Əsas Səhifə > Səhiyyə > “Yeni qanunda orqan alverinə qarşı sərt maddələr var”

“Yeni qanunda orqan alverinə qarşı sərt maddələr var”


6-06-2018, 10:54
“Yeni qanunda orqan alverinə qarşı sərt maddələr var”

Musa Quliyev: “Şəxsin orqanlarının bağışlanması haqda vəsiyyətnaməsi varsa, ölənin qohumlarının razılığını gözləməyə ehtiyac olmayacaq”; Mircəlal Kazımi: “Bütün orqanların transplantasiyasına ehtiyac var”

Azərbaycanda transplantasiyanın tarixi 1970-ci illərə gedib çıxır. 1971-ci ildə akademik Mirməmməd Cavadzadə tərəfindən nəinki Azərbaycanda, Cənubi Qafqazda və Yaxın Şərqdə ilk dəfə böyrək transplantasiya olunub. Bəzi səbəblərə görə milli səhiyyədə böyrək və qaraciyər transplantasiyasında 2000-ci illərə qədər müəyyən fasilə yaranıb.

2000-ci illərin əvvəlində professor Kamal Abdullayevin iştirakı ilə xarici həkimlər, xüsusən iranlı həkimlər tərəfindən bir sıra böyrək köçürülməsi əməliyyatı aparılıb. Yerli həkimlər analoji əməliyyatlara yalnız 2008-ci ildə başlayıblar. Dünyada ən ağır cərrahiyyə əməliyyatlarından biri sayılan qaraciyər transplantasiyası əməliyyatı Qafqazda ilk dəfə 2008-ci il dekabrın 12-də Mərkəzi Neftçilər Xəstəxanasının “Cərrahiyyə və orqan transplantasiyası” bölməsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Mircəlal Kazıminin rəhbərliyi altında aparılıb.

1999-cu il oktyabrın 28-də “İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında” Azərbaycan Respublikası Qanunu qəbul edilib, 2000-ci ildə Nazirlər Kabinetinin qərarı əsasında transplantasiyasına icazə verilmiş orqan və ya toxumaların siyahısı tərtib edilib.

Hazırkı qanunla ancaq və ancaq canlı, qohum donorlarından istifadə edilə bilər. Lakin indi Azərbaycanda ölü donorun və orqanlarının xaricdən gətirilməsi və göndərilməsi prosesi həyata keçirilə biləcək. Bununla bağlı “İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında” qanuna dəyişiklik edilir. Dəyişikliyə görə, ürək, ağciyər (ürək-ağciyər kompleksi), böyrəklər, qaraciyər, mədəaltı vəzi, mədə-bağırsaqlar, uşaqlıq, yuxarı və aşağı ətraflar, sümüklər, dəri-fassiya-əzələ kompleksi və onların seqmentləri, sümük iliyi, gözün buynuz qişası, kök hüceyrələr və siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən digər orqan və (və ya) toxumalar transplantasiyanın obyekti ola bilərlər.

Tibb üzrə fəlsəfə doktoru, Mərkəzi Neftçilər xəstəxanasının cərrahiyyə və orqan transplantasiyası şöbəsinin müdiri Mircəlal Kazımi bildirir ki, hazırda Azərbaycanda ağciyər, qaraciyər, böyrək, mədəaltı vəzi, ürək və sair orqanların transplantasiyasına ehtiyac var: “Biz hazırda, sadəcə, canlı donordan orqan transplantasiyası etdiyimizə görə, bu ehtiyac daha da çoxdur. Xəstəliklərin sayı çoxalır, gəncləşir və buna görə də bütün orqanların transplantasiyasına ehtiyac var”.

Şöbə müdiri hazırda ölkədə kəskin orqan (donor) çatışmazlığı hiss edildiyini də vurğulayır: “Donorun fiziki sağlamlığı böyük əhəmiyyət daşıyır. Elə hallar olur ki, hətta ən yaxın qohumların böyrək və qaraciyəri pasiyentlərə uyğun gəlmir. Odur ki, orqan axtarışı Azərbaycan transplantologiyasının əsas problemlərindən biridir. Eyni zamanda ölü donordan orqanların transplantasiyası mədəaltı vəzi və onun seqmentlərinin, onikibarmaq bağırsaq ilə birlikdə mədəaltı vəzin, gözdə buynuz təbəqəsinin köçürülməsinə imkan verəcək. Bir çox məsələlərin qanunvericiliklə tənzimlənməsinə baxmayaraq, transplantologiya xeyli sayda sosial, psixoloji və hüquqi nüansları nəzərdə tutur. Müzakirə olunan qanun layihəsi ölkəmizdə də yaxın gələcəkdə meyit orqanlarından orqan köçürülməyə başlanılması məqsədi güdür”.

Dəyişiklik layihəsi Milli Məclisin Səhiyyə komitəsinin iyunun 5-də keçiriləcək iclasında müzakirə ediləcək. Komitəsinin sədr müavini Musa Quliyev bildirir ki, dünyada 80-85 faiz orqan köçürülməsi meyitdən donor kimi istifadə edilməklə həyata keçirilir: “Yəni baş-beyin ölümü baş vermiş şəxsin orqanının götürülməsi sağlam adamdan orqan götürülmək sağlam adamın özünə də riskə atmaqdır. Həm də sağlam adamdan çox orqan götürmək olmur. Tutaq ki, cüt orqandırsa, biri götürülə bilər, yaxud qaraciyərinin yarısı. Ona görə də bizə lazımdır ki, bu sahədə hüquqi baza yaradaq ki, insan dünyasını dəyişəndən sonra vəsiyyətinə uyğun, yaxud yaxın qohumlarının razılığı əsasında onun orqanlarından istifadə olunsun. Birinci növbədə ”İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında" Qanunda dəyişiklik edilməsinin əsas fəlsəfəsi, mahiyyəti bundan ibarətdir. Və buna hüquqi əsaslar yaradacaq müddəalar əlavə etmişik. 8 yeni maddə, bütövlükdə 40-a yaxın dəyişiklik etmişik. Birinci mahiyyəti budur. İkinci mahiyyət bundan ibarətdir ki, bu orqan köçürülməsində bütün dünya praktikasında çox zaman cinayət əməllərinə yol verilir. Ehtiyac olmadığı halda pul müqabilində qeyri-qanuni olaraq orqan götürülür, beyin ölümü diaqnozu qoyulur. Bu kimi halların qarşısını almaqdan ötrü bəzi sərtləşdirici maddələr qoyulub ki, orqan alveri olmasın. Bu orqanların köçürülməsi istənilən klinikada aparıla bilməz. Bundan ötrü klinikaların müasir avadanlığı, şəraiti və mütəxəssisləri olmalıdır. Mütəxəssis üçün də müəyyən tələblər var".

Millət vəkili onu da qeyd edir ki, qanunda edilən dəyişikliklə bir donor olmuş şəxsin özünə ehtiyac olarsa, gələcəkdə növbədənkənar orqan köçürülə bilər: “Keçmişdə donor olmuş şəxsin gələcəkdə qalan böyrəyi sıradan çıxarsa, özünün donora ehtiyacı olacağı halda ona güzəştli şərtlərlə və növbəsiz qaydada orqan köçürülməsinə icazə veriləcək. Eyni zamanda qəzalar, təbii fəlakət zamanı şəxs ölübsə, orqanlarının bağışlanması haqda şəxsin vəsiyyətnaməsi varsa, ölənin qohumlarının razılığını gözləməyə ehtiyac olmayacaq. Sağlığında yazdığı vəsiyyətnamə əsasında orqanlarından donor kimi istifadə edilə biləcək. Əsas mahiyyəti ondan ibarətdir ki, Azərbaycanda meyitdən orqan götürülməsi, transplantasiyanın həyata keçirilməsi işinə hüquqi baza yaradılsın. Bu da insanların həm ömrünü uzadacaq, həm də həyat və sağlamlığının yaxşılaşmasına kömək edəcək. Bu qanun qüvvəyə minəndən sonra bizdə orqan və toxuma köçürülməsi, orqan transplantasiyası sahəsindən yeni bir mərhələ başlayacaq”.

Millət vəkili sosial müdafiə məsələlərinə də toxunub: “Həm icbari tibbi sığorta, həm də dövlət tərəfindən orqan köçürülməsindən sonrakı dövrdə insanların dərman təminatına köməklik göstərilməlidir. Təzə köçürülmüş orqanın orqanizmə uyuşması üçün dərmanlar lazımdır. İmmunodeprssantlar deyilən dərmanlar isə bahalıdır. Dövlətin və İcbari sığortanın dəstəyi nəzərdə tutulacaq”.

Rubrika.Az
Geri qayıt