Əsas Səhifə > Hadisə > Deputat oğlunun da adı keçən məhkəmənin baxış iclası təyin edilib
Deputat oğlunun da adı keçən məhkəmənin baxış iclası təyin edilib7-06-2018, 17:20 |
![]() Külli miqdarda dələduzluqda təqsirləndirilən şəxs hakim qarşısına çıxarılıb. Zərərçəkmişlərdən biri deputat oğludur. Rubrika.Az musavat.com-a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Elnur İbrahimovun cinayət işi üzrə məhkəmə iclası hakim Rahib Salmanovun sədrliyi ilə davam etdirilib. Məhkəmə hazırlıq iclasında zərərçəkmiş Fərman Məmmədovun müdafiəsinə yeni vəkil Ağababa Rzayevin qoşulduğu elan olunub. Məhkəmənin baxış iclası iyunun 14-nə təyin edilib. Elnur İbrahimov ittihamla özünü təqsirli bilmir. Deyir ki, 2007-2009-cu illərədək “İntelekt” MMC-də kuriyer və satış meneceri, daha sonra isə “OfisOne” şirkətində satış meneceri işləyib. O, ifadəsində göstərib ki, müxtəlif şirkətlərdən nisyə mal alaraq satmağa başlayıb. Müxtəlif şəxslərdən əvvəlcə xırda məbləğlər alaraq iş görən E.İbrahimov onlara qısa zamanda qazancları da qaytarıb. Bu işlər bir müddət davam etdikdən sonra Elnur İbrahimov daha çox qazanc əldə etmək üçün işlədiyi şəxslərdən böyük məbləğlərdə borclar almağa başlayıb. İttihama görə, təqsirləndirilən E.İbrahimov zərərçəkmişlərdən - Elvin Vəliyev, Fərman Məmmədov və digərlərindən biznes qurmaq adı ilə ümumilikdə onların 1 milyona yaxın pulunu alıb. Bu işdə deputat Elmira Axundovanın oğlu Həbib Axundov da zərərçəkmiş kimi tanınır. Məlumata görə, E.İbrahimov deputatın oğlu ilə dost olub. Cinayət işi başlanılan zaman E.İbrahimov ölkədən qaçıb, daha sonra Rusiyada həbs edilib. Onu da qeyd edək ki, zərərçəkmişlərin bir neçəsi pulu E.İbrahimova deyil, H.Axundova veriblər. Rubrika.Az Geri qayıt |