kimi məlum oldu. Bəlkə də Binə biyabanında yerləşən aeroportumuza görə, bu, diqqəti belə cəlb edirdi, ancaq hava limanından çıxan kimi şəhərə doğru hündür və sıx ağacların arası ilə uzanan yolla gəldik.

Adama elə gəlir ki, böyük bir meşə olub və Almatı şəhərini bu meşənin içində salıblar. Amma səliqə-səhmandan hiss olunur ki, bu, əl əməyidir. Bu ağacları oraya əkənlər, illərlə qayğısını çəkib becərənlər, meşə salanlar olub və var. Bir də torpaq amilini qeyd etmək gərəkdir. Almatını torpağı bu qədər münbit və suyu başının üstündə olmasaydı (şəhərin içindən baxanda bir az uzaqda başı qarlı Alatau- Aladağ dağı görünür – bu, ilboyu su deməkdir), bu kontinental iqlimə malik məkanda hər cür iri çətirli ağacları, yaşıllıqları becəmək çətin olardı.
Qazaxlar alma yeyiblər, amma cənnətdən qovulmayıblar – Almatıdan I reportaj (FOTOLAR)
Bəlkə də may ayının havasından, ağacların yeni-yeni yarpaqladığı üzündən idi ki, Almatının yaşıllığı adamın gözünə tamam başqa cür görünürdü – təravətli, təzə-tər, xoş rayihəli. Bir də səhərin alotarından durub ağacları, parkları sulayanlar var.

Almatı bir sovet şəhəridir. Bu şəhər əsasən SSRİ dönəmində əsaslı şəkildə tikilib, genişlənib. SSRİ-nin ən böyük və ən varlı üç respublikasından biri olan Qazaxıstanın paytaxtı olan Alma-Ata (o vaxtkı adı belə olub) yəqin ki, elə bu cür də olmalıydı.
Şəhərin köhnə adına gəlincə, Almatının ən qədim adı Almatu olub, sonra rus işğalçıları onun adını dəyişib Zayliski qoyublar. Bu da dillərinə yatmayıb, şəhərə Vernıy adı veriblər, daha sonra Alma-Ata adlandırıblar. Qazaxıstan müstəqillik qazanandan sonra şəhərin qədim adı bir hərf fərqiylə bərpa edilib, Almatı olub. Almatı adının bir mənası da “almalıq yer” deməkdir.
Qazaxlar alma yeyiblər, amma cənnətdən qovulmayıblar – Almatıdan I reportaj (FOTOLAR)
Burada vaxtilə böyük alma bağları olub (indi də var). Obrazlı desək, qədim qazaxlar alma yeyiblər, amma cənnətdən qovulmayıblar, öz cənnətməkan şəhərlərində yaşayırlar.

Gündüz bu şəhərdə kölgəliklər o qədər çox olur ki, insan işinə, evinə daima kölgəli səkilərlə gedib-gələ bilər. İsti havalarda bir hovur oturub dincəlmək, sərinləmək üçün də çoxlu parklar var.

P.S. Sonrakı yazılarımızda Almatının başqa məziyyətlərindən də yazacağıq.

P.P.S. Avrasiya media forumunda jurnalistlərin iştirakı JTİ şirkətinin dəstəyi ilə həyata keçirilir.

P.S. Sonrakı yazılarımızda Almatının başqa məziyyətlərindən də yazacağıq.

P.P.S. Avrasiya media forumunda jurnalistlərin iştirakı JTİ şirkətinin dəstəyi ilə həyata keçirilir.

Rubrika.az

Geri qayıt